Sosial şəbəkələrdən qeyri-düzgün istifadə uşaqların cinsi istismarına yol açır

Sevinc Fətəliyeva: "Bu problemin həllində sistemli hərəkət etmək lazımdı"

Hazırda bütün dünyada uşaqlara qarşı cinsi istismar hallarının artımı müşahidə olunmaqdadır. Ekspertlərin qənaətinə görə, belə halların artımı son illərin psixoloji problemlərinə aid bir məsələdir. Hazırda nevroz, depressiya, intihara meyl kimi hallar necə yaranıbsa, cinsi istismar da eyni şəkildə yayılıb. Lakin uşaqlara qarşı cinsi istismar təkcə psixoloji problem deyil. Son illərdə informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişlənməsi bu kimi halların artımına səbəb olur. Odur ki, zəmiyyət və dövlətlər üçün təhlükəli hesab olunan belə halların qarşısının alınması məqsədilə milli qanunvericiliklə yanaşı,"Uşaqların Cinsi İstismar və Seksual Xarakterli Hərəkətlərdən Müdafiəsinə dair Avropa Şurası Konvensiyası" qəbul edilib. Sənəddə qeyd edilir ki, uşaqların cinsi istismarının, xüsusilə də uşaq fahişəliyinin və seksual xarakterli hərəkətlərin bütün formalarının, habelə xaricdə törədilən hərəkətlərin uşaqların sağlamlığına və psixisosial inkişafına məhvedici təsir göstərdiyi müşahidə olunmaqdadır. Uşaqlara qarşı cinsi istismarın və seksual xarakterli hərəkətlərin həm milli, həm də beynəlxalq səviyyədə narahatlıq yaradan miqyasa çatması, xüsusilə də həm uşaqların, həm də qanun pozucularının məlumat və kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişlənməsi, uşaqların cinsi istismarı və seksual xarakterli hərəkətlərin qarşısının alınması və onlarla mübarizə beynəlxalq əməkdaşlığı zəruri edir. Buradan o anlama gəlmək mümkündür ki, uşaqların cinsi istismarının qarşısının alınması artıq qlobal məsələyə çevrilib. Təsadüfi deyil ki, Avropa Şurasında uşaqların onlayn cinsi istismarı və sui-istifadəsinin qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün çoxsahəli əməkdaşlığa dair beynəlxalq konfrans təşkil edilib. Milli Məclisin deputatı, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda uşaqlara xüsusi diqqət yetirilir. Uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsi istiqamətində sənədlər qəbul edilib və bunlar nəzərə alınıb: "Uşaqlarla bağlı məsələlər dövlət siyasətimizin əsas prioritetlərindəndir. İnsan hüquqlarında uşaq hüquqları hər zaman əsas amil kimi qəbul olunub. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq dəyişiklik edilərək "Operatorların və provayderlərin vəzifələri"nə "uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək", "Abunəçilərin hüquq və vəzifələri"nə isə "uşaqların sağlamlığına və inkişafına zərər yetirən informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək" müddəaları daxil edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun qəbul edilib".

Deputat vurğulayıb ki, qanunun icra olunması və orada qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün əlaqədar dövlət qurumları tərəfindən genişmiqyaslı işlər aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin yaradılması bu sahədə işlərin daha da təkmilləşdirilməsinə zəmin yaradıb. Bundan əlavə, müntəzəm olaraq, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının iştirakı, gənclər və uşaqların fəal şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilir: "Cinayətkar qüvvələr internet vasitəsilə ən müxtəlif yaşı, etnik və mədəni mənsubluğu olan şəxslərə təsir göstərə bilirlər. Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxildir. Yeniyetmələrin diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirmək istəyi onların yad insanlarla münasibətlər qurmasına səbəb olur. Bu, real ünsiyyətdən heç də az təhlükəli deyil. Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar. Bu vəziyyət müxtəlif dövlət strukturlarının bir-biri ilə əlaqəli fəaliyyətini özündə əks etdirən kompleks yanaşma tələb edir. Bu məqsədlə də ölkəmizdə xidmətdən yararlanan istifadəçilərin müvafiq yaş kateqoriyasına aid hər növ təhlükəli məzmunlardan qorunması üçün bir sıra internet xidmət provayderləri tərəfindən "Təhlükəsiz internet" xidməti istifadəyə verilib". Deputat bildirib ki, bir çox ölkələrdə internetdən təhlükəsiz istifadə ilə bağlı problemlərlə məşğul olan təşkilatlar mövcuddur: "Belə təşkilatların fəaliyyətini dəstəkləmək və maarifləndirmə işlərində onlara yardım etmək vacibdir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin təşəbbüsü ilə "Kidsafe" proqramı hazırlanıb. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələr və sorğular haqqında məlumatlandırılmasına xidmət edir. Orta məktəblərdə uşaqların zərərli informasiyalardan qorunması istiqamətində bir sıra dövlət qurumları, eləcə də qeyri-dövlət təşkilatları tərəfindən təlimlər keçirilir". İnternetdə uşaq təhlükəsizliyi probleminin bütün səviyyələrdə - ailə, regional və beynəlxalq səviyyədə koordinasiyalı bir həll tələb etdiyini deyən S.Fətəliyeva bildirib ki, bu problemin həllində sistemli şəkildə hərəkət etmək, təkcə qanundan deyil, əxlaq normaları, texnoloji imkanlardan istifadə etmək lazımdır. Bu problemin həlli üçün yeni və ən effektiv mexanizm valideynlərin və uşaqların informasiya mədəniyyətinin formalaşması, valideynlər və uşaqlar arasında rəqəmsal və nəsillərarası boşluğun aradan qaldırılmasıdır. Nəzər almaq lazımdır ki, internet saytlar və sosial şəbəkələrin yaratdığı zorakılıq riskləri real həyatdakı zorakılıqdan daha təhlükəlidir.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR