Siyasi maraqlar media müstəvisində müzakirə edildi

Bakıda Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusunda dəyirmi masa keçirilib

Olaylar.az xəbər verir ki, tədbirdə  Mətbuat Şurası İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Avropa Liqasının final oyununun Bakıda keçirilməsi böyük hadisədir: "Finalçılar məlum olduqdan sonra xarici xəbər portallarında məlumatlar dərc olunur. Böyük Britaniya hökuməti bəyanat verdi ki, Azərbaycana gedərkən ehtiyatlı olun. Bundan sonra bəzi mətbuat orqanları Londonun Bakıdan uzaq və qiymətlərin baha olduğunu bildirdilər. Bu kimi xəbərlər əksər KİV-lərdə və erməni mətbuatında yer aldı. Ən çox da erməni əsilli futbolçunun ölkəyə gəlməsi ilə bağlı fikirlər səsləndirildi. Bu kimi fikirlər Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində daim səsləndirilir. Bir sıra siyası qurumlar ölkəmizin uğurunu götürməyərək bu kimi qara niyyətlərini həyata keçirmək fikrinə düşürlər. Bəyan edirik ki, ölkədə dinindən, irqindən asılı olmayaraq, hər kəsin təhlükəsizliyi yüksək səviyyədə qorunur".

"Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı bildirib ki, Böyük Britaniya XİN-in sözügedən bəyanatı həqiqətən qərəzli və böhran xarakterlidir: "Azərbaycan paytaxtı bu gün dünyanın ən sabit şəhərlərindən biridir. Ümumiyyətlə  Azərbaycan bu gün Cənubi Qafqazda ən sabit ölkədir. Son 25 ildə Azərbaycanda hər hansı terror aktı baş verməyib. Amma bir çox Avropa ölkələrinin paytaxtlarında, o cümlədən Londonda dəfələrlə terror aktı törədilib. Bu baxımdan Britaniya XİN-in bəyanatı anlaşılan deyil, qərəzlidir. Çox təəssüf ki, Azərbaycan hər dəfə beynəlxalq tədbirlər ərəfəsində bu cür qara piarla üzləşir. Bakıda bir nəfər də olsun kriminal avtoritet yaşamır. Amma dünyanın ən inkişaf etmiş ölkələrinin paytaxtlarında, böyük şəhərlərində mafioz qruplar, kriminal avtoritetlər var. Sözügedən bəyanatda küçələrin işıqlandırılmasının həyata keçirilmədiyi qeyd olunub ki, bu da absurddur. Azərbaycan multikultualizm, tolerantıq mərkəzidir. Bu qərəzli münasibətə ən böyük cavab odur ki, Azərbaycanda BP kimi nəhəng Britaniya şirkəti çox rahatca neft çıxara bilir və onun, eləcə də digər ingilis şirkətlərinin əməkdaşlarına heç bir təhlükə yoxdur, olmayıb və olmayacaq da. Bu baxımdan mən hesab edirəm ki, belə bir bəyanatın hazırlanması çox yerində atılan addımdır və lazımlıdır".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid təklif edib ki, Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya diplomatlarına, əməkdaşlarına müraciət edilsin:
"Bakıdakı barlarda gecələr ən çox olanlar da məhz ingilislərdir. Desinlər görək, onlara qarşı hər hansı təhlükə olubmu?! Digər tərəfdən, bu bəyanat özünü sığortalamaq üçün lazımdır. Çünki özləri də bilirlər ki, ingilis azarkeşlər necə çılğındır. Azərbaycan vətəndaşları təmkinli olmalıdırlar".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Avropanın əksər ölkələri kriminallıq baxımından Azərbaycandan qat-qat üst sıralarda yer tutur: "Azərbaycanda keçirilən tədbirlərdə hər zaman təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Bütün tədbirlər yüksək səviyyədə təşkil edilib. Belə çıxışlar ölkəmizə qarşı təxribat və böhtan xarakteri daşıyır. Hesab edirəm ki, mayın 29-da keçiriləcək final oyunu yüksək səviyyədə baş tutacaq".

Daha sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, siyasi ekspert Azər Həsrət, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli İngiltərə mediasında yaranan bu ajiotajın qərəzli olduğunu bildiriblər. 

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR