Gəncədə muzey işçilərinin peşə səriştələrini artıracaq növbəti kurslar uğurla başa çatıb

Regionlarda çalışan muzey işçilərinin peşə səriştələrinin artırılması məqsədilə 10-14 iyun tarixlərində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən keçirilmiş təlimlər başa çatıb. Olaylar.az bildirir ki, yeni tədris modulları əsasında hazırlanmış kurslar "Muzey işçilərində nitq mədəniyyətinin formalaşdırılması", "Muzey ekspozisiyası" və "Kreativ peşə səriştələri" mövzularını əhatə edib. Gəncə şəhərində "Mədəniyyət həftəsi" zamanı keçirilən təlimlərə Gəncə və Şəmkir Regional Mədəniyyət İdarəsinin əməkdaşları qatılmışdır. Təlimlər Gəncə Dövlət Universitetində, Məhsəti Gəncəvi Mərkəzində, Gəncə şəhər Uşaq incəsənət məktəbində, Mir Cəlal Paşayevin Ev Muzeyində və Gəncə şəhər MKS-də keçirilib.

Nəzakət Rəhmanovanın kurator olduğu "Muzey işçilərində nitq mədəniyyətinin formalaşdırılması" mövzusunu əhatə edən təlimdə dinləyicilər natiqlik sənəti, dil və onun xüsusiyyətləri, Azərbaycan dilinin tarixi, nitq təsnifatı və onların xüsusiyyətləri, ekskursiya mətnlərinin hazırlanma qaydaları, muzey əməkdaşlarında nitq mədəniyyəti vərdişlərinin formalaşdırılması kimi biliklərə yiyələnmişdir.

"Muzey ekspozisiyası" mövzusunda keçiriləcək təlimdə iştirakçılar ekspozisiya işinin təşkilində ilkin biliklər, fond şöbəsi ilə əlaqəli işin aparılmasında əşyaların qəbulu və təhvilinə dair uçot qaydaları, ekspozisiyanın bədii tərtibat mərhələləri, təqdimatı, mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklər qazanıblar. Kurs kuratoru - Pakizə Almazova. Kursu Məhbübə Əbilova və Sevinc Qasımova təqdim ediblər.

"Kreativ peşə səriştələri" kursunda isə dinləyicilər kreativlik, kreativ vərdişlər və yaradıcı təfəkkür, kreativ sənaye, kreativ və rəqəmsal mədəniyyət, lateral düşünmə tərzi, mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində biliklər əldə ediblər. Kurs kuratoru - Pərvanə Hüseynova.

Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verilib, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində kreativ yanaşmalar tətbiq olunub.

Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İstisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev tərəfindən beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunub. Sertifikatlarda qiymətlərlə yanaşı, əldə olunan peşə səriştələri, sosial tərəfdaşlar və digər məlumatlar öz əksini tapmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR