Beynəlxalq Məktəblər Şurasının ekspertləri Azərbaycanda səfərdə olublar

Beynəlxalq Məktəblər Şurasının (CIS) 9 nəfərdən ibarət nümayəndə heyəti "Avropa Azərbaycan Məktəbi" Təhsil Kompleksinin dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. Olaylar.az bildirir ki, beynəlxalq ekspertlərin ölkəmizə səfəri məktəbin müraciəti əsasında akkreditasiya məsələləri ilə əlaqədar təşkil edilmişdir.

Akkreditasiya üçün müraciət və onun əldə edilməsi prosesi 2 illik dövrü əhatə edir. Şura tərəfindən akkreditasiyanın alınması Beynəlxalq Bakalavriat (IB) kimi proqramların tədris edildiyi beynəlxalq məktəblər üçün çox mühüm əhəmiyyət kəsb edir. Proses zamanı məktəbdəki bütün məsələlər (kurikulum, idarəetmə, siniflərdəki tədris prosesi, şagirdlərə dəstək, ictimaiyyətlə əlaqələr, missiya) ilk olaraq məktəb, daha sonra beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilir və onların beynəlxalq standartlara cavab verib-vermədiyi yoxlanılır. Xanım Daniela Vasile rəhbərlik etdiyi nümayəndə heyətinin siniflərdəki təhsil prosesindən və müəllimlərin peşəkarlığından təsirləndiklərini bildirmişdir. Səfərdə olan heyət həm valideyn, həm də şagirdlərlə görüşərək onların da məktəb haqqındakı mövcud fikirləri ilə tanış olmuşdur.

Beynəlxalq Məktəblər Şurası (CIS) tərəfindən akkreditasiya almağın müəyyən üstün cəhətləri mövcuddur. Belə ki, akkreditasiya prosesindən keçdikdə rəhbərlik məktəbin güclü tərəflərini və üzərində işlənilməli olan sahələrini daha aydın görə bilir. Bununla da, müəyyən edilən çatışmazlıqların həlli gələcək hədəfə çevrilir.

Akkreditasiyanın alınması təhsil və tədris səviyyəsinin beynəlxalq standartlara uyğun olması deməkdir. Həmçinin bu, məktəbin təhlükəsizlik, mühafizə və şagirdə dəstək baxımından etibarlı olduğunu göstərir. Şagirdlər universitetlərə qəbul zamanı sənədlərini təqdim etdikdə onların sənədləri universitetlər tərəfindən yoxlanılır və bu zaman bitirdikləri məktəbin keyfiyyəti araşdırılır. Əgər məktəb akkreditasiya almışdırsa, universitetlər burada şagirdlərin keyfiyyətli təlim-tədris prosesindən keçdiyindən əmin olur.

Beynəlxalq Məktəblər Şurası tərəfindən verilən akreditasiya beş ildən bir yenilənməli, hər dərs ili üçün görülmüş işlər üzrə hesabat verilməlidir. Beynəlxalq

Məktəblər Şurası daim öz üzərində işləyən, davamlı inkişafı təmin edən, tədris edilən proqramların və təcrübələrin inkişaf etdirilməsinə diqqət yetirən məktəbləri yüksək dəyərləndirir. Avropa Azərbaycan Məktəbi məhz bu fikirləri əldə əsas tutaraq akkreditasiya almağa səy göstərir.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə təsis edilmiş özəl ümumi təhsil məktəbidir. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir və beynəlxalq proqramlar təklif edir. Bu proqramlara Beynəlxalq Bakalavriat (IB) İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP), Diplom Proqramı (DP) və Kembric Beynəlxalq İmtahanları (CIE) daxildir. Məktəbdə I-XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı (4 və 5 yaşlı uşaqlar üçün) da fəaliyyət göstərir. Məktəb, həmçinin Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin də üzvüdür. Məktəb məzunları beynəlxalq nüfuzlu universitetlərlə bərabər Azərbaycan universitetlərinə də yüksək ballar ilə daxil olublar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR