Hazırda məhkəmələrin iş yükü çoxdur

Yeni altertaniv mexanizm və ixtisaslaşmış məhkəmələrin yaradılması bu iş yükünün azalması və daha qısa müddətdə, ixtisaslaşmış hakimlər tərəfindən baxılmasına imkan verəcək

Son bir neçə ay ərzində ölkədə demək olar ki, bütün sahələri əhatə edən islahatlar həyata keçirilir. İstər iqtisadi, istər sosial, istərsə də məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar öz-özlüyündə yalnız bəlli bir sahəni deyil,  həyatımızın bütün sahələrini əhatə edir, təsir göstərir. Xüsusilə də, sahibkarlar, iş adamlarına. Əgər iqtisadi sahədə həyata keçirilən islahatlar sahibkarlar, iş adamlarını əlavə vergi yükü, yaxud ölkəyə idxal etdikləri məhsullara tətbiq edilən rüsumlardan müəyyən mənada azad edir, onlara qarşı bəzi iqtisadi məhdudiyyətləri aradan qaldırırsa, məhkəmə-hüquq islahatları isə sahibkarlara qarşı hüquq pozmaların qarşısını alır, onların haqsız yerə məhkəmə predmetinə çəkilməsini önləyir.  Etiraf edək ki, ötən illər ərzində həm bu sahədə mpvcud olan boşluqlar səbəbindən, həm də bəzi dövlət qurumlarının öz səlahiyyətlərindən sui-istifadə etməsindən dolayı yüzlərlə sahibkar, iş adamı əsassız yoxlamalara məruz qalmış, onların fəaliyətinə əsassız müdaxilələr olmuş və məhkəmə predmetinə çevrilmişdi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bvir müddət əvvəl məhkəmə-hüquq sistemində islahatlara dair atdığı addımı müsbət qiymətləndirən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev hesab edir ki, "Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı Azərbaycanın məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır. Onun sözlərinə görə, çünki islahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını zəruri edir. "Xatırladım ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən başlayıb və 1995-ci il 12 noyabrda müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib, ədalət mühakiməsinin qanunvericilik bazası formalaşdırılıb. Dövlət başçısının imzaladığı bu Fərman isə formalaşdırılmış məhkəmə-hüquq sistemininin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, ən mütərəqqi beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur", Konfederasiya sədri bildirib ki, Fərmanla Azərbaycanda sahibkarların şikayətlərinin daha çevik həll edilməsi, qərarların icrasının daha sürətli həyata keçirilməsi üçün özəl icra qurumunun yaradılmasının nəzərdə tutulub: "Eyni zamanda elektron məhkəmə sisteminin əhatə dairəsi genişləndiriləcək, məhkəmə işlərinə baxılmasında elektron resurslardan istifadənin səviyyəsi yüksələcək, elektron imzanın tətbiqi sahələri artırılacaqdır. Bununla yanaşı, vergi, gömrük, sosial sığorta ödənişləri üzrə ixtisaslaşmış məhkəmələrin, sahibkarlıq subyektləri ilə bağlı məhkəmə mübahisələri üzrə alternativ həll mexanizmlərinin - Arbitraj, Mediasiya institutlarının tətbiqi mübahisələrin həllində çevikliyi artıracaq. Nəticədə proseslərin müddətinin uzadılmasının qarşısı alınacaq və şikayətlərə baxılma müddətləri azalacaq". Məmməd Musayev qeyd edib ki, hazırda məhkəmələrin iş yükü çoxdur və yeni altertaniv mexanizm və ixtisaslaşmış məhkəmələrin yaradılması bu iş yükünün azalması və daha qısa müddətdə, ixtisaslaşmış hakimlər tərəfindən baxılmasına imkan verəcək: "Sabit məhkəmə praktikasnın formalaşdırılması isə hüquq sisteminə inamın güclənməsinə səbəb olacaq. Fərmanda Azərbaycan Sahibkarlar Konfederasiyasına tövsiyyə edilmiş məsələlər də vardır və bununla bağlı sahibkarlardan, hüquqşünaslardan ibarət işçi qrup yaradılıb. Fərmanın icrası ilə bağlı Ədliyyə Nazirliyi yanında yaradılmış işçi qrupunda da Azərbaycan Sahibkarlar Konfederasiyası təmsil olunur.

Məlumat üçün: 1 aprel 2019-cu il tarixinə Azərbaycanda 996 min 296 sahibkarlıq subyekti fəaiyyət göstərir. Onlardan 133 min 541-i müəssisə və 862 min 755-i isə fərdi sahibkarlıq subyektidir. Azərbaycanda qeydiyyatda olan müəssisələrin 90.9%-i və ya 121 min 336-sı xüsusi müəssisələrdir.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR