Kinoloq danışdı: “Sahibsiz itlər qısırlaşdırılsın”

Aprelin 18-də  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu küçə itinin hücumuna məruz qalmışdır. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb. Ağır yaralanan 4 yaşlı uşaq 1  saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.

Son günlər insanların sahibsiz küçə itlərinin hücumuna məruz qalması halları artıb. Bir çoxları çıxışyolu kimi sahibsiz itlərin öldürülməsini təklif edir.

Olaylar.az məsələ ilə bağlı kinoloq Etibar Orucovun açıqlamasını təqdim edir:

"Yaz və payız fəsilləri itlərin kürsüyə gələn vaxtlarıdır. Bu zaman onlar əks cinsilərini qoruduqlarına görə aqressiv olurlar. Heyvan şüursuz canlıdır. Bəzən qadına, uşağa təcavüz edən hansısa insanı öldürmürlər, ona müəyyən cəza tətbiq edib, cəmiyyətdən uzaqlaşdırırlar. Sahibsiz itlərlə bağlı  bu cür hadisələrin baş vermə səbəbi dövlət tərəfindən küçə itlərinin yığılıb qısırlaşdırılmamasıdır. Bu heyvanlar qısırlaşarsa, bu cür xoşagəlməz hadisələr olmayacaq. Bununla bağlı bəzi qurumlar yaradıldı. Amma sahibsiz küçə itləri o qədər çoxdur ki, bütün itləri zərərsizləşdirməyə onların gücü çatmır. Qısırlaşdırmaq problemin hələ tam həlli deyil. Qısırlaşandan sonra küçə itlərinin saxlanılması üçün yerlər lazımdır."

Quduzluğun  bir xəstəlik olduğunu qeyd edən kinoloq bildirdi ki,  bu xəstəlik hətta insan ölümünə belə səbəb ola bilər: "Bu vəhşi heyvanlarda olur. Heyvanlar əks cinsini insanlardan qorumaq üçün onlara hücum edir. Bir kinoloq kimi bu hal məni də narahat edir. Bir daha təklif edirəm ki, sahibsiz itlər qısırlaşdırılsın və xüsusi yerlərdə saxlanılıb, qulluq edilsin.

İtlərin hamısını yığıb, öldürək fikirləri və təklifləri doğru deyil. Amma mən insanları da anlayıram ki, bu gün onların həyatı üçün real təhlükə var. Bu problem heyvansevərlərin və ya digər insanların həll edəcəyi məsələ deyil. Aidiyyatı qurumların məsuliyyətində olan məsələdir. Yaxşı olar ki, dövlət bu məsələni həll etsin.

İnsanların bu problemi necə həll edəcəkləri məsələsinə gəldikdə isə mən özüm bir küçə iti götürüb sahiblənmişəm. Əgər heyvansevərlərin hərəsi bir küçə itini sahiblənsə, onu peyvəndlərini vaxtı-vaxtında etsə, o zaman küçədə aqressiv it qalmaz. Bəlkə də heç dövlətə də ehtiyac olmayacaq."


 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR