Günvurma ifliclə nəticələnə bilər - Təhlil

İstidən ən çox azyaşlılar və qocalar əziyyət çəkir

Yay mövsümü ilə əlaqədar vətəndaşlar arasında günvurma və istivurma hallarının artımı müşahidə olunmaqdadır. Günün çox hissəsini çimərlikdə qızmar günəş şüaları altında keçirmə, fasiləsiz günəş altında fiziki işlə məşğul olma kimi məsələlər insanları gün və isti vurma təhlükəsilə üz-üzə qoyur. Nəzərə almaq lazımdır ki, qızmar günəş şüaları ən çox yaşlılar, uşaqlar və xəstələr üçün təhlükədir. Şübhəsiz ki, belə hallar insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir və ən çox da uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Bu zaman beynin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması da baş verir. Bütün bunlar isə mərkəzi və periferik sinir sisteminin pozulmasına gətirib çıxarır. Gün vurmanın əsas səbəbləri - başın örtüksüz, bədənin açıq və qorunma olmadan günəş şüası qəbul etməsidir. Gün vurmaya bürkülü və küləksiz hava, çimərliklərdə spirtli içkilərin qəbulu, həddən artıq yemək, gün şüası qəbul edən zaman yatmaq səbəb olur. Gün vurmanın əsas əlamətləri - qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərə qaranlıq çökməsi, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qan axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Gün vurma dəri yanması ilə də müşahidə olunur, dəridə qızartı, suluq və sair kimi özünü göstərir. Məlumata görə, hər gün xeyli sayda insan Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı müraciət edir.  Yay fəslinin qızmar günlərinin hələ qarşıda olduğunu nəzərə alsaq, onların sayının artacağı istisna edilmir. Onu da nəzərə alaq ki,  müraciət edənlərin əksəriyyətini orta yaşlı insanlar təşkil edib. Odur ki, isti günlərdə insanlar ən çox kölgəli yerlərdə olmağa, sərin su içməyə üstünlük verməlidir. Lakin unutmaq lazım deyil ki, hər şey qədərində olmalıdır. Həkim-mütəxəssis Bəxtiyar Abasov deyir ki, isti havalarda ən çox azyaşlılar və qocalar əziyyət çəkir: "Ona görə də çalışmaq lazımdır ki, ifrat dərəcədə müşahidə olunan istidən kənar duraq. Çimərlik mövsümünü də nəzərə alaraq tövsiyə edərdim ki, insanlar səhər saat 11-dən axşam 5-ə kimi dənizə getməsinlər. Çünki həmin müddət ərzində günəş şüaları altında az durmaq lazımdır". Onun sözlərinə görə, əhalinin belə təhlükələrdən müdafiəsi məqsədilə məlumatlandırma işi mühüm əhəmiyyət kəsb edir.

Günvurma hansı fəsadlarla müşahidə olunur?

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin məlumatına görə, istivurma və günvurma xarici istilik amillərinin təsiri nəticəsində orqanizmdə yaranmış patoloji vəziyyətdir. Bu patoloji vəziyyət özünü bədən hərarətinin artması, mərkəzi sinir sistemi, qan dövranı, tənəffüs sisteminin və su-elektrolit balansının pozulması şəklində biruzə verir. İstivurma və günvurma halları xüsusi iqlim şaraitində, yəni havanın temperaturu müsbət 370C-dən yüksək olduğu hallarda baş verir. İstivurma uzun müddət isti hava və ya infraqırmızı şüalanmanın təsirindən orqanizmdə baş verən patoloji haldır. İstivurma isti sexlərdə, hamam, saunalarda və s. uzun müddət qaldıqda baş verir. Günvurma isə zərərçəkənin baş nahiyəsi uzun müddət birbaşa intensiv günəş şüaları ilə kontaktda olduqda baş verir. Yəni, uzun müddət çimərlikdə günəş vannası qəbulu zamanı və ya açıq çöl-səhra şəraitində tikinti işlərində işləmə zamanı və s. olur. İstivurma və günvurma zamanı patoloji proses həmçinin, tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyin normadan yüksək olması, alkoqol sərxoşluğu, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə-beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qara ciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri zamanı daha da dərinləşir. Uşaqlarda və qocalarda istivurma (günvurma) xüsusilə ağır keçir. Patogenetik cəhətdən bu vəziyyəti orqanizmdə istilikəmələgəlmə və istilikvermə balansının pozulması ilə izah etmək olar. Bu zaman oksidləşmə-fosforlaşma reaksiyalarında iştirak edən fermentlərin blokadası nəticəsində toxuma hipoksiyası və həyati vacib orqanların (beyin, tənəffüs və ürək-qan dövranı sistemi) ödemi-şişkinləşməsi baş verir. Nəticədə tər ifrazı artır və tənəffüs yollarıyla buxarlanma (maye itkisi) sürətlənir, orqanizmdə su-elektrolit balansı pozulur və susuzlaşma inkişaf edir. Bu patoloji vəziyyətin ağırlıq dərəcəsi diareya, çox tərləmə, su qəbulu rejiminin pozulmasından da asılıdır. Əgər maye qəbulu lazımi qədər deyilsə, hipertonik dehidratasiya inkişaf edir. Bu hal üçün susuzluq, sinir oyanıqlığının artması, sayıqlama, hallüsinasiya, ərtaflarda tremor (əsmə), qıcolma xarakterikdir. Yaxud istivurma (günvurma) diareya ilə birgə baş verərsə, bu zaman hipotonik dehidratasiya inkişaf edir. Bu, daha ağır hal olur, şok və ya koma ilə nəticələnir. Bədən temperaturu 420-430C-dən yüksək olarsa, ölüm baş verir.

İstivurmadan necə qorunaq?

İstivurmanın (günvurma) üç forması var: asfiksiyalı; paralitik; psixopatik. Asfiksiyalı formada xəstədə tənəffüs və damar-hərəki mərkəzin fəaliyyətinin zəifləməsi ön planda olur. Tipik akrosianoz, koma əlamətləri, apnoe, asistoliya əlamətləri ola bilər. Paralitik forma üçün ara vermədən baş verən qıcolmalarla müşahidə olunan koma xarakterikdir. Sonradan bu vəziyyət ürək və tənəffüsün dayanmasına keçir. Psixopatik forma çox vaxt isti müəssisə və gün altında olmaqdan 5-6 saat sonra baş verir. Huşun pozulması (sayıqlama və hallisünasiya) çox vaxt qıcolma və ifliclə müşayiət olunur. İstivurmanın (günvurma) diaqnozu sadədir. İlk növbədə proqnostik cəhətdən xəstənin vəziyyəti qiymətləndirilməlidir ki, ilkin təcili və təxirəsalınmaz tibbi yardıma başlansın. Daha sonra isə su-elektrolit balansının pozulma dərəcəsinə görə infuzionterapiya və ya maye rejiminin korreksiyası aparılır. Proqnostik cəhətdən aşağıdakı simptomlar təhlükəli hesab olunur: tər ifrazının kəsilməsi, dəri temperaturunun artması, əllə toxunduqda dərinin isti və quru olması, huşun itməsi, tənəffüs və nəbzin tezləşməsi. Yüngül dərəcəli istivurma (günvurma) zamanı xəstə ambulator müalicə alır. Orta ağır dərəcəli istivurma (günvurma) zamanı əgər ilkin yardım tam edilibsə, xəstəni evdə poliklinika nəzarəti ilə saxlamaq olar. Əgər bir saat ərzində vəziyyəti pisləşirsə, xəstə stasionara hospitalizasiya olunur. Əgər istivurma (günvurma) diareya ilə müşayiət olunursa, yəni hipotonik dehidratasiyadırsa, xəstə mütləq şəkildə stasionar müalicəyə cəlb olunmalıdır. Xəstə xərəkdə uzanmış vəziyyətdə hospitalizasiya olunur. Təcili və təxirəsalınmaz tibbi yardım istivurma (günvurma) dərəcəsindən asılı olaraq aparılır. Əgər xəstədə yüngül dərəcəli istivurmadırsa (günvurma), onda xəstə ilk növbədə kölgə və ya sərin bir yerə aparılmalıdır. Sərin yer dedikdə havanın hərarəti 180-200C daxilində olan mühit nəzərdə tutulur. İlk əvvəl xəstə üst geyimindən azad olunur, ona sərin su içirdilir, başa sərin kompress qoyulur, soyuq suda isladılmış mələfəyə bürüdülür. İstivurma (günvurma) orta ağır dərəcədədirsə, xəstənin fiziki yolla hərarətini salmaqla yanaşı medikamentoz yardım da olunmalıdır. Venadaxili aminazin və ya droperidolla analgin kombinasiya şəklində vurulur. Venadaxili damcı şəklində 10%-li qlükoza, natrium xloridin izotonik məhlulu köçürülür. Xəstəyə meyvə şirələri və bol maye qəbulu məsləhət görülür (2 x/q şəkər, 0,5 ç/q duz, 0,5 ç/q soda 1 litr suda həll edilib xəstəyə içirdilir). Susuzluq, yanğı hissi itənə və sutkalıq diurez bərpa olana qədər tibbi yardım davam etdirilir. Ağır dərəcədə oksigenoterapiya, fiziki soyutma (dəri daim soyuq mələfəylə silinir) aparılır. Baş və qasıq nahiyəsinə buz yastıqcığı qoyulur. Əgər bədən temperaturu 38,50C-dən aşağı olarsa, fiziki soyutma dayandırılır. Əgər qıcolma baş verərsə vena daxilinə relanium və ya natriumksibutirat köçürülür. Həmçinin, infuzion terapiya (duz məhlulları) aparılır. Hemodinamikanı bərpa etmək məqsədi ilə qlükokortikkoidlərdən (120-150 mq prednizalon) istifadə edilir. Əgər xəstədə qan dövranı və tənəffüs bərpa olunmursa traxeya intubasiyası aparılır və xəstə süni tənəffüs aparatına qoşulur. Mütəxəssislər tövsiyyə edir ki, gün vurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır: "Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul - paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR