İntihar çıxış yolu deyil - SOS!

Bəzən özünlə bacarmırsan. Düşünürsən ki, bu, sondur. İçindəki tərəddüdlər, peşmanlıqlar, inamsızlıq səni ümidsizliyə sürükləyir. Əl uzatsan, köməyinə çatacaq kimsən yoxdur. Qəlbinin ağrısı o qədər dəhşətlidir ki, istirablara dözə bilmirsən... İntihar səni özünə çəkir. Onu qapısını döydüyün son məkan, son ümid yeri zənn edirsən... Amma dayan! Ölüm hələ son çıxış yolu deyil...Hər şeyə rəğmən yaşamaq və həyata tutunmaqçün o qədər çox səbəblər var ki... Yetər ki, ona təslim olmayasan... Tək, yalnız olduğunu düşünməyəsən.

"İntihar etməyin, peşman olacaqsız"

Həmsöhbətimiz, dəfələrlə intihara cəhd edən, tanınmış jurnalist Tahirə Məmmədqızı ölümdən döndüyü anı belə xatırlayır: 
- Həyat o qədər qəribədir ki, etməyəcəyini edirsən, deməyəcəyini deyirsən.  Nə qədər güclü qadın olduğunu desən də, özünü buna inandırsan da, ayaq üstdə dayanmağa çalışsan da, yorulursan. İllərlə çiynində yük daşıyırsan. Bu yükdən, hər zaman mübarizə aparmaqdan, sübut etəməkdən, özünü təsdiq etməkdən yorulursan, tükənirsən. "Güclüyəm" deyə-deyə intihar edirsən... 

Utanaraq deyirəm ki, iki dəfə intihara cəhd etmişəm. Soruşa bilərsiz ki, oğul anasısan, yaşama səbəbin var, niyə intihara əl atdın? Bəli, bir oğlum var, 19 yaşındadır, hazırda hərbi xidmətdədir. Həyatımı bir balama həsr etmişəm, oğlumçun yaşamışam, qadınlığımdan, gəncliyimdən onunçün imtina etmişəm. Bu sözlər çox pafoslu səslənə bilər. Onun həyatı ağır keçməsin, qohumlarım rahat olsunlar deyə, mən narahat qadın həyatına sürgün olunmuşam. Ailə qurmadım, qadınlığımı unutmağa məcbur oldum. Amma etiraf edirəm ki, mən intihar edəndə övladımı belə düşünmədim. O mənsiz nə edəcək, onun həyatı necə olacaq, bunları düşünmədim... 

Amma sonra bu haqda düşünmədən belə bir addım atdığım üçün çox peşman oldum. 

Ona görə ürəyindən belə bir fikir keçənlərə demək istəyirəm, intihar etməyin, sonra çox peşman olacaqsınız. Mən özümdən utandım. Özümü, güclü qadını güzgüdə görəndə ona cavab verməyə utandım. Utandım ki, axı, sənin həmişə çıxış yolun olub?! Axtarsaydın, bəlkə yenə  tapa bilərdin?! Niyə yoruldun?! 
Bu suallara cavab verəndə sadəcə Tahirədən utandım... 
Bu yolu qayıdanda çox çətin olur. Yenidən o həyata alışmaq çətin olur. 2002-ci ildə ilk dəfə intihara əl atdım. Onda oğlumun 2 yaşı vardı. Yuxu gətirən 100-ə yaxın dərman içdim. Gözümü açanda gördüm ki, toksikologiya şöbəsindəyəm, əllərim də, ayaqlarım da bağlıdır. Çırpındım, başa düşdüm ki, mənası yoxdur. Altı aydan çox psixoloq yanında müalicə aldım. Səs tellərim zədəlndi. Ona "səs iflici" deyirlər. Həm də çox dərman atdığıma görə, kürəyimdə ləkələr qaldı...
Bir il əvvəl ikinci intiharı elədim. Onda da evdə tək idim, özümü asmağa çalışdım. Paltar ipini tavana bənd eləyib boğazıma keçirdim, bir qədər asılı qalandan sonra ip qırılıb. Bir saat yerdə uzanılı qalmışam, özümə gələndən sonra yanımdakı telefonla rəfiqəmə zəng elədim...
O zaman yalnız atam məni başa düşdü. O biri yaxınlarım mənə arxa durmadı. Anlamadılar məni... Ətrafımda o qədər adam ola-ola yalnızdım... 
... Burdan xüsusilə tək qalan qadınlara demək istəyirəm, intihara getməyin, onu özünüzə yaraşdırmayın. 40 gündən sonra səni onsuz da unudacaqlar. 40 gün ağlatmaqdansa, bir ömür varlığınızla onları incidin. Kimlərsə sizi incidir deyə, canınıza qıymayın. Ayaqda durub varğılınızla, işinizdəki uğurlarla özünüzü təsdiq edin. laqeyd insanlara siz də laqeydliyiklə cəza verin. Amma intihara əl atmayın! 

"Üçüncü dəfə ölüm mənimlə üz-üzə gələndə çox qorxdum"

- Hərdən də şükr edin. Mən 6-7 aydır xərçəng xəstəliyindən əziyyət çəkirəm, ağır əməliyyat keçirmişəm. Çox təzadlı görünür, bilirəm. Deyəcəksiz, iki dəfə intihara əl atan qadın biləndə ki, xərçəng xəstəsidir, yaşamaq üçün mübarizə aparmağa başladı. Axı ölüm qapıma gəlmişdi, niyə ona salam verməkdən qorxdum?! Demək ki, yaşamağa dəyərmiş! Çünki Allah mənə üçüncü dəfə bu şansı verib.

İki dəfə ölümə əl atdım, üçüncü dəfə ölüm mənimlə üz-üzə gəldi, amma bu dəfə mən qorxdum. Qorxdum, çünki heç kim ölmək istəmir. Yaşadıqlarımı övladımdan gizlətdim,  əməliyyat olduğumu nə o, nə də başqa yaxınlarım  bilmədi. Bu qədər ölməyə can atan adam, indi yaşamaq üçün çırpınır. İndi soruşulsa ki, ölüm qapına gəlmişdi, niyə ölmədin?! Deyərdim ki, ölə bilmədim, artıq yaşamaq istəyirəm. Oğlumun toyunu görmək istəyirəm. Onu anasız bəy taxtında təsəvvür edə bilmədim... 

Təsəvvür edin, heç vaxt həkimə qulaq asmayan Tahirə hər deyiləni bir-bir elədim. Ən əsas övladımı tək qoymaq istəmədim. Mənə yenidən şans verdiyi üüçün Allahıma şükr edirəm. Bundan sonra ölüm haqqında düşünməyə heç haqqım yoxdur. Dostlarıma ayrı-ayrılıqda təşəkkür edirəm. Mənə dəstək oldular, axtardılar, gəldilər və məni ayağa qaldırdılar. Bu gün səhər - axşam varlığıma şükr edirəm. 

"İntihar yoluxucu xəstəlik kimidir" 

Son dovrlər intihar edənlərin arasında yeniyetmələrin olması narahatıq doğurur"

Bunu isə məsləhətçipsixoloqTəhminə Çələbi deyir. O, intiharın səbəblərindən danışdı:"İntihara cəhd edən insanın psixoloji durumu təbii ki, depressiv olur və təsir altına tez düşə bilir. Bir insan hansısa çıxılmaz bir durumdadırsa və kiminsə intihar xəbərini eşidirsə, onun haqqında düşünür, intihar edən birini özünə nümunə görür. Avropada "Gənc Verterin iztirabları" adlı əsəri yayımlananda, bu kitabın satışını dayandırdılar. Çünki əsərin yayımından sonra intiharların kütləvi şəkildə çoxalmağa başlayıb. Orda qəhrəman sevgisının əzabını çəkir və sonda buna dözməyib intihar edir. 

Qeyd etdiyim kimi, səbəblər müxtəlif olur- kimisi nakam sevgi yaşayır, kimisi işsiz qalır, yaxud haqsızlıqla, uğursuzluqla üzləşir. Bu zaman başqasını təkrarlamağa, hansısa intihar edən adama haqq qazandırmağa başlayır. Yəni bu kecici bir hiss kimi qiymətləndirilir. Amma digər vaxtlarda mipalyar depresiya da ola bilir".  

Sən ağrını yaxınlarına ötürürsən!

Psixoloq insanı depressiv vəziyyətdən çıxarmağın yollarından da bəhs edib: "İnsan əgər ətrafda, işdə, ailədə heç nədən zövq ala bilmirsə və daim intihar və ölüm haqqında düşünürsə, təbii ki, yaxınlarından kömək istəməlidir. Elə insanlar da var ki, intiharı planlı və gizli şəkildə edirlər. Əgər insan bir dəfə intihar edibsə, üç il ərzində bu fikir onun beyindən çıxmır. Bu müddətdə ailəsi, dostları tərəfindən diqqətdə saxlanılmalıdır, ona bu vəziyyətdən çıxmağa kömək etməlidirlər. Aşılamalıdırlar ki, intiharla yenilik etmirlər. Bu dünyadan köçməyən insan yoxdur, əslində insan yaşayaraq yenilik edə bilər, nəinki ölərək. Biz hamımız bu dünyadan köcəcəyik. Heç kəs bundan sığortalanmayıb. Neçə il yaşayacağını kimsə bilmir. Yaxşı olar ki, yaşadığımız hər dəqiqəni ailəmizə, özümüzə həsr edərək yaşayaq. Bəzən insanlar arasında cəsarətli adamdır, özünü öldürüb deyirlər. Bu, yanlış yanaşmadır. Yaşamaq insandan daha çox cəsarət, güc tələb edir. İntihar edən şəxs bilməlidir ki, o, ağrıdan canını qurtarmır, ağrını öz yaxınlarına ötürür. Onların həyatlarına da mənfi təsir göstərir". 

Uşaqlar inthar edən valideynlərini təkrarlayır 

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehrban Zeynalovanın sözlərinə görə, onlara dəfələrlə intihara cəhd edən qadınlar müraciət ediblər:  "Psixoloqlarımız, mütəsəssislərimiz onlarla söhbət edib, kömək edib. İntihar daxili boşluqdur, dəyərsizlikdir. Intihar ağır travma alan, strees keçirən insanlarda olur. Amma bizim müşahidələrimizə görə əsas səbəb dəyərsizlikdir. İnsana diqqət göstərilməməsi, həyatında hədəfinin olmaması, hansısa məqsədə çatması üçün imkanının olmaması onu intihara sövq eləyir. Bizə müraciət edən xanımların arasında belə cəhdlər çox olub. Amma ən narahatedici məqam bunun uşaqlar arasında imitasiyalarının olmasıdır. Onlar ailədə gördüklərini təkrar edirlər, biri qolunu kəsmək istəyir, biri bunu başqa şəkildə həyata keçirməyə çalışır. Məsələn, plasmas alətlə qolunu kəsən uşağı xilas etdiyimiz məqam olub. Bu hallar bizi çox narahat edir. Əgər uşaq bunu oyun zənn edib təlqin edirsə, bu, çox qorxulu haldır. Bizdə belə uşaqlar psixoloqun xüsusi nəzarətinə götürülür. Əgər uşaq öz dəyərsizliyini hiss edibsə, onunla məşğul oluruq". 

"Allah intiharı haram buyurub "

"İntihara cəhd edənin yeri əbədi cəhənnəmdir"- bunu da ilahiyyat elmləri doktoru, din xadimi Hacı Surxay Məmmədli deyib: "Dinimizdə intihar qəbul edilmir. Allah-taala "Qurani Kərim"də buyurub ki, özünü qəsdən, bilərəkdən öldürən şəxs əbədi cəhənnəmə məhkumdur. İntihar Allahın haram buyurduğu bir şeydir. Ödürən və dirildən Allahdır. Bəşəriyyət yaranandan bugünə qədər intiharlar olub. Bu baxımdan, intihar yalnız Azərbaycanda deyil, digər ölkələrdə də tez-tez baş verir. Bu, yolverilməzdir. Etiqadı güclü insanlar nadir hallarda özünə qəsd edər. Çünki onlar intiharın sonunun əbədi cəhənnəm olduğunu bilirlər". news.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR