Sahibsiz küçə itləri ilə necə mübarizə aparmalı? ŞƏRH

Bütün ölkələrdə sahibsiz itlər var, amma hamısının boğazına xüsusi birkalar vurulur

Son günlər cəmiyyəti narahat edən əsas məsələlərdən biri də sahibsiz küçə itlərinin geniş yayılmasıdır. Düzdür, müvafiq qurumlar, aidiyyatı orqanlar, bu işlə məşğul olan təşkilatlar sahibsiz küçə itlərinin aşkar olunub zərərsizləşdirilməsi, onların ətraf mühitə vura biləcəyi təhlükələrin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər görsələr də, lakin problem müəyyən mənada qalmaqdadır. Bura həm maddi, həm də fiziki imkanları şamil etmək olar. Problem böyüdükcə isə sahibsiz küçə itləri cəmiyyət üçün real təhlükə mənbəyinə çevrilir. Elə bu günlərdə paytaxt rayonlarından birində azyaşlı uşağın sahibsiz küçə iti tərəfindən hücuma mərzu qalması və onun çoxsaylı xəsarətlər alması bunun əyani sübutudur.

Burada diqqət çəkən məqamlardan da biri ondan ibarətdir ki, sahibsiz küçə itlərinə qarşı necə mübarizə aparılması ilə bağlı cəmiyyətin özündə bir fikir ayrılığı mövcuddur. Bəziləri həmin itlərin öldürülməsi, bir qismi isə profilaktik tədbirlərlə zərərsizləşdirilməsini məqbul sayırlar.

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, sözügedən problem günümüzdə çox aktual bir məsələyə çevrilib: "Bir məsələ mənim üçün tam aydındır. Heyvanlara aqressiv münasibət göstərən şəxs heç zaman insanlara yaxşı münasibət göstərə bilməz. Sahibsiz itlərin öldürülməsini dəstəkləyən şəxs isə sabah çətinə düşəndə çəkinmədən sahibsiz insanları da tapdalayar. Çünki onlar üçün canlının statusu, yəni sahibsiz olub-olmaması, sahibinin imkanlı olub-olmaması vacibdir, nəinki canlının insan və ya heyvan olması. Mirzə Cəlilin "Qurbanəli bəy" hekayəsindəki "molodes sobak" ifadəsi havadan gəlməyib".

Samir Əliyev hesab edir ki, sahibsiz itlər doğrudan da təhlükə mənbəyidir və təcrübədə nəinki uşaqların, hətta böyüklərin qapılması hallarına da rast gəlmişik: "Bu, çox arzuolunmaz və təhlükəlidir. Bunun qarşısı alınmalıdır. Amma necə? Küçədə uşaqların gözü qarşısında güllələməkləmi? Axı itlərin kütləvi öldürülməsi onu müşahidə edən uşaqlar üçün psixoloji travma yaradır. Ölkədə normal bələdiyyə sistemi olsaydı insanlara qulaq asan qurum da olardı. Bu halda həmin itləri insanların, uşaqların gözü qarşısında gülləməkdənsə, onları maşınlara yığıb xüsusi saxlanma məntəqələrinə aparardılar və orda müvafiq tədbirlər görərdilər".

Hüquq müdafiəçisi Sahib Memmedov isə təəsüüf hissi ilə qeyd edir ki, bəzən bu məsələ belə siyasiləşdirilir. Azərbaycanda küçə itlərinin kütləvi şəkildə öldürülməsi ilə bağlı yalan məlumatlar yayaraq beynəlxalq aləmdə ölkəmiz barədə mənfi rəy formalaşdırılmağa çalışılır: "Təccüblü də olasa deyim ki, hətta küçə hevanlarına qarşı aqressiv çağırışların da bir hissəsi gözlənilən Aİ-Azərbaycan müqaviləsinin əngəlləməsi üçün edilir. Əlbəttə bu əksəriyyətə aid deyil. İnsanlar körpə uğağa qarşı baş verən hadisədən hiddətlənib və bu anlaşılandır. Sadəcə indi məqsədli adamlar bu məsələni qızışdırır, fikirləri toplayırlar, itlərin güllələnməsi ilə bağlı videoları, şəkilləri də əlavə edib yayırlar və mənbələrə göndərirlər.. Küçə heyvanları ilə bağlı hakimiyyət təxirəsalınmaz tədbirlər görməlidir. Onları məhv etmədən. Sivil dünya heyvanlara qarşı qəddarlığa çox dözümsüzdür və belə qəddarlıq edən cəmiyyətləri mədəni cəmiyyət saymırlar".

7 news.az saytının baş redaktoru Səbuhi Abbasov isə hesab edir ki, mövcud problem bu sahəyə məsul olan dövlət qurumlarının öz işinin öhdəsindən gələ bilməməsinin nəticəsidir: "Cəmiyyətdə baş verən əksər iyrəncliklərin mayasında korrupsiya və cəzasızlıq mühiti dayanır. Bir itin uşağı dişləməsi tək ailə üçün deyil, bütün cəmiyyət üçün sarsıdıcıdır. Ancaq bu heyvandır, şuuru yoxdur, instiktlə hərəkət edir, yəni beyinləri ölçüb-biçmə, məntiqi davranma, yaş üzrə seçim etmə mexanizminə malik deyil". Səbuhi Abbasov bildirib ki. bütün ölkələrdə sahibsiz itlər var, amma hamsının boğazına xüsusi bilkalar vurulur: "Bu bilkalar onların təhlükəsiz olduğunu təsdiqləyir. Onları qırmaq yox, dünyadakı təcrübədən istifadə edib eyni modeli tətbiq etmək lazımdır. Axi dövlət bu sahəyə Avropadakı ölkələrdən azı 3 dəfə çox maliyyə ayırıb. Bizdə isə aidiyyatı qurumlar çox güman ki, kağız üzərində ölkədə olan 500 min itin hamsının təhlükəsiz olduğunu təsdiqləyiblər, həmin bilkaların, quduzluq əleyhinə vaksinlərin vurulduğunu yazıblar. Milyonlar da belə gedir. Bir dəfə Hesablama Palatası bu qurumlara girsə hər şeyi açıq-aydın görəcəklər".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR