Miqrasiya Məcəlləsində dəyişiklik ediləcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. "Olaylar"ın məlumatına görə, komitənin sədri Əli Hüseynli bildirib ki, gündəlikdəki birinci məsələ "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Bu Saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək. Saziş layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Sonra Əli Hüseynli diqqətə çatdırıb ki, gündəlikdəki ikinci məsələ "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsidir (birinci oxunuş).Komitə  sədri bildirib ki, ölkəmizdə turizm sürətlə inkişaf edir, mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Belə bir şəraitdə Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi də gündəlikdə dayanır. Layihə barədə məlumat verən Miqrasiya Xidmətinin Miqrasiya və Hüquqi Təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov bildirib ki, məcəllənin qəbul edildiyi 2013-cü ildən indiyədək ona bir neçə dəfə dəyişiklik edilib, bununla da bir sıra məsələlər tənzimlənib. Bugünkü dəyişikliklər isə 6 istiqamət üzrədir və əsasən əcnəbilərin olduğu yer üzrə qeydiyyat, viza proseduru, müvəqqəti yaşama icazəsi və digər məsələləri əhatə edir. Bu dəyişikliklərdə müəyyən olunmuş bir sıra prosedur müddətlərinin azaldılması və ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması öz əksini tapır. Dəyişikliklərdə viza prosedurunun sadələşdirilməsi və ölkəmizdə müvəqqəti yaşamağa icazə verən 13 halın 16-ya qaldırılması məsələləri əhatə olunur. Müzakirələr zamanı çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Azay Quliyev, Çingiz Qənizadə, Məlahət İbrahimqızı və Elşən Musayev Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikləri yüksək qiymətləndirib, qeyd və təkliflərini veriblər. Müzakirələrin sonunda Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR