234 saylı məktəbdə “Son zəng” tədbiri keçirilib

İyunun 14-də 234 nömrəli məktəbdə "Son zəng" tədbiri keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, idarənin əməkdaşları, məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edib.

"Son zəng" tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Məktəbin direktoru Könül Məmmədli mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin olimpiada və müsabiqələrdə əldə etdikləri uğurlardan danışıb. Könül Məmmədli məktəbdə ümumilikdə, 1 178 şagirdin təhsil aldığını bildirib. Onlardan 53 nəfəri bu il məzun adını qazanır.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev "Son zəng" münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Ölkədə təhsilə göstərilən dövlət qayğısının ilbəil artdığını vurğulayan Rəşad Tağıyev məzunların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək işlərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.

İcra başçısı Elşən Salahov çıxışı zamanı ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə Xəzər rayonunda həyata keçirilən layihələr barədə danışıb, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən digər qonaqlar məktəb həyatına əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər diləyib və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Həmçinin, məktəbin ictimai həyatında fəal iştiraklarına görə bir çox şagirdlərə Fəxri fərmanlar verilib.

Tədbirdə rəmzi "Bilik açarı" məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, "Son zəng" çalınıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR