Tələbələr dağ yəhudiləri sinaqoqunu ziyarət edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi paytaxtdakı dağ yəhudiləri sinaqoqunu ziyarət edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov tələbələrə Azərbaycanda yaşayan yəhudilər haqqında məlumat verib. O, yəhudilərin ölkəmizdə uzun əsrlər boyu digər xalqların nümayəndələri ilə çiyin-çiyinə yaşadıqlarını söyləyib. Qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub.

C.Məmmədov daha sonra qeyd edib ki, Azərbaycanda yaşayıb fəaliyyət göstərən azsaylı xalqın nümayəndələrindən biri olan dağ yəhudiləri cəmiyyətimizin bütün sahələrində dərin iz qoyublar. Azərbaycan torpaqlarının ərazi bütövlüyü təhlükə altına alınarkən, onlar da kənarda qalmayıblar. Cəsur tankçı Albert Aqarunov 1992-ci ilin mayında Şuşa şəhəri uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olub və ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Onun xatirəsi indiyədək Azərbaycan xalqının qəlbində yaşayır.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qeyd edib ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən artıq tarixi var. M.Yevdayev Azərbaycanın tolerantlıq rəmzi olduğunu və burada bütün dinlərin nümayəndələrinə eyni münasibətin göstərildiyini vurğulayıb.

Daha sonra Aİİ tələbələrinin yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında sualları cavablandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR