Baş Təhsil İdarəsinin rəisi: “Məktəb direktorlarının üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirilməsi vacibdir”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, müşavirədə BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumi təhsil müəssisələrinin qarşısında duran prioritet istiqamətlərdən danışıb.

R.Tağıyev ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verib.

Həmçinin, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, pedaqoji əməkdaşlığın gücləndirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, şagirdlərin milli ruhda tərbiyə edilməsi və digər müvafiq məsələlərə də toxunub.

Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və səmərəli idarəetmənin rolunun artırılmasının əsas hədəflərdən biri olduğunu xatırladan R.Tağıyev məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə məktəb idarəetməsi, təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması, valideynlərlə işin qurulması, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması kimi məsələlər də müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR