Azərbaycanda inkuliziv təhsilin genişləndirilməsi vacib sayılıb

Milli Məclisdə müxtəlif komitələri təmsil edən bir qrup deputatla YUNİSEF-in nümayəndə heyətinin görüşü olub. "Olaylar" xəbər verir ki, görüşdə  inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirə aparılıb. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Görüşü Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev açıb. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ölkəmizdə əlilliyi olan uşaqlarla bağlı səmərəli tədbirlərin həyata keçirildiyini məmnunluqla vurğuladı, 2017-ci ilin dekabrında qəbul olunmuş "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın əhəmiyyətini yüksək dəyərləndirdi. Bildirdi ki, inklüziv təhsilin genişləndirilməsi üçün təhsillə bağlı qanunvericilik aktlarına müəyyən dəyişikliklər olunmasına ehtiyac var.

Görüşdə inklüziv təhsil üzrə beynəlxalq ekspert Piter Qrayms YUNİSEF və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "İnklüziv təhsilin genişləndirilməsi" layihəsi barədə ətraflı məlumat verdi, tövsiyələri diqqətə çatdırdı. Qeyd etdi ki, bu proqram üzərində iki ildən çoxdur Təhsil Nazirliyi ilə birgə işləyirik. BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyası əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə onların bilik göstəriciləri daha yüksək olur.  YUNİSEF təmsilçiləri inklüziv təhsilin tətbiqi sahəsində Milli Məclisin və Azərbaycan hökumətinin gördüyü işləri bir daha razılıqla vurğuladılar. Milli Məclisin deputatları qeyd etdilər ki, Azərbaycan parlamenti tərəqqiyə xidmət edən istənilən məsələnin müzakirəsində və həllində əməkdaşlığa hazırdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR