Qadınların bələdiyyələrdə iştirakının artırılması - QHT dəyirmi masa keçirib

"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyinin həyata keçirdiyi, Avropa İttifaqının maliyyələşdirdiyi "Dayanıqlı inkişaf məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində dəyirmi masa keçirilib. Qeyd edək ki, layihə BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" proqramı üzrə həyata keçirilir.

Layihənin əsas tərəfdaşı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova  layihənin əhəmiyyəti və 2019-cu il bələdiyyə seçkiləri öncəsi siyasi partiyaların aktivliyi, həmçinin partiyalarda təmsil olunan qadınların bələdiyyə idarəçiliyində təmsilçiliyinin vacibliyi haqqında danışıb.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva çıxışında ölkədə qadınların cəmiyyətdəki nüfuzu, onların mənəvi potensialı, əldə etdiyi nailiyyətlər və ümumilikdə gender siyasətindən bəhs edib. Qadınların cəmiyyətimizdəki mövqeyini daha da möhkəmlətmək istiqamətində görülən işləri yüksək dəyərləndirən N.Əliyeva qadınları belə tədbirlərdə fəallıq göstərməyə çağırıb, həmçinin onların qərarvermə prosesində və yerli özünü idarəetmədə iştirakının artırılmasına töhfə verilməsinə yönəlmş layihədə aktiv iştirakının və əməkdaşlığının rolunu vurğulayıb.

"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyinin sədri və  layihənin koordinatoru Lyudmila Xəlilova layihə haqqında geniş prezentasiyanı təqdim edib. O, bildirib ki, layihənin əsas məqsədi effektiv və gender yönümlü yerli özünü idarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. 

L.Xəlilova bildirib ki, 9 regionu əhatə edəcək layihə çərçivəsində   Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa, Qazax rayonlarında geniş maarifləndirmə tədbirlərinin həyata keçiriləcək. 

Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri  Rəna Mirzəzadə Dayanıqlı İnkişafın Gender Məqsədləri və yerli səviyyədə qərarvermə prosesində qadınların rolu mövzusunda dəyirmi masa iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR