Hər bir vətəndaş öz çalışdığı sahədə vətənpərvər olmalıdır

Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği günümüz üçün ən aktual məsələdir

"Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği" layihəsi çərçivəsində tədbirlərini davam etdirir. Sözügedən layihə çərçivəsində növbəti tədbir paytaxtdakı  İdaretmə və Texnologiya Kollecində baş tutub. "Azərbaycanın Bütpvlüyü Uğrunda" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan təbdirdətəhsil müəssisəsinin müəllim və tələbə heyəti, tanınmış yazıçılar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Kollecin rəhbəri Faiq Şahbazov sözügedən mövzusunun kifayət qədər aktual olduğunu deyib. Faiq Şahbazov bildirib ki, ümummilli lider Heydər Əliyevin bizlərə, müstəqil Azərbaycana aşıladığı, hər bir vətəndaşda formalaşdırdığı azərbaycançılıq ideologiyasına bağlılıq bu gün də var və Azərbaycan dövləti bu ideologiya ilə inkişaf edir, addımlayır. Təhsil müəssisəsinin rəhbəri qeyd edib ki, bu gün müharibə şəraitində yaşadığımız üçün daha çox vətənpərvər olmağa ehtiyacımız var: "Bu gün bizim tələbələrimiz, gənclərimizin vətənpərvərlik anlayışları ilə bağlı daha çox bilgilər əldə etməsi vacibdir. Xüsusilə hər gün bu ehtiyac artır. Dünyadakı hadisələr böyüdükcə, bölünmələr artdıqca və hərisliklər çoxaldıqca vətənpərvərlik hisslərinin gücləndirilməsi çox vacibdir.  Bizə bu dövləti ərməğan ediblər və bu dövləti də biz qorumalıyıq. Bu xalq, bu dövlət bölünüb, ancaq dirçəlib, təhdid olunub, hücumlara məruz qalıb, ancaq məhv olmayıb. Ayaqda dura bilib və bu gün də ayaqdadır. Məhz həmin vətənpərvərlik hesabına". Faiq Şahbazov deyib ki, Yunus Oğuz yaradıcılığı, xüsusilə onun qələmə aldığı "Nadir şah" romanını oxuyanda Nadur şah kimi bir sərkərdənin, dövlət adamının, qəhrəmanın olmasından fəxr edib: "Yunus Oğuz Nadir şahi mənə elə təqdim etdi ki, mən Nadir şahla fəxr etdim. Biz Sovet dövründəki Azərbaycan tarixini əsl Azərbaycan tarixi kimi öyrənməmişik. Sovetin diqtə etdiyi, bəyəndiyi şəkildə Azərbaycan tarixini öyrənmişik. Təbii ki, həmin illərdə dəyərli ziyalılarımız, yazıçılarımız müəyyən sətiraltı ifadələrlə bizlərə nəsə çatdırmaq istəyiblər. Belə vətənpərvər oğullar hər zaman olub. Ancaq təəssüflər olsun ki, hər kəs azərbaycançılığı, vətənpərvərliyi olduğu kimi qəbul edib, öyrənmir. Tədricən artan gündəlik qayğılar, iş prosesi imkan vermir ki, tarixə nəzər salasan. Gənc yaşlardan isə bu cür qayğılar olmadığından gənclərin azərbaycançılıq və vətənpərvərliklə daha ciddi məşğul olması vacibdir". Faiq Şahbazov deyib ki, Azərbaycan muğamı dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğıkeşliyi, təssübkeşliyi ilə azərbaycançılığın bir embleminıə çevrilib: "Yaxud ümummilli lider Heydər Əliyev Dədə Qurqudun 1300 illik yubileyini keçirməklə onu deyirdi ki, bunun sahibi mənəm. Düzdür, Dədə Qorqud ümumilikdə türk dünyasınındır. Ancaq orada keçən toponimlər, cərəyan edən hadisələr, digər amillər sübut edir ki, bu Azərbaycan və azərbaycançılıqla daha çox bağlıdır. Çox təəssüf edirəm ki, milli mədəniyyətimizin mühüm elementləri Avropa mədəniyyəti içərisində ovulmağa başlayıb. Bu davranışımız, geyimimiz, hərəkətlərimizdə özünü göstərir".  

Daha sonra çıxış edən ekspert Süleyman İsmayılbəyli "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyin həyata keçirdiyi layihə barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, 3 ay davam edəcək layihə çərçivəsində bir neçə tədbir və görüş keçirilib. Qarşıdakı müddətdə də anoloji tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bundan başqa layihə müddətində gənclərdə azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının daha geniş mənada təbliği istiqamətində maarifləndirici materiallar dərc olunacaq. Azərbaycançılıq və vətənpərvərlik anlayışlarının bir-birinə yaxın olduğunu deyən ekspert qeyd edib ki, müstəqil Azərbaycanda azərbaycançılıq ideologiyasının gündəmə gəlməsi, onun inkişaf etməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlər olub: "Bu mənada 2001-ci ildə ümummilli lider Heydər Əliyevin də şəxsən iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayı azərbaycaçılıq ideologoyasının daha geniş anlamda yayılmasına imkan yaratdı". Vətənpərvərliyin də azərbaycançılıqla yaxın olduğunu deyən Süleyman İsmayılbəyli qeyd edib ki, vətənpərvər olmayan şəxs heç vaxt azərbaycançı ola bilməz, azərbaycançılıq ideologiyasının təbliğatı ilə məşğul olmaz.  

Kollecin kafedra müdiri Gülnar Əkbərova çıxışında deyib ki, Yunus Oğuz yaradıcılığı kifayət qədər zəngindir. Yazıçının "Təhmasib şah", "Nadir şah", "Əmir Teymur" romanları barədə iştirakçılara məlumat verən Gülnar Əkbərova bildirib ki,  Yunus Oğuzun hər bir əsərində dövlətə, xalqa məhəbbət hissi özünü aydın şəkildə göstərir. Gülnar Əkbərovanın sözlərinə görə, Yunus Oğuz yaradıcılığının ən üstün cəhətlərindən biri də ondan ibarətdir ki, yazıçının bütün əsərləri oxunaqlı, sadə xalq kütlələrinin belə başa düşdüyü dildədir: "Ən əsası odur ki, Yunus Oğuz yaradıcılığı ilə tanış olduqda, onun əsərlərini mütaliə etdikdə, hadisələr insanı yormur. Bir hadisə digər bir hadisə barədə maraq kəsb edir".  Gülnar Əkbərova yazıçının "Ovçu" romanına da toxunub. Bildirib ki, Aprel döyüşlərinin qəhrəmanlarından biri olan Murad Mizəyevə həsr edilmiş bu roman vətənpərvərlik mövzusunda qələmə alınan ən dəyərli əsərlərdəndədir. O, qeyd edib ki, müasir tarixi romanlar içərisində Yunus Oğuz yaradıcılığı daha zəngindir.

Təhsil müəssisəsinin müəlliməsi Rüxsarə Nəsibova isə belə görüşlərin əhəmiyyətindən danışmaqla yanaşı, yazıçı-publisist Yunus Oğuzun yaradıcılığında yer alan tarixi qəhrəmanların həmin romanlardakı təsvirinə diqqət yetirib. Qeyd edib ki, yazıçının bir üstünlüyü də ondan ibarətdir ki, qələmə aldığı tarixi romanlarda əsas iştirakçıları, qəhrəman və sərkərdələri xalqa sevdirə bilib.

Rüxsarə Nəsiboa oinu da deyib ki, Yunus Oğuzun əsərləri, qələmə aldığı tarixi romanlar öz axıcılığı, sadə və başadüşülən dili ilə daha çox oxunur.

Tədbirin gedişi ərəfəsində təhsil müəssisəsinin şagirdlərinin azərbaycançılıq və hərbi vətənpərvərliyə həsr olunan şerləri dinlənilib.

Sonra çıxış edən yazıçı Elçin Hüseynbəyli vətənpərvərliyin hər zaman prioritet olduğunu söyləyib. O, qeyd edib ki, hər bir vətəndaş öz çalışdığı sahədə vətənpərvər olmalıdır. Elçin Hüseynbəyli qələmə alınan tarixi romanların gənclərin vətənpərvər ruhda böyüməsinə müsbət təsir göstərdiyini qeyd edib.  Yazıçı hesab edir ki, günümüzdə tarixi romanların qələmə alınmasına böyük ehtiyac var. Gənclərə daha çox vətənpərvər və azərbaycançı olmağı arzu edən yazıçı deyib ki, hər bir şəxs bu riuhda böyümək, övladlarını tərbiyə etmək istiqamətində çalışmalıdır. Çıxışında bu günlərdə Rusiyada həbs edilən jurnalsit Fuad Abbasovun fəaliyyətinə də toixunan Elçin Hüseynbəyli deyib ki, ayrı-ayrı ölkələrdə bu kimi vətənpərvər və azərbaycançı oğullarımızın olması ümumi işimizin xeyrinədir: "Vətənpərvərlik insanın ürəyindədir, özündədir. Biz Qarabağı işğaldan azad edə biləcək gücə sahib olmağımızı vətənpərvərliyimizlə sübuta yetirməliyik.  Vətənpərvərlik insanın canında, qanında daxilindədir". Elçin Hüseynbəyli deyib ki, dünyanın istənilən yerində yaşayan və millətindən, dinindən, irqindən asılı olmayaraq Azərbaycanı müdafiə edən hər bir şəxs azərbaycançıdır: "Biz müstəqil dövlətik. Ancaq hələ də deyə bilmərik ki, biz bütün təhlükələrdən sığortalanmışıq və bizi artıq heç bir təhlükə gözləmir".

Sonra çıxış edən yazıçı-publisist Yunus Oğuz mövzunun aktuallığı ilə yanaşı, Elçin Hüseynbəylinin yaradıcılığından da danışıb. Elçin Hüseynbəylinin dəyərli əsərlər ərsəyə gətirdiyini deyən Yunus Oğuz onun ən gözəl əsərlərindən birinin də "Şah Abbas" olduğunu deyib. Bildirib ki, Elçin Hüseynbəylinin analitik təfəkkürü də yüksək səviyəddədir: "Elçin Hüseynbəyli həm də gözəl dostdur. Eyni zamanda Elçin Hüseynbəyli iddiası olan, lakin başının üstündən artıq məsafəyə tullanmaq istəməyən bir insandır. Bir növ ayağını yorğanına görə uzadan dəyərli ziyalılarımızdandır". Yunus Oğuz   ən çox üstünlük verdiyi mövzular və istiqamətlərdən də danışıb. Bildirib ki, onun əsas idealı Bütöv Azərbaycandır. Vətənimizin zaman-zaman parçalandığı, bölündüyünü deyən Yunus Oğuz deyib ki, Vətənimizin bir parçası Dərbənddə, bir parçası Gürcüstanda, bir parçası Güney Azərbaycandadır. Və yazıçı bütün bunları bütov görmək istəyir. Təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşdən məmnunluğunu ifadə edən yazıçı əmin olduğunu bildirib ki, sözügedən təhsil müəssisəsindən də cəmiyyətin tanınmış simaları çıxacaq. Azərbaycançılıq ideologiyasına toxunan Yunus Oğuz bildirib ki, bu ideologiyanın təşəkkül tapmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun sözlərinə görə, Heydər Əliyev "Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir" dedikdə həm də müstəqil Azərbaycanı hədəf seçən xarici güclərə mesaj verirdi ki, yerinizdə oturun, Azərbaycanın daxili işlərinə qarışmayın.

Çıxışlardan sonra kollecin tələbələri yazıçı-publisist Yunus Oğuza müxtəlif mövzularda suallar veriblər. Sonda yazıçı müəllifi olduğu kitabları kollecin müəllim və tələbələrinə hədiyyə edib. Sonra söhbət çay süfrəsi ətrafında davam edib. 

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR