DGK ittihamlara cavab verdi

Bəzi kütləvi informasiya vasitələrində ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edildiyi ilə bağlı, eləcə də gömrük orqanlarını inhisarçılığı qorumaqda, rüşvət almaqda günahlandıran iftira və böhtan dolu, həqiqətə uyğun olmayan məqalə dərc edilib. Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olaylar"a bildirilib ki, inhisarşılığın nə olduğunu bilməyən yazı müəllifinin diqqətinə çatdırırıq ki, bu gün istənilən şəxs ölkəyə avtomobil gətirə bilər və burda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. O ki qaldı ölkəyə idxal edilən minik avtomobillərinin rəsmiləşdirilməsi zamanı ödənilən vergi və rüsumlara, Dövlət Gömrük Komitəsi bildirir ki, ödənilən vergi və rüsumlar Azərbaycan Respublikasının Vergi Məcəlləsivə Nazirlər Kabinetinin 500 saylı qərarı ilə tənzimlənir.Ölkə ərazisinə gətirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı anlaşılmazlıqların baş verməməsi məqsədilə həmin avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün ətraflı məlumatların (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s. ) qabaqcadan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə təqdim edilməsi tələb olunur və bu barədə Komitə ictimaiyyət üçün dəfələrlə açıqlamalar yayımlayıb.

Rüşvətlə bağlı iddialara gəlincə isə, hər hansı nöqsanın müəyyən edilməsi üçün konkret faktlar üzrə araşdırma aparmaqla həqiqəti ortaya çıxarmaq mümkündür. Lakin gömrük orqanlarını rüşvət və inhisarçılıqda günahlandıran həmin yazıda gömrük qanunvericiliyinin pozulmasına dair konkret hər hansı faktın yer almaması, beş il bundan öncə gömrük xidmətinə qarşı irəli sürülən haqsız iddianın təkrar gündəmə gətirilərək xüsusilə qabardılması yazının da konkret məqsədlər, yəni gömrük orqanları və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq niyyətilə yazıldığının və yayımlandığının sübutudur. Sağlam tənqid cəmiyyətin inkişafını təmin edən əsas amillərdəndir və ölkəmizin gömrük orqanları da hər zaman sağlam tənqidi yüksək qiymətləndirərək öz işini vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində qurur.Ancaq bəzi hallarda media qurumları və şəxslər tərəfindən tənqid öz kontekstindən çıxarılaraq təhqirlərə,sifarişli yazılara,Komitənin və onun rəhbərliyinə qarşı qaralama kampaniyasına çevrilir ki, bu da yolverilməzdir. Dövlət Gömrük Komitəsi birdaha media qurumları və onun nümayəndələrinə gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən konkret faktlara əsaslanmağı tövsiyyə edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR