“Gender əsaslı zorakılıq” mövzusunda təlim təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası" İB-nin Milli Proqram İnkişaf direktoru, sosioloq Cavid İmamoğlunun təqdimatında BMT-nin Əhali Fondunun (UNFPA Azerbaijan) dəstəyi ilə "Gender əsaslı zorakılıq" mövzusunda təlim təşkil olunub. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq, Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü bildirib. İ.Əlimuradov mövzunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, gender bərabərliyi özü-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həmçinin yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün də zəruri şərtlərdəndir. O, gənclər arasında gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

"SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası" İB-nin Milli Proqram İnkişaf direktoru, sosioloq Cavid İmamoğlu BMT-nin Əhali Fondunun (UNFPA Azerbaijan) dəstəyi ilə "Gender əsaslı zorakılıq" mövzusunda təlimdə kişilər və qadınlar arasında ayrı-seçkiliyin əsas səbəbləri və onların aradan qaldırılması yolları haqqında məruzə ilə çıxış edib. C. İmamoğlu bildirib ki, müzakirələrdə məqsəd cəmiyyətdə gender zəminində formalaşmış ayrı-seçkiliyi müzakirə etməkdir.

Daha sonra qeyd edib ki, gender əsaslı zorakılıq təkcə qadınlara fiziki güc tətbiq etmək deyil, həmçinin cinsi, psixoloji, emosional basqı və digər təzyiqləri də əhatə edir.

Təlimdə gender məfhumuna aydınlıq gətirilib, müzakirələr interaktiv formada keçirilib. Qeyd olunub ki, zorakılığı anlamaq üçün müxtəlif çalışmalar həyata keçirilir.

Təlimboyu iştirakçılar gender əsaslı zorakılığın başvermə səbəbləri və qarşısını almaq yolları barədə detallı məlumatlara yiyələniblər. Həmçinin gender əsaslı zorakılıq zəminində formalaşmış stereotiplər və miflər ilə tanış olublar.

Təlim tələbələrin və qonaqların maraqlı müzakirələri ilə davam edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR