Valideynlərin ikinci evliliyi uşaqlara necə təsir göstərir – Psixoloqlar danışdı

Çox zaman valideynlərin ikinci evlilikləri uşaqların psixoloji durumları üçün təhlükə hesab edilir. Cəmiyyətimizdə "ögey ana", "ögey ata" ifadələri heç də hər zaman xoş xatırlanmayıb.

Olaylar.az psixoloqlarla birgə uşaqları valideynlərin ikinci evliliyinə necə hazırlamalı və ikinci evliliyin uşaqlar üçün hansı müsbət və mənfi tərəflərinin olduğunu araşdırıb.

"Təmiz dünya" İctimai Birliyində fəaliyyət göstərən psixoloq Sona Davudova bildirir ki, həyatın təbii gedişatı daxilində ailələr, ölüm və ya boşanma səbəbi ilə dağıla bilər: "İstər ölüm, istərsə də boşanma halı şəxsin psixoloji vəziyyətinə öz mənfi təsirlərini göstərir. Bundan sonra isə ailə mühitinə olan ehtiyac duyğusundan irəli gələrək və ya həyatın məsuliyyəti ilə tək başa çıxmanın çətinlikləri səbəbi ilə şəxs yenidən nikaha daxil omaq, ailə qurmaq qərarına gələ bilər. İkinci evlilik əvvəlki evliliyin oxşarı ola bilər, lakin, əvvəlki ailə həyatının oxşarı olmayacaq.

İkinci evlilikdə qarşılaşılan ən böyük problemlərdən biri uşaqlardan gələn reaksiyalardır. Çünki, uşaqlar özlərinin hər hansı mənfi davranışını valideynlərinin boşanma səbəbi olaraq görüb, günahkarlıq duyğusuna qapıla bilər. Hətta boşanmadan sonra belə uşaqlar yenidən valideynlərinin birləşəcəyi ümidi ilə yaşayırlar. Bu səbəbdən valideyninin başqası ilə evlənmə qərarı uşaqlara xəyal qırıqlığı yaşada bilir. Bu halda ilk olaraq edilməli olan valideynin özü tərəfindən uşağa xüsusi həssaslıqla bu xəbərin verilməsidir. Valideyn danışarkən uşağın yaşını və otaqda tək olmalarını nəzərə almalıdır. Valideynlər boşanmalarında uşaqların günahı olmadığını, əvvəlki kimi onlara diqqət göstərəcəklərini, onları birlikdə böyütməyə davam edəcəklərini uşağa bildirməli və buna əmin etməlidirlər".

Sona Davudova qeyd edir ki, uşağa da hisslərini ifadə etmək hüququ verilməli, sualları varsa cavablandırmalıdır: "Belə bir qərar böyük ehtimalla uşaq tərəfindən yetkinliklə qarşılanmayacaq. Valideynlər buna hazırlıqlı olmalıdır. Evlilik şəxsin öz həyatı ilə əlaqəli qəbul etdiyi bir qərardır. Bu qərarı alarkən uşaqdan icazə istəmək uşağın yaşına uyğun olmayan bir məsuliyyət duyğusu ilə yüklənməsinə səbəb ola bilər. Uşaqlar valideynin yeni evliliyinə psixoloji olaraq nə qədər hazırlıqlı olmuş olsalar belə müəyyən problemlərin yaşanılması qaçınılmazdır. Xüsusən ilk zamanlarda uşaqlar yeni gələn şəxsə necə xitab edəcəyi ilə bağlı çətinliklər yaşaya bilir. Prosesi qısaltmaq üçün yeni şəxsə ana və ya ata deyə müraciət etməsinə məcbur etmək yanlış mövqedir və heç bir işə yaramaz. Bundan başqa uşaqlar ögey valideynin davranışlarını, ona qarşı rəftarını öz doğma valideyni ilə müqayisə edib, onu bir rəqib, dəvətsiz qonaq, hətta düşmən gözündə görə bilərlər. Heç bir uşaq valideyninin ona qarşı sevgisini başqası ilə bölüşmək istəməz. Valideynin ikinci evliliyindən sonra uşaqlar doğma valideyni başqası tərəfindən əlindən alınmış hissini yaşaya və "məni yenə əvvəlki kimi sevəcəkmi?" kimi şübhələrə qapıla bilər. Bu səbəbdən uşağın bu vəziyyətə uyğunlaşması zaman ala bilir. Evlənən valideyni ilə birlikdə yaşamayan uşaqlar isə valideynin evləndiyi şəxsi ögey valideyn kimi deyil, sadəcə ata və ya anasının həyat yoldaşı kimi qavrayar".

Uşağın yeni həyat yoldaşına tez-tələsik alışmasını gözləməyin də də haqsızlıq olduğunu bildirən Sona Davudova qeyd edir ki, uşaqlar ancaq yeni evliliyin yolunda getdiyini, ana, ya da atalarının dinc olduğunu, özlərinin eşidilib başa düşüldüyünü hiss edərlərsə vəziyyətə alışmaları çox daha problemsiz və asan olacaq: "Bunun üçün də zamana ehtiyacları var. Müşahidələr göstərir ki, ikinci evlilik uşağın kiçik yaşlarına və yeniyetməlikdən sonrakı dövrlərinə təsadüf edirsə problemlərin yaranma ehtimalı daha az olur. Xüsusən yeniyetməlik dövründə yaranan ikinci evlilik uşağın yeni ailəyə, ögey valideynə uyğunlaşmasında çətinliklər yarada bilər. Evlənən şəxslər isə ilk öncə uşaqlı bir şəxslə ailə qurduğu reallığını qəbul etməlidir. Ögey valideyn olmaq asan bir öhdəlik deyil. Şəxs uşağı tanımağa çalışmalı, onun əvvəlki ailəsindən irəli gələn dəyərlərinə, vərdişlərinə qarşı diqqətli olmalıdır. Uşağın doğma valideyni haqqında səsləndirdiyi fikirlərə, onunla görüşünə, zaman keçirməsinə hörmətlə yanaşmaq lazımdır. Bundan başqa doğma valideyn vəfat edibsə, onun psixoloji təsirləri uşaqda uzun illər davam edir. Uşaqlar vəfat edən valideyni ideallaşdırar. Onun uşağın yaddaşında, zehnində xüsusi yeri olur ki, ögey valideynin onu əvəz etməsi demək olar mümkünsüzdür. Bəzən yeni ailə qurulan şəxslə uşaq arasında yaranan konfliktlər doğma valideynin günahkarlıq, hətta peşmançılıq hissi duymasına səbəb ola bilər. Bu halda ögey valideynlə uşaq arasında balansı qorumaq və problemlərə obyektiv yanaşma baxımından doğma valideynin üzərinə böyük öhdəlik düşür".

Psixoloq Almaz Əsgərova qeyd edir ki, valideynlərin boşanmasından artıq müəyyən dərəcədə psixoloji travma alan övladların, bir müddətdən sonra valideynlərinin ikinci ailə qurmasına münasibəti, bu durumun, yəni boşanma prosesinin onlar tərəfindən nə qədər qəbullanmasından asılıdır: "Buna boşanma ərəfəsində uşaqların yaş faktoru, həmin an üçün onların psixoloji durumu, boşanmanın uşaqlara çatdırılma tərzi, ailədəki davamlı münaqişələrə uşaqların şahid olub-olmaması və s. kimi faktorlar təsir edir. Hansı yaşda olmasından asılı olmayaraq, boşanma uşaqlar tərəfindən ağır qarşılanır, hətta hər şeyi dərk edəcək yaşda olub, evdəki söz-söhbətdən bezmiş olsalar belə. Boşanma - uşaqlar üçün ailənin yalnız hüququ cəhətdən pozulması deyil. Bu, eyni zamanda, uşaqların həyat tərzinə də ciddi bir dəyişiklik deməkdir. Boşanmağa qərar verən valideynlərin öz hisslərinə qapanaraq, bir birini günahkar çıxartmaq səyi uşaqlarda baş verən hadisələrə görə özünü günahkar bilmək hissi yaradır. Və uşaqlar ailə dağıldığında valideynlərini "itirmək" qorxusu ilə yaşayırlar. Bütün bunların yaşanmaması üçün "böyüklər" detalları təklikdə həll etməli, boşanmanın onlar üçün bir tragediya deyil, sadəcə olaraq, "belə vəziyyətdə" davam etməyin mümkün olmadığı və bunu, gələcək həyatlarını daha yaxşı qurmaq üçün yeganə çıxış yolu olduğuna görə seçdiklərini uşaqlara anlatmalı, nigahın pozulmasının isə valideynlik hüququna heç bir təsir etməyəcəyinə inandıra bilməlidirlər. Uşaqlar əmin olmalıdırlar ki, ayrılan valideynləridir, onlar deyil."

Psixoloq Almaz Əsgərova qeyd edir ki, bu, yalnız sözdə qalmayıb, həyat da öz əksini tapmalıdır: "Uşağın kiminlə yaşamasından asılı olmayaraq, uşaqla bağlı

qərarların verilməsində hər iki valideyn eyni zamanda iştirak etməlidir, xüsusən boşanma uşağın "ağlı kəsən" dövründə baş veribsə. Uşaq heç bir halda ayrılmış valideynləri arasındakı soyuqluğu və "düşmənçilik" mövqeyini hiss etməməli, onları dost olaraq qəbul etməlidir. Qayğı və diqqətlə əhatə olunan uşaq, valideynlərinin ikinci ailə qurmasını da, yeni ailə üzvlərini də nisbətən asan qarşılayır, onlarla daha tez təmas qurur. Yeni ailədə olan ata və ya ana (atalığı və ya analığı) isə qənaətbəxş hallarda, ilk əvvəl dost kimi qəbul olunur, bir müddət sonra isə səmimi ünsiyyət fonunda hətta bir sirdaşa belə çevrilə bilər. Belə ailələrdə uşaqla atalıq və ya analıq arasında nə qədər mehriban münasibət olsa belə, onların uşağı tənbeh etməsi uşaqda ögeylik hissini oyadıb, aqressiya və güvənsizlik yarada bilər. Ona görə, bu hallarda uşağın bioloji valideyni bu vəzifəni öz üzərinə götürməli, ciddi vəziyyətlərdə isə uşağın digər valideynini xəbardar edərək, onunla birlikdə tədbir görməlidir. Və bu zaman tənbehin uşağın tərbiyəsi üçün edildiyini ona hiss etdirməli, etdiyi hər hansı səhvə baxmayaraq, hər iki valideynin onu arxasında duracağına, onu qoruyacağına, öz məsləhətləri və həyat təcrübələri ilə ona dayaq olacaqlarına əmin etməlidirlər. Belə ailələrdə böyüyən uşaq digər uşaqlara nisbətən daha həssas, daha kövrək və çox hallarda ya "zəif" xarakterli, ya da çox aqressiv olurlar. Əksər hallarda isə bunun səbəbi, ailədə özünü "artıq hiss etməkdən" qaynaqlanır. Uşaq hər edilən hərəkəti, hər deyilən sözü özünə qarşı yönəlmiş kimi qarşılayırlar. Belə halların baş verməməsi üçün bioloji valideyn, əgər əsaslı səbəb yoxdursa, heç bir halda övladını digər ailə üzvləri yanında danlamamalı, xüsusən də təhqiredici, şəxsiyyəti aşağılayan sözlərdən istifadə etməməlidir. Düzdür, uşağın "başını sığallayıb", onu bivec və ya xudbin də böyütmək olmaz, amma ona qarşı laqeyd olub, diqqətsizlik də göstərmək olmaz. Bu, ikinci evliliyin uğurlu olduğu hallarda."

Almaz Əsgərova bildirir ki, ikinci evlilik də uğursuz olmuşsa, ailədə daim münaqişə, söz-söhbət hökm sürürsə, bioloji valideyn daha diqqətli olmalıdır: "Mümkün olarsa, uşağı ailədəki problemlərin həlli yollarını tapana kimi diğər valideynin himayəsinə göndərmək lazımdır. Amma bunu elə etmək lazımdır ki, uşaq özünü "lazımsız", "atılmış" kimi hiss etməsin. Əgər digər valideynin yanına göndərmək mümkün deyilsə və ya ll valideyn həyatda yoxdursa, yəni uşaq hər bir halda bu ailədə qalmalıdırsa, ailədəki stabilliyi bərpa etməyə çalışmaqla yanaşı, uşağın diqqətdən kənar qalmamasına, onun psixoloji durumuna tam nəzarət etmək lazımdır. Olanlarda, yaşananlarda uşağın özünü günahkar hiss etməsinə şərait yaratmaq olmaz! Uşağın ailədə özünü "ikincili" və ya artıq hiss etməməsinə xüsusi diqqət yetirmək lazımdır! Uşağın halında, hərəkətlərində baş verən hər xırda dəyişiklik valideyn tərəfindən analiz olunmalı, hətta ehtiyac olarsa, mütəxəssislə məsləhət olunmalıdır, xüsusən də yeniyetməlik dövründə. Bundan başqa, valideynlər uşaqların yaşından asılı olaraq, tərbiyəçi, bağça və ya məktəb müəllimləri, sinif rəhbəri ilə sıx əlaqəli təmasda olmalıdırlar. Biz bilirik ki, ətraf mühitin insanın formalaşmasında böyük rolu var. Uşaq günün yarısını evdə olursa, digər yarısını təhsil aldığı məktəbdə və ya uşaq bağçasında olur. Və tərbiyə və təhsil ocaqlarında olan münasibət, ünsiyyət, yanaşma tərzi uşaqların həm əxlaqına, həm də psixoloji durumuna kifayət qədər ciddi təsir göstərir. Və uşaqların tərbiyəsi ailədən qaynaqlansa da, bu, tərbiyə və təhsil ocaqlarında formalaşıb, bütövlükdə

möhkəmlənir. Yəni, uşağın yetkin fərdə çevrilib, formalaşmasında, onun cəmiyyətə yararlı bir insan, bir şəxsiyyət kimi yetişməsində tərbiyə və təhsil ocaqlarının təsiri danılmazdır.

Uşaqları tam nəzarət altına alıb, "kölə" vəziyyətinə salmaq da olmaz. Çünki belə uşaqlar özünü daim təzyiq altında hiss edərək, gələcəkdə özünə güvənsiz biri olaraq yetişəcək. Amma onları tam nəzarətsiz qoymaq, laqeyd yanaşmaq da olmaz. Bu, onların etdikləri səhvin və ya yaşadıqları psixoloji durumun nəzərdən qaçmasına və ağır nətcələrə gətirib çıxarmasına səbəb ola bilər. Bunun üçün isə valideynlər və müəllimlər tam sıx şəkildə əməkdaşlıq edərək uşaqları qorumalıdırlar. Valideynlər, öz problemlərinizə, həyatınıza gömülüb, uşaqları nəzarətsiz qoymayın! Unutmayın ki, hansı yaşda olmalarından asılı olmayaraq, onların həmişə sizə, sizin qayğınıza ehtiyacı var. Bu qayğını onlara çox görməyin!"

Psixoloq Turan Şəbiyeva bildirir ki, ailə, elə bir sosial mühitdi ki, uşağın gələcəkdə kim olmağına təsir edəcək ən mühim faktorlardan biridir: "Bir uşağın sağlam ruhlu böyüməsi üçün onun sağlam bir ailədə böyüməsi əsas şərtlərdəndir. Sağlam ailə dedikdə burada bir-birinə sevgi və hörmətlə yanaşan ata-ana, bir-birini dinləməyi bacaran valideyn, bir problemlə rastlaşanda ağlamaq, sızlamaq, çar-naçar qalmaq əvəzinə çıxış yoluna fokuslanan böyüklər olan mühit nəzərdə tutulur. Əgər valideyn uşağı tək böyüdürsə, bu ailə natamam ailə hesab olunur. Məsələn: əgər ailədə ata yoxdursa, ana qızını tək böyüdürsə burda ata modeli boşdur (bu həmçinin atası fakt olub birlikdə uşaq böyüdən ailələrədə aiddir. Məsələn, ata var ancaq ailədə bir fəaliyyəti yoxdur bu halda da ata modeli uğursuzdur). Belə olan halda ana ikinci dəfə ailə qurmaqla bu natamamlığı bərpa edə bilər, bu müsbət bir haldır. Ancaq burda bəzi emosional tərəflər də var. Uşaq bu vəziyyətə hazırdımı, o doğurdanda anasının ailə qurduğu şəxsi necə qəbul edir, həmin şəxs uşağa necə yanaşır və.s kimi məsələr mütləq incələnməli, aydınlaşdırılmalıdır. Əgər bu sadalananlarda problemlər olarsa, tamamlanmaqçün quralan ailə münasibətləri sual altında qalacaq və mənfi təsirlər gözləniləndir". Psixoloq Turan Şəbiyeva qeyd edir ki, əgər ana ailə qurduqdan sonra övladına ayırdığı diqqətdə boşluqlar olarsa uşaq özünü lazımsız, dəyərsiz,atılmış hiss edə bilər: "Həmçinin anasının evləndiyi şəxsi isə "anasını əlindən alan biri kimi" dəyərləndirə bilər. Bunun üçün də ikinci evliliyi quran ananın məsuliyyəti iki dəfə çox artır. O, münasibətləri elə tənzimləməlidir ki disbalans yaranmasın. Unutmamalıyıq ki, uşaqların həyatlarının ilk 6 ili onların gələcəkdə kim olmalarına birbaşa bazadır. Yetkinlik dövründə olan uşaqlar isə ümumiyyətlə bu mövzularda daha həssasdır. Əziz valideynlər, əgər görsəniz ki uşağınız özünə qapanır, hər kəsdən uzaqlaşır, heç kimlə təmas qurmaq istəmir, məktəbdə dostları yoxdur, aqressivdir, özünü adeqvat aparmır bu zaman siz narahat olmalısınız. Nələrinsə yolunda getmədiyini, ailənizi övladınızla olan münasibətlərinizi mütləq gözdən keçirməli, övladınızla söhbət etməyə onu dinləməyə çalışmalısınız. Bütün bunlarla yanaşı hələ də vəziyyət davam edirsə, psixoloqlarla görüşün."

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR