AzMİU-da İtaliya – Azərbaycan Dizayn Mərkəzi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya - Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki.  mərasimdə təhsil naziri Ceyhun Bayramov, İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massarini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov iştirak edib.   

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş sözü ilə tədbiri açaraq gələn qonaqları salamlayıb. Rektor ötən ilin  iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin görüşündə iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin imzalandığını, eləcə də AzMİU ilə Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını yada salıb. Gülçöhrə Məmmədova qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya - Azərbaycan Dizayn Mərkəzinin yaradılması təşəbbüsü olub.

Gülçöhrə Məmmədova AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyini və bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib.

Təhsil naziri Ceyhun Bayramov yeni mərkəzin açılması münasibəti ilə AzMİU kollektivini təbrik edib, professor-müəllim heyətinə yaradıcılq uğurları arzulayıb. Nazir ümidvar olduğunu bildirib ki,  mərkəz ölkəmizdə dizayn ixtisasının daha yüksək səviyyəyə qaldırılmasına və inkişaf etdirilməsinə böyük töhfə verəcək.

İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massarini də təbriklərə qoşulub, yaradılmış mərkəzin dizayn ixtisasında oxuyan tələbələrin mütəxəssis kimi yetişməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR