Məktəblər bağlandı. Bəs nə vaxt açılsın?

Məktəblər bağlandı. Hər il olduğu kimi bu il də tədris ilinin bu tarixə kimi davam etməsi bir çox valideyn və şagirdlərin narazılığına səbəb oldu. İyun ayının ilk günlərindən təhsil ocaqlarında davamiyyət zəifləyir, çünki havaların çox isti keçməsi şagirdlərin dərsə getmə həvəsini və dərsi mənimsəmə qabiliyyətini sıfıra endirir. Əksəriyyət valideynlər may ayının sonlarından etibarən məktəblərdə tədris proqramının bitdiyini bildirir. Şagirdlərin məktəbə əlavə bilik öyrənmədiyi halda getməsi onların narazılığına səbəb olur. Bi çox valideynlər tədris ilinin senytabrın 1-dən başlanıb, may ayının 25-də bitməsinin tərəfdarıdır. Onlar tətil müddətinin 3 ay olmasının təhsilin keyfiyyətinə daha yaxşı təsir edəcəyini düşünürlər. Valideynlər övladlarının yay aylarında daha emosional olduğunu və öyrənmək qabiliyyətinin az olduğunu bildirirlər.

Bu kimi səbəblərdən dərs ilinin iyun ayının əvəllərinə qədər  uzadılması hər il etirazlar doğurur.

Tədris ilinin iyunun 14-dək davam etməsinə ötən il Təhsil naziri Ceyhun Bayramov deyib ki, 2015-ci ildə Azərbaycanda dərs ili müddəti iki həftə uzadıldıqdan sonra hazırlanan dərsliklərin, müəllimlər üçün metodiki vəsaitlərin hamısı 34 dərs həftəsi üçün hesablanıb: "Təhsil Nazirliyinin nəzdində Təhsil İnstitutu həmin müddətdən əvvəl hazırlanan dərsliklərlə bağlı xüsusi tövsiyələr hazırlayıb. Bütün rayon təhsil şöbələrinə, məktəblərə də dərs materiallarının həmin tövsiyələr əsasında 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə geniş məlumatlar verilib".

Məsələ ilə bağlı danışan psixoloq Könül Telmanqızı dərslərin iyun ayının 14-nə qədər davam etməsinin uşaqlara mənfi təsir etdiyini deyib. Psixoloq bildirib ki, bu durumdan əziyyət çəkənlərin əksəriyyəti aşağı sinif şagirdləridir:"Artıq demək olar ki, proqram bitib, kitablar da yığışdırılıb. Ancaq dərslər hələ 14-nə qədər davam etdiyindən uşaqlara əlavə tapşırıqlar verirlər ki, dərsə boş-boşuna gedib gəlməsinlər. Bu, uşaqların əlavə yüklənməsi deməkdir. Nəzərə alın ki, yuxarı sinifər artıq qəbul imtahanlarını da veriblər. Ancaq məcburdular ki, dərsə gəlsinlər. Yuxarı sinif şagirdləri vəziyyətdən hansısa formada çıxa bilirlər. Ancaq aşağı sinif uşaqlarını bu hal dərsdən və məktəbdən vaxtından əvvəl soyudur". K.Telmanqızı bildirib ki, bu vəziyyətdən çətinlik çəkən azyaşlıların psixoloq müayinəsinə getmə halları artıb:"Bir psixoloq olaraq bu vəziyyət məni narahat edir. Əvvəllər psixoloqa müraciət edən məktəblilərin sayı bu qədər çox deyildi. Həm problemlər də tamam başqa idi. Ancaq bu gün əksər məktəblilər zehni yorğunluq, dərsə həvəssizlik, özünə qapanma, müstəqil dərs edə bilməmə kimi problemlərdən əziyyət çəkir. Valideynlər də bildirir ki, uşaqlara dərs etdirməkdə çətinlik çəkirlər. Bu da təbii olaraq məktəblinin dərs qiymətinin aşağı düşməsi və bu problemdən də əlavə məyusluq yaşamasına səbəb olur. Bir müddət sonra isə uşağın dərslərdən tamamilə soyuması ilə nəticələnir". Psixoloqun sözlərinə görə, iyun ayında havaların isti keçməsi dərs otaqlarında 45 dəqiqə oturmağı da çətinləşdirir: "Nəzərə alın ki, bu gün əksər məktəblərin dərs otağında havalandırma və kondisioner sistemi yoxdur. Belə halda 45 dəqiqə otaqda əyləşmək çətindir. Uşaqlar hava almalıdır, keçdiyi dərsi də yaxşı qavraya bilməsi üçün tez-tez havaya çıxmalıdır. Ancaq gün ərzində ən az 4 dərsi olan şagird dərsin sonuna qədər ancaq bina daxilində olur. Bu kimi problemlər uşaqlarda fiziki inkişafı ləngidir, zehni yorğunluq və depressiya yaradır. Nəzərə almaq lazımdır ki, hər uşaq eyni deyil və hər uşağın da fiziki və zehni qabiliyyəti bu qədər yükü götürməyə hazır deyil". K.Telmanqızı bildirib ki, vəziyyət bu şəkildə davam edərsə, yaxın illər ərzində məktəblilərin hamısı psixoloq müayinəsinə ehtiyac duyacaq.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki,

təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil: "Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç biri dərslərə sentyabrın 15-də başlamır. Hamıda sentyabrın 1-də başlayır, mayın 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var, həftədə iki-üç dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə bir dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz".

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR