Quba rayonunda turizm imkanlarını genişləndirən yol yenidən qurulur

68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolu yenidən qurulur. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə,  Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və Iv texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir. Hazırda yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri həyata keçirilir. Bunun üçün 450 min kv.m sahədə əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilir. Yol boyu əsasın alt layının tikintisi demək olar ki, yekunlaşıb. Yolun 24 km-lik hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılaraq asfaltlanma işlərinə başlanılıb. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınır. Artıq yolun 12 km-lik hissəsinin asfaltlanması işləri bitib. Hazırda digər 12 km-lik hissədə işlər aparılır.

Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun çəkilişi həm də Quba rayonunda turizm imkanlarını genişləndirəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR