Nazir müavini şimal bölgəsinin təhsil işçiləri ilə görüşüb

Mayın 20-də Quba  şəhərindəki  Heydər Əliyev Mərkəzində  Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. "OLAYLAR"-a Təhsıl Nazirliyindən bildirilib ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin  Ümumi və  məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov,  Quba, Qusar,  Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və qabaqcıl  təhsil işçiləri iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan, "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində həyata keçirilən tədbirlərdən və son illərdə əldə olunan nailiyyətlərdən danışıb.  Şagirdlərin azərbaycançılıq  məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. Həmçinin təhsil müəssisələrinin pedaqoji əməkdaşlıq məsələlərini diqqətdə saxlamasının vacibliyini qeyd edib. 

Təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açan Məhəbbət Vəliyeva təhsil sistemində yeni yanaşma metodlarından və  idarəetmənin təkmilləşdirilməsindən danışıb.

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Daha sonra 2018-2019-cu tədris ili ərzində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib.

Sonda təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR