Oruc mənəviyyatımıza mənfi təsir edən ünsürlərin qarşısını almaq üçündür

Artıq müqəddəs Ramazan ayının yarısını demək olar ki, arxada qoymuşuq. Cəmiyyətdə aparılan müşahidələr, təhlillər onu deməyə əsas verir ki, ildən-ilə bu müqəddəs ayda oruc tutanların sayı artır. Ancaq bir mənfi tendensiya da var ki, oruc tutan bir çox müsəlman və bacı qardaşlarımız günün müəyyən bir vaxtını yemək-içməkdən uzaq durmaqla kifayətlənib Allahın bu şərtini icra etdiyini düşünür. Yəni, hesab edilir ki, oruc tutmaq yalnız ac qalmaqdan ibarətdir. Halbuki insan təkcə nəfsi ilə deyil, eləcə də gözü, əxlaqı, duruşu, davranışı ilə də oruc tutduğunun fərqində olmalıdır. Elə əksər ilahiyyatçı ekspertlər də bu qənaətdədir.

İlahiyyatçı Hacı Ceyhun Şükürov da deyir ki,  Ramazanın, xüsusən orucun bizdən tələbi heç də gün çıxandan gün batana kimi yemə və içməni tərk etmək deyil. Onun sözlərinə görə,  bu tələblərdən biridir: "Bununla yanaşı dilimizə, gözümüzə qulağımıza və qəlbimizə də oruc tutmalıyıq. Hədislərin birində deyildiyi kimi oruc tutduğu halda yalan danışanın aç və susuz qalmasına Allahın heç bir ehtiyacı yoxdur. Oruc bizim mənəvi üfüqümüzü genişləndirmək üçün Allahın bizə əmr etdiyi vaciblərdəndir. Namaz həqiqi qlanları pis və çirkin işlərdən qoruyursa, Oruc da bu qəbildən mənəviyyatımıza mənfi təsir edən ünsürlərin qarşısını almaq üçündür. Nə yazıq ki, namaz qılıb oruc tutanların əksəriyyəti Allahın bizdən istədiyi bu əsil qayəni anlamaqda çətinlik çəkir. Namaz bizim həm maddi, həm də mənəvi təmizliyimizə xidmət etdiyi kimi oruc da dilimizin "mədəsini",qulağımızın "mədəsini" gözümüzün "mədəsini" tərbiyələndirmək üçündür. Dinimizin bizə buyurduğu bütün əməllər cəmiyyətin mənəvi saflığını qorumaq üçündür". Ceyhun Şükürov deyib ki, Allahın və Peyğəmbərin buyruqları mənəvi dəyərlərə qarşı olan bütün çirkin və pis xüsusiyyətlərdən çəkindirməklə yanaşı,bu dəyərləri qoruyub onu inkişaf etdirməyi bizdən tələb edir: "Allahın əmir və qadağalarının cəminə nəzər salsaq görərik ki, bu din bizdən üç xüsusa çox həssas yanaşmamızı tələb edir. Birincisi, Allahın bir olmasını və bütün ibadətlərin yalnız Ona şamil edilməsi və Ondan başqasına ibadət edilməsini inkar etmək. İkincisi, bütün növ haqq və hüquqların qorunub saxlanılması. Kimliyindən, ictimai və siyasi vəzifəsindən asılı olmayaraq hər kəsin bu qaydalara diqqətlə nəzər yetirməsi. Üçüncüsü, yuxarıda qeyd olunanların davamiyyətli olması üçün əsas meyar olan əxlaq prinsipidir ki, özündən əvvəl gələn iki böyük prinsipin bütün mötəviyyatını özündə cəm edir. Qurani-Kərimə diqqətlə nəzər salsaq Tövhid, Hüquq və Əxlaq prinsiplərindən kənara çıxmır. Dini vəcibələr də bu prinsiplər sayəsində cəmiyyətdə olan bütün fərdlərin, yəni insanın malını, canını və namusunu qorumaq üçün buyrulmuşdur.Nədənsə bəzi kəsimlər buna dini ideologoya deyib sanki hansısa fəlsəfi bir cərəyanın nəzəriyyəsi kimi görür və ona əməl etməsəm də olar düşüncəsindədirlər. Xeyir bu heç də hər hansı bəşəri bir nəzəriyyə deyil, İlahi bir nizamdır. Bizlər bu ilahi nizamın qorunmasına nə qədər səhlənkar yanaşdığımızı cəmiyyətin mənəvi uçuruma yuvarlanmasında görə bilərik. Bizlər nə qədər Allah və Rəsulunun dediyindən uzaq dursaq, nə qədər dinin bizdən tələb etdiklərinin əsl mahiyyətini anlamayıb onlara dırnaqarası baxsaq, cəmiyyətdə mənvi pozğunluqlar bir o qədər həddindən artıq qabarıq formada olacaqdır".

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov isə bildirib ki, indi də təzə bir şüar səsləndirirlər. "Ruhun oruc deyilsə,cisminə zərər vermə". Onun sözlərinə görə, bu şüar əslində insanı çaşdırır: "Oruc tutan şəxsin günahlarına görə bu sözü deyirlər. Yəni, oruc tutan şəxs Allaha inanır, Allah üçün oruc tutur. Allahın əmr olduğu üçün oruc tutur. Di gəl ki, Ramazan ayına qədər Allahın əmrlərindən heç nəyi etməyib, əksinə bütün qadağanlarını pozacaq bir həyat yaşayıb. Belə bir şəxsin orucunun qəbul olub olmamasını iddia etmək doğru deyildir. Çünki, oruc tutanlar əgər orucun şərtlərini yerinə yetirərək tutublarsa, həmin oruc Allaha aiddir və onun mükafatını Allah verəcək. Hər bir yaxşılıq insanı özündən digər bir yaxşılığa aparır. Hər bir günah da insanı özündən daha başqa bir günaha aparır. Ona görə də Ramazan ayında insanın oruc tutmağa başlaması yaxşılığa başlamasıdır. Eybi yox, əvvəllər nə qədər günah edibsə də, haram işlər tutubsa da orucunu tutmağa gücü çatırsa tutmalıdır. Əgər biz etdiyimiz günahlara görə savab işləri yerinə yetirməyi tərk etsək, onda həyatımızda və yuxularımızda hərc-mərclik baş verər. əsəblərimiz korlanar və.s". Əkrəm Həsənov deyib ki, insan etdiyi yaxşılıqlara görə həyatda ümidlənib yaşayır: "Ona görə də oruc tutan adam Allahın əmri olduğu üçün, ona yaxınlaşmaq məqsədi ilə oruc tutursa səmimi sayılır və ola bilər orucu qəbul oluna bilər. Çünki, bir qüdsü hədisdə Allah Rəsulu buyurur ki, Allah dedi ki, qulum mənə görə yeməsini, içməsini tərk edir, onun da mükafatı mənə aiddir". İlahiyyatçı onu da qeyd edib ki, bir ara oruc tutmaq dəb halını almışdı: "Hamı baxıb bir-birinə oruc tuturdu. Burada da qəbahət bir şey yoxdur. çünki, əvvəl insan başqa niyyətlə yaxşılığa başlaya bilər, əvvəl oruc tutan insan arıqlamaq, pəhriz, dəb üçün oruc tutmaya başlaya bilər. Sonra etdiyi bu yaxşı ibadətə görə Allah onu düzəldib doğru yola yönəldə və hər iki dünyada ona kömək edə bilər".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR