Rektor ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.

Olaylar.az bildirir ki, səfiri yeni təyinatı münasibəti ilə təbrik edən rektor Azərbaycan və ABŞ arasında olan yüksək səviyyəli ikitərəfli münasibətlər haqqında danışıb. Kamal Abdulla ümidvar olduğunu bildirib ki, Örl Litzenberqerin səyləri nəticəsində ikitərəfli əlaqələr bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən rektor xüsusi vurğulayıb ki, multikulturalizm siyasəti ölkəmizdə uğurla həyata keçirilir.

Örl Litzenberqer səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycanın mədəniyyəti, azərbaycanlıların qonaqpərvərliyi haqqında yüksək fikirlər səsləndirən səfir eyni zamanda Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzinin uğurlu fəaliyyətinə də toxunub.

Səfir əlavə edib ki, diplomatik fəaliyyətində tələbə mübadiləsini gücləndirməyə, mübadilə proqramlarını inkişaf etdirməyə xüsusi diqqət göstərəcək: "Bu, mənim əsas məqsədlərimdən biridir. Azərbaycanın hər yerində tələbələrin ingilis dilini öyrənməsi imkanlarını artırmaq da əsas hədəflərdən biridir. İlkin müşahidəm odur ki, azərbaycanlı gənclər ingilis dilini öyrənməyə böyük maraq göstərirlər. "Səfir saatı" layihəsində mühazirə oxumağı isə böyük məmnuniyyətlə qəbul edirəm".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR