Bakıda “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı adlı tədbir keçiriləcək

Məlum olduğu kimi, 1 İYUN - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il bir çox tədbirlər həyata keçirilir. Komitədən "Olaylar"a bildirilib ki, bu il təşkil edilən silsilə tədbirlərin yekunu olaraq AQUPDK, Azərbaycan Dəmir Yolları QSC, BMT Uşaq Fondu (UNİCEF) və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Sürətlə və İnamla Gələcəyə" əyləncə təbliğat qatarı adlı tədbirin keçirilməsini nəzərdə tutur. Tədbir həmçinin, Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin 30 illiyinə həsr olunur. Tədbirin təşkilində məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, bu işdə uşaqların iştirakını və fəallığını artırmaq, onlara müvafiq istiqamətdə imkanlar yaratmaqdır.

Tədbirin başlanmasına 1 iyun 2019-ci il tarixdə, saat 8:45-də "Sürətlə və İnamla Gələcəyə" əyləncə təbliğat qatarının Bakı şəhərindən Gəncə şəhərinə doğru yola düşməsi ilə start veriləcək. 60 uşaqla Bakıdan yola düşəcək qatar 3 müxtəlif stansiyada- Biləcəri, Yevlax və Goranboy stansiyalarında dayanmaqla digər uşaqları özünə dəstək olaraq cəlb edəcək və beləliklə təbliğat qatarı Gəncə şəhərinə 100 nəfər kiçik sərnişinlərinin iştirakı ilə çatmış olacaq. Tədbirin gedişatında iştirakçıların təhlükəsizliyinin təmin olunmasında Daxili İşlər Nazirliyi, eləcə də, sağlamlığının qorunmasında Səhiyyə Nazirliyi öz dəstəyini göstərəcəkdir.Yol boyu uşaqlara Komitə əməkdaşları tərəfindən uşaq hüquqları ilə bağlı təlimlər keçiriləcək, qrup işləri təşkil olunacaq. Tədbirin ikinci hissəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzində davam etdiriləcək. "Sürətlə və İnamla Gələcəyə" əyləncə təbliğat qatarının tədbir yekunlaşdıqdan bir qədər sonra Bakı şəhərinə qayıtması nəzərdə tutulur. Tədbirin çəkilişinin təşkil "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC tərəfindən dəstəklənəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR