“Dissident sorağında” müzakirə edildi

Beynəlxalq Mətbuat Mərkəzində tədqiqatçı jurnalist Əli Şamilin "Dissident sorağında" kitabının müzakirəsi keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əli Şamil bildirirb ki, kitabda adı keçən dissidentlər, Azərbaycan üçün canından keçməyə qadir insanlardır: "Çingiz Abdullayevdən başlamaq istərdim. Çingiz 1956-cı ilin 8 mayında xü­susi xidmət orqanlarının əməkdaşları tərəfindən ya­xa­lanır. Çingiz həbsxanadan Sovet Sosialist Respublikaları İttifaqı Ali Məh­kəməsinə, Ədliyyə Nazirliyinə ərizələr yollayır. Məktubunda qeyd edir ki, "mən tam qətiyyətlə de­yirəm ki, Azərbaycanın qəhrəman oğluyam və alçaq kommunist rejiminə qarşı mübarizə aparmışam".

İllər keçsə də həmin  məktubu oxuyarkən kövrəlirəm. Onun uzaqgörənliyi, mübarizliyi, cəsarətinə heyrət qalmamaq mümkün deyil. Mən onunla eyni vaxtda mübarizə aparan Cahid Hilaloğlu haqqında bir xatirə qeyd etmişəm. Cahidi siyasi təşkilat qurduğu üçün, yaxud da Qız qalasında Azərbaycan bayrağını qaldırdığı üçün yox, məhz oğru dəstəsi adı ilə həbs ediblər. Cəmiyyətin və bizim qanunlarımızın nə qədər ədalətli olmasına baxmaq kifayətdir ki, belə bir siyasi adamı öldürmək üçün əllərindən gələni etdilər. Sibirdə həbsxəna nəzarətçiləri qışın ortasında onu soyuq hovuza atdılar. Cahidlə birlikdə olan adamlar deyirlər ki, Cahid o qədər şişmişdi ki, onu kazarmaya yerləşdirə bilmirdilər. Dustaqlar qapını söküblər ki, bu adamı içəri daxil etsinlər. Onu soyuqdan xilas etmək üçün divarı hörüblər. Ertəsi gün həbsxananın rəisi bu şişmiş, donmuş adamın dustaqlar tərəfindən bu cür qorunduğunu gördükdən sonra etiraf etməli olub ki, əgər onu belə böyük bir məhəbbətlə sevirsinizsə bundan sonra Cahidə heç kim zərər verməyəcək".

Əli Şamil qeyd edib ki, dissident hərəkatı, Azərbaycanda dissidentlər haqqında fikirlər deyilməlidir ki, gənc araşdırmaçı yazıçılar bu fikirlərdən istifadə edərək daha mükəmməl əsərlər yazsınlar.

"Dissident sorağında" 1956-1986-ci illərdə hakimiyyətdə olmuş rejimə qarşı etiraz səsini ucaldan insanların həyatından bəhs edir. Kitabdakı faktlar onu göstərir ki, Azərbaycanda həmişə rejimə qarşı dirəniş göstərənlər olmuşdur. Onlar cəza maşınının ağır işgəncələrinə baxmayaraq öz sözlərini cəsarətlə demiş, xalqının haqqını müdafiə etmişlər. Mərd mübarizlərin qəhrəmanlıqlarla dolu həyatları gənclərə örnək olmuşdur. Çayxanalarda, audutoriyalarda, şəxsi söhbətlərdə vətənsevər insanlar, onların yaratdıqları gizli təşkilatlar haqqında söhbətlər yayılmışdır. Bu da yeni bir mübariz, vətənsevər nəslin böyüməsilə nəticələnmişdir.

Kitabda 1957-ci ildə Qız qalası üzərinə Azərbaycanın üçrəngli bayrağını qaldıran Çahid Hilaloğlu, onun əqidə yoldaşı, Ədliyyə Naziri Boldırevə: "Məni yazdığım vərəqlərdə Sovet Sosialist Respublikaları İttifaqının bütün xalqlarını üsyana, insanları qul, zorakılıq, aclıq, böhran şəraitində saxlayan kommunist rejimindən azad olmağa çağırışıma görə ittiham edirdilər... Mən tam qətiyyətlə deyirəm ki, Azərbaycanın qəhrəman oğluyam və alçaq kommunist rejiminə qarşı mübarizə aparmışam" yazan, ölkənin rəhbərini, Nikita Xruşşovu "qarğıdalı generalı" adlandıran ÇingizAbdullayev, Sovet qəliblərinə sığmayaraq özünə yeni bir fəlsəfə məktəbi yaratmağa çalışan Asif Ata, Azərbaycanın işğaldan azad edilməsi üçün çayxanaları siyasi məktəbə çevirən Əbülfəz Elçibəy, üsyankar, milli şair Xəlil Raz Ulutürk və b. haqqında ensiklopedik məqalələr verilmişdir.

Bundan başqa kitabda 87 nəfərin adı çəkilmişdir ki, onların haqqında da gərəyincə axtarışlar aparılıb, material toplanmadığından məqalələr yazılmamışdır. Kitabın nəşrindən sonra orada adı çəkilən və haqqında ensiklopedik məqalələr yazılmayan adamlar haqqında maraqlı faktlar ortaya çıxmışdır.

Nigar Orucova 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR