İntihar sezonu- Züleyxa Nadir yazır

Yenə bir abituriyent intihar edib...

Yenə bir ana fəryadı  dünyanı silkələyib...

Yenə bir ata hıçkırtısı ürəkləri parçalayıb...

Yenə bir bacı hönkürtüsü sinələrə dağ basıb...

Yenə bir gəncin arzuları çilik-çilik olub. Bəlkə də qəlbinin isti bir guşəsindən tumurcuq sevgi boylanırmış. Gözləri açılmamış həmin sevgini şaxta vurdu. Bəlkə də kimsənin xəbəri yoxmuş həmin ülvi duyğudan. Amma əminəm ki,  dünyanın gözəlliklərinə arxa çevirən gənc oğlanın qönçə sevgisi  bir ömür göylərdən boylanacaq.

***

Ali məktəblərə hazırlaşan gənclərin sınaq dövrü olan may-iyun ayı son illər bəzi abituriyentlərin intiharları ilə  müşaiyət olunur. Qəbul imtahanında istədiyi nəticəni əldə etməyən bəzi gənclər intihara əl atırlar. Ötən il də, əvvəlki il də, lap ondan qabaqkı illərdə də  intihar hadisələri oldu, KİV-də, sosial şəbəkələrdə danışıldı, qınandı. Və hər dəfəki müzakirələrdən sonra belə güman olundu ki, bir daha təkrarlanmayacaq. Amma "sən saydığını say, gör  fələk nə sayır"mış. Görünən o ki, faciələrdən dərs götürməyənlər hər zaman olur, hər situasiyada təkrarlamağa cəhd edirlər.

Məşhur bir filmdə deyildiyi kimi, kimdi günahkar? Valideynlərmi, cəmiyyətmi, zamanmı, yoxsa abituriyentin özümü? Bütün sualların cavabı dönüb-dolaşıb valideynlərin üzərində dayanır - övladının gələcəyi ilə bağlı arzusu gözündə qalmış ananın, istəyi paramparça olmuş atanın. Övlad böyütmək özü bir imtahandı, zamanın sınağıdı. Valideynlər çalışırlar ki, bu imtahandan alnıaçıq, üzüağ çıxsınlar. Valideyn övladının xoşbəxtliyi üçün bütün gücünü  səfərbər edir. Onun yolunda  gecəsini-gündüzünə qatıb ömrünü  gilə-gilə əridir, həyatını fəda edir. Ki... övladı ailə və cəmiyyət üçün gərəkli, vətəni sevən, xalqa, millətə  bağlı vətəndaş olsun.

Amma təəssüf ki, bunları hər  valideyn üçün demək olmur. Üç gün əvvəl bir oğul bu dünyadan köç etdi. Nə var, nə var... imtahandan yüksək bal toplamayıb. Bu fakt ilk baxışda gülünc görünür, amma  olduqca dəhşətli səbəbdi. Əslində səbəbin arxasında dayanan fakt gülüncdü. Oğul övladı bir ailənin deyil, bütövlükdə cəmiyyətin, vətənin sütünudur. Bu sütun möhkəm olanda  heç bir zaman yerindən qopa bilməz. Amma həmin hadisədə intihar edən gəncin sütunu olan valideyn möhkəm deyil.

Sirr deyil ki, bir çox valideyn övladının təhsilinə xərclədiyi pulu tez-tez onun gözünə soxur: "Bax, filan qədər pul xərcləmişəm, yaxşı oxu, xərcim batmasın... sənə bu xərci çəkirəm ki, prokuror olasan, hakim olasan... həkim olub pul qazanasan... ancaq mənim istədiyim  ixtisasda oxumalısan... imtahandan yüksək bal toplamasan evə gəlmə, get özünü öldür..." və s. bu kimi təhdidlər. Ata-anasının təhdidindən qorxan  övladdan yüksək nəticə gözləmək absurddur. Təcrübə göstərir ki, imtahandan az bal toplayıb valideynlərinin istəyini gözündə qoyan  gənclər intihar edirlər. Abituriyenti intihara sürükləyən ata-anasının ilboyu onu qorxutması,  çəkdiyi xərci başına qaxmasıdır. Bu, 15-17 yaşlı gəncin psixologiyasını pozmaqdı. Bu, valideynin öz övladına sərgilədiyi düşmənçilik mövqeyidi. Bu, valideynin düşüncəsizliyidi, yaxud da hikkəsidi, hökmüdü. Beynində, fikirlərində, düşüncələrində, hətta davranışlarında travma yaradan bu cür təhdidlərlə yüklənən gənc birbaşa intihara doğru yön alır.

Halbuki oğul övladın gələcəyi diplomda deyil. Gəncliyi atasının  gərəksiz zəhmindən, anasının hikkəsindən "su içən" oğlanın həyatı heç də hamar olmur, bir ömür sürünür, kişilik, mərdlik nümayiş etdirə bilmir. Xaraktercə zəif olan bu cür övladların müstəqil fikir söyləmək, sərbəst addım atmaq  gücü də olmur. Gələcəkdə bu cür halları yaşamaqdansa, qorxu hissləri ilə yüklənib həyatda mənəvi  əzab çəkməkdənsə, bəri başdan  ölməyi üstün tuturlar.

Əslində bu, övladın valideynə qarşı üsyanıdı, həm də Yaradana asi çıxmağıdı.  Üç saatlıq imtahandan istədiyi nəticəni əldə etməyən gənc özünü çarəsiz hesab edir, qorxu hissi onu elə bürüyür ki, başqa yol tapa bilmir. Amma bu, nə kişilik, nə mərdlik, nə də qəhrəmanlıq nümunəsidi. Bu, çox böyük səhvdi, valideyn qəbahətidi.

Valideyn tanıyıram ki,  övladının bilik səviyyəsi az olduğunu çox yaxşı bilir. Amma onu  imtahana yola salanda elə ürəkləndirir, elə xoş sözlər deyir ki, abituriyent özünü  imtahan otağında  hamıdan güclü hiss edir. Bəzən möcüzə də baş verir. Qarşısındakı sualları çox asanlıqla düzgün cavablandıra bilir. Bu, Allahın hikmətidi. Allah görür ki, valideyn övladına çox böyük  sevgi verir. Ona görə də həmin sevgini dəyərləndirmək üçün övladın əlindən tutur.

Demirəm ki, valideyn övladını tənbeh etməsin, səhvini başa salmasın. Bunlar zaman-zaman anındaca həll oluna bilir. Hər şeyin yeri var, vaxtı var. Yersiz müdaxilələr övladın mənəviyyatını sındırır. Elə məqam var ki, valideynin özünü  həddən artlıq ağıllı göstərməsinə gərək yoxdu. Bəzən övladlar ata - analardan  çox bilirlər. Zaman o zamandı ki,  uşaqlar hələ ana bətnindəykənn hər şeyi görür, öyrənirlər. Dünyaya gələndən sonra zamanla ayaqlaşmaq, dövrün tələbinə  cavab vernək, yaxud da  vaxta uyğun hərəkət etmək valideynin onun üzərindəki haqqına bağlıdı. Valideyn haqqı o demək deyil ki, sən onu təhdidlərinlə, tələblərinlə ölümə sürükləyəsən. Valideyn haqqı odur ki,  dünyaya gətirdiyin övladını mükəmml tərbiyə edəsən, cəmiyyətə hazırlayasan, onun sevgisinin saflığına nail olasan.

Nə yazıqlar ki, bəzi valideynlər bunlardan xalidi. Ya savadsız və cahildirlər, ya da hökmlüdürlər. Hər iki halda zəif, asılı övladın yolu "dar ağacından" keçir. Valideynin böyüklüyü ondadır ki, o bütün hallarda övladının yanında olur, onu bağrına basır.  Oğlunun səhvini bağışlayır, qızının günahını öz sevgisi ilə "yuyur". Ananın analığı ondadır ki, hər səhər övladını bağrına basır, hər gecə şirin yuxuda olanda üz-gözündən öpür, saçını oxşayır.  Atanın atalığı ondadır ki, oğluna kişilik dərsi keçir, mərd böyüməsinə şərait yaradır, həyat məktəbinin çətinliklərindən hansı yollarla çıxmağı öyrədir. Qızına arxa-dayaq olur, ona  gələcək ailə həyatında qarşılaşa biləcəyi problemlərin həllində tək olmadığını hər an, hər dəqiqə xatırladır. Bunlar ailənin mükəmməl formuludu. Mükəmməl ailədə övlad intihara əl atıb vaxtsız ölümün ağuşuna atılmır.

Dünyanın heç bir yerində valideynlər övladlarını  imtahana yola salarkən "az bal yığsan özümü öldürəcəm"  sözləri ilə təhdid etmirlər. Nə Avropada, nə Amerikada, nə də Şərq dünyasında Azərbaycandan fərqli olaraq valideynlər  övladlarının fikir və düşüncəllərinə, arzu və istəklərinə müdaxilə etmirlər. Nə ata, nə də ana övladının ali təhsil almmaasını faciəyə çevirmir. Övlad  böyüdərkən pul xəcləmək, zəhmət çəkmək, onun  ayaq üstə durması üçün bütün gücünü sərf etmək hər bir valideynin borcudur. Bu borcu minnət formasında  övladın başına vurmaq faciə ilə nəticələnir.

***

May-iyun ayı Azərbaycanda sanki, intihar sezonudu. İmtahan xofu, valideyn təhdidi, ata-ana hədəsi kabus kimi abituriyentlərin başı üzərində fırlanır. Hər bir valideyn övladının bu sezondan salamat çıxmasını təmin etməli, başları üzərində dolaşan kabusdan uzaq tutmalıdı.

Valideyn özü kabus olmamalıdı...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR