Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınması necə həyata keçirilir? -Təhlil

Ölkədə daşınmaz əmlakı dövlət qeydiyyatı ilə bağlı ciddi addımlar atılaqdadır. Hazırda Azərbaycanda  digər sahələrlə yanaşı, daşınmaz əmlakın qeydiyyatı sahəsində də göstərilən xidmətlər vətəndaş məmnunluğuna istiqamətlənib. Belə xidmətlərdən biri də tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınmasıdır. Bəs bu hüquq hansı qaydada həyata keçirilir? Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, istifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. İmtina halları və ya xidmətin göstərilməsinin dayandırılması halları aşkar edildikdə istifadəçiyə 2 (iki) iş günü müddətində bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə xidmətin müvafiq ərazi idarəsi istifadəçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir. Çatışmazlıqlar 1 (bir) iş günündən gec olmayaraq aradan qaldırıldıqdan və bu barədə xidmətin müvafiq ərazi idarəsinə məlumat verildikdən sonra sənədlərə yenidən baxılır və müvafiq qərar qəbul edilir. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra çıxarış hazırlanır, notarial qaydada təsdiqlənməsi və ya əslinin təqdim edilməsi tələb edilən sənədlər olduqda həmin sənədlər bilavasitə təqdim edildikdən sonra hazırlanmış çıxarış elektron qaydada istifadəçiyə təqdim edilir.Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edən şəxslərdən dövlət rüsumunun və xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyət vəsiqəsi, müşayiət məktubu, o cümlədən tikintiyə vərəsəlik hüququ haqqında müqavilə, hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, ərizə tələb olunur. Qeyd edilməlidir ki, xidmət 10 (on) iş günü ərzində yerinə yetirilir. Dövlət rüsumu və xidmət haqqının hər biri 20 manat təşkil edir. Xidmətdən istifadə etmək istəyən şəxslər daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə, həmçinin Əmlak Xidmətləri Məkanına həftə içi 5 gün (bazar ertəsi-cümə) saat 09:00-dan 19:00-a kimi, şənbə və bazar günləri isə, saat 10:00-dan 17:00-a kimi müraciət edə bilərlər.

Bundan başqa, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırılma işlər də aparılır. Daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir.Texniki inventarlaşdırma işləri hüquqi və fiziki şəxslərin, bələdiyyələrin, dövlət müəssisə və təşkilatlarının müraciəti əsasında Əmlak Xidmətləri Məkanında və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində aparılır. Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən inventarlaşdırma xidməti elektron formada da göstərilir. Bu xidmətdən onlayn istifadə etmək istəyən şəxslər Komitənin Elektron Xidmətlər Portalına (e-emdk.gov.az) daxil olaraq 3-cü bölmədəki xidməti seçə bilər. Qeyd edək ki, daşınmaz əmlakın inventarlaşdırılması xidmətindən istifadə etmək istəyən şəxslər ərizə ilə xidmət ünvanlarına yaxınlaşa bilər. Ərizə ilə yanaşı, daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın texniki göstəricilərinə dair texniki sənədlər, dövlət rüsumu və xidmət haqqının ödənilməsi barədə sənəd, hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə də xidmət istifadəsi üçün tələb olunur. Məlumat üçün qeyd edək ki, inventarlaşdırılma işləri 15 iş günü ərzində aparılır, dövlət rüsumu 50 manatdır. İstifadəçilər texniki pasport və ya torpaq sahəsinin planı və ölçüsünün alınması ilə bağlı dövlət rüsumu və xidmət haqqını onlayn rejimdə öyrənə bilər. Bunun üçün Əmlakın qeydiyyatı kalkulyatoruna (e-emdk.gov.az, 13-cü bölmə) daxil olaraq daşınmaz əmlaka dair məlumatları qeyd etmək kifayətdir. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra ərazi idarəsinin mühəndis-inventarlaşdırıcısı tərəfindən arxivdə yoxlama, çöl-ölçmə işi, mərzçəkmə, kameral nəzarət həyata keçirilir. Nəticədə isə daşınmaz əmlaka dair hazırlanmış texniki sənədlər (texniki pasport və ya torpaq sahəsinin planı və ölçüsü) poçt vasitəsilə və ya birbaşa istifadəçiyə təqdim edilir.

Eyni zamanda, respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin özəlləşdirilərək yenidən qurulması, investisiyaların cəlbi, o cümlədən özəlləşdirilmiş müəssisələrdə müasir istehsal sisteminin təminatı ilə bağlı tədbirlər reallaşdırılır. "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi uzun müddət fəaliyyətsiz qalan və ya tam gücü ilə fəaliyyət göstərməyən ağır sənaye müəssisələrində istehsalın genişləndirilməsi üzrə işlərini davam etdirir. Bu istiqamətdə komitə tərəfindən "Bakı neft maşınqayırma zavodu" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib. Müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar üçün maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyənləşdirilib.

İştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə "Bakı neft maşınqayırma zavodu" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib. Müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb. Bununla yanaşı, müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və ona bərabər tutulan borcların ödənilməsini və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

Təqdim olunmuş İnvestisiya Proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır. Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur. Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR