Milli Məclisdə gənc diplomatlarla görüş keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən Türk Şurası Gənc Diplomatlarının Altıncı Birgə Təlim Proqramı iştirakçıları ilə görüşü olub. "Olaylar" xəbər verir ki, millət vəkili Səməd Seyidov gəncləri salamlayaraq onları belə önəmli layihədə təmsil olmaları münasibətilə təbrik etdi, peşəkar diplomat kimi formalaşmalarında bu proqramın əhəmiyyətli olduğunu söylədi. Onların burada əldə etdikləri bilik və təcrübənin gələcək fəaliyyətlərində faydalı olacağını dedi. Sonra gənc diplomatlara Milli Məclisin fəaliyyəti barədə məlumat verildi. Parlament komitələrinin qanun yaradıcılığı sahəsində gördüyü işlərdən danışıldı. Bildirildi ki, parlamentin bir çox üzvünü qadınlar təşkil edir. Qadın deputatlar Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunurlar. Diqqətə çatdırıldı ki, parlamentdə beynəlxalq münasibətlərə xüsusi önəm verilir. Azərbaycanın qanunverici orqanında  dünyanın müxtəlif ölkələri ilə 80-dən çox parlamentlətarası əlaqələr üzrə işçi qrupları mövcuddur. Deputatlarımız bir sıra mötəbər beynəlxalq təşkilatlarda  ölkəmizi layiqində təmsil edir, qaldırılan məsələlərlə bağlı fəallıq nümayiş etdirirlər. Səməd Seyidov AŞPA-da nümayəndə heyətinin rəhbəri qismində burada təmsil olunan  həmkarları ilə birlikdə qurumun bütün tədbirlərində aktiv iştirak etdiklərini söylədi.

Komitə sədri bildirdi ki, dövlətimiz öz xarici siyasətini qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurur. Ölkəmiz TAP, TANAP və digər beynəlxalq enerji layihələrinin fəal iştirakçısıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində böyük rol oynayır. Görüşdə iştirak edən deputat Asim Mollazadə Azərbaycanın regiondakı mühüm rolundan danışdı, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi önəm verildiyini söylədi, iqtisadi, sosial, humanitar sahələrdə əldə edilən nailiyyətlərdən söhbət açdı. Söhbət zamanı gənclərin Azərbaycanın qonşu ölkələrlə münasibətləri, dünyada və regionda baş verən son hadisələr, regional münaqişələr və onların həlli istiqamətində atılan addımlar və digər məsələlər barədə sualları ətraflı cavablandırıldı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR