Hakim ədalətsizliyi və həkim səhlənkarlığı- Şikayət

Artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən həyatımızın müxtəlif sahələrini əhatə edən və insanların müntəzəm olaraq ünsiyyətdə olduğu qurumlar, təşkilatlarla bağlı islahatlar həyata keçirilir, vətəndaş məmnunluğunun artırılması, cəmiyyəti narahat edın məsələlərin yoluna qoyulması məqsədilə tədbirlər görülür. İstər sosial, istər iqtisadi, istərsə də son məhkəmə və hüquq sahəsində həyata keçirilən islahatlar deyilənlərin əyani sübutudur. Etiraf etmək lazımdır ki, qeyd edilən istiqamətlərdə islahatların həyata keçirilməsi, müvafiq addımların atılması həmin sahələrdə indiyə qədər müəyyən problemlərin mövcud olması ilə əlaqəlidir. Elə redaksiyamıza bu istiqamətlərdə daxil olan şikayət məktublarından da deyilənlər təsdiqini tapır. Vətəndaş Qabil Babayevin redaksiyamıza ünvanladığı şikayət məktubu məhz bu xarakterlidir. Qabil Babayev əsasən Hipokrat andına dönük çıxan həkim səhlənkarlığı və hakim ədalətsizliyindən şikayətçidir.  

Qabil Babayev redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd edir ki, 2015-ci ildə 3 yaşlı övladının əlindəki mobil telefonu sağ gözünə vurması nəticəsində gözündə yaranan problemlə bağlı həkimə müraciət edib. Şikayət müəllifi həmin ərəfədə Yevlax şəhərində işlədiyi və yaşadığı üçün elə Rayon Mərkəzi Xəstəxanasında "göz həkim"i işləyən Məhəmməd İsrail oğlu Qorçiyevə müraciət etmək məcburiyyətində qalıb. Bununla da Qabil Babayev demək olar ki, öz əli ilə özünə gor qazmış olub.

Həkimin yalnış diaqnozu və görmə qabiliyyətini itirən xəstə

Qabil Babayev bildirib ki, Məhəmməd Qorçiyev onun gözünə diaqnoz təyin edib və 2 aylıq resept yazıb.  Müalicə bitdikdən sonra isə yenidən yanına getməyi məsləhət görüb: "Lakin bu hadisədən bir neçə gün sonra gözüm tutulub.Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərinin məsləhəti ilə gözümü Türkiyədə əməliyyat etdirmişəm. Gözümün əməliyyat olunmasına və bu günədək müalicənin aparılmasına baxmayaraq, onu normal hala qaytarmaq mümkün deyil. Təssüf ki, müvafiq qurumlar bu məsələyə obyektiv yanaşmır, məhkəmələr ədalətsiz qərarlar çıxarır". 

 

Qabil Babayev qeyd edir ki, Məhəmməd Qorçiyevin təyin etdiyi səhv diaqnozun nəticəsi olaraq gözünün tutulması ilə bağlı 2016-cı ildə Yevlax Rayon Məhkəməsinə müraciət edib: "Yevlax Rayon Məhkəməsi tərəfindən iş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə ekspertizaya göndərilib. Təəssüf ki, ekspertiza tərəfindən iş üzrə həqiqətəuyğun olmayan saxta rəy verilib. Gözümün tutulması əsassız olaraq anadangəlmə problemlərlə əlaqələndirilib. Halbuki, bu hadisəyə kimi heç eynəkdən belə istifadə etməmişəm. Qeyd edim ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən rəyin verilməsi 2016-cı ilin sonundan 2018-ci ilin ortaları olmaqla, təxminən 1 il yarım çəkib. Buna səbəb isə Birliyin nümayəndəsi Ziyafəddin Məmmədovla həkim Qurban İsmayılovun bir-biri ilə anlaşa bilməmələri olub. Təsadüfi deyil ki, Birlikdən mənə bir neçə dəfə zəng edərək ekspertizaya çağırsalar da, Q.İsmayılov ekspertizanı keçirməkdən imtina edib. Q.İsmayılov hər dəfə bildirib ki, ekspertizaya bütün lazımi sənədlər və hadisə ilə bağlı həqiqəti üzə çıxaracaq suallar göndərilməyib. Bununla da, gözümün tutulması ilə bağlı M.Qorçiyevin əməllərini ört-basdır etmək istəyirlər. O, isə buna yol verməyəcək. Rəyi doğru suallar alandan sonra yazacaq və M.Qorçiyevin əməllərini üzə çıxaracaq. Birlikdən isə deyiblər ki, rəyin doğru və ya yalan tərtib olunması Q.İsmayılovdan asılıdır. Beləliklə, proses uzanırdı. Bu çərçivədə isə getdikcə Z.Məmmədovla Q.İsmayılovun bu məsələ ilə bağlı münasibətlərinin normallaşdığı hiss olunurdu. Buna baxmayaraq, sonuncu dəfə 2018-ci ilin yayında Q.İsmayılovun yanında olanda o, yenə deyib ki, rəyi yalnız doğru suallar alandan sonra yazacaq. Lakin bu hadisədən bir neçə gün sonra mənə Yevlax Rayon Məhkəməsindən prosesə çağırış gəlib".

Eyni şəxsin ad və soyadını bir neçə dəfə səhv yazan hakimlər

Qabil Babayev buna etiraz olaraq, ekspertizanın yalanlarını üzə çıxarmaqla, işə konkret suallar üzrə yenidən baxılması və təkrar ekspertizanın təşkili üçün Yevlax Rayon Məhkəməsində vəsatətlə çıxış edib: "Təssüf ki, Yevlax Rayon Məhkəməsinin hakimi Vəzirxan Məlikov vəsatəti təmin etməyib və 06.08.2018-ci il tarixində həqiqətlə uyğunlaşmayan, ədalətsiz qətnamə çıxarıb. Daha sonra Yevlax Rayon Məhkəməsinin qərarından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etmişəm.  Təəssüf ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Quliyevin verdiyi 21.11.2018-ci il tarixli qərarla Yevlax Rayon Məhkəməsinin ədalətsiz qətnaməsi qüvvədə saxlanılıb. (Yeri gəlmişkən, 1 qətnamədə eyni şəxsin ad və soyadının yazılışında bir neçə dəfə səhv buraxan hakimlər tərəfindən qəbul olunan qətnamələrin obyektivliyinə nə dərəcədə inanmaq olar?) Bu vaxtadək gözümü müayinə edən bütün həkimlər gözümün M.Qorçiyevin səhv diaqnoz qoyması səbəbindən tutulduğunu bildiriblər və onların bununla bağlı rəyləri var.Onlar bildiriblər ki, M.Qorçiyevin təyin etdiyi diaqnoz və yazdığı resept səhv olub. Əslində həmin vaxt gözüm əməliyyat edilməli olub. Həmçinin, Türkiyədə əməliyyat edildikdən sonra M.Qorçiyevin yanında olarkən o, gözümün özünün səhv diaqnoz qoyması səbəbindən tutulduğunu etiraf edib. Onu da bildirirəm ki, gözüm tutulandan və əməliyyat ediləndən indiyədək müalicə aparılır. Həkimlərin rəyinə əsasən, bu proses mütəmadi olaraq aparılmalıdır. Həmçinin, bildirirəm ki, bu, M.Qorçiyevin birinci belə əməli deyil".

Xəstəyə şəfa vermək əvəzinə, onların sağlamlığına ciddi ziyan vuran həkimlər

Qabil Babayevin sözlərinə görə, xəstələrə şəfa vermək əvəzinə, onların sağlamlığına daha ciddi ziyan vuran, səhiyyə işçilərinin adına xələl gətirən və digər bu kimi əməllərə yol verən M.Qorçiyev barəsində heç bir tədbir görülmür, onun fəaliyyəti araşdırılaraq lazımi tədbirlər görülmür:"Həmçinin, sual yaranır ki, insanların sağlamlığına daha ciddi zərər vuran, bu vaxtadək etdiyi hərəkətlərə görə cəza almayan M.Qorçiyevin bundan sonra da belə əməllərə yol verməyəcəyinə, insanları şikəst etməyəcəyinə, onları öldürməyəcəyinə kim zəmanət verir? Təəssüf ki, müvafiq qurumlar, xüsusilə də, Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi bu suallara aydınlıq gətirmir və bu məsələnin üstündən keçməyə çalışır. Yekun qərarın isə növbəti həftə Ali Məhkəmədə elan olunacağı gözlənilir. Əlbəttə ki, bu qərardan müsbət gözləntim yoxdur. Bu vaxtadək verilən saxta qərarlar, şahidi olduğum proseslər mənə bunu deməyə əsas verir. Sadəcə məqsədim budur ki, bilməyənlər də bilsinlər ki, heç bir həkim yazdığı reseptə, təyin etdiyi diaqnoza görə, cavabdehlik daşımır. Vətəndaş (xəstə) həkimin qəsdən və ya bilməyərəkdən yazdığı dərmanlardan, təyin etdiyi diaqnoz əsasında aldığı müalicədən şikəst olsa və ya ölsə, buna görə həkimə heç nə deyilmir. Bunu şərtləndirən qanun da yoxdur. Təsadüfi deyil ki, bu gün ən peşəkar vəkillərə belə həkimin səhlənkarlığı, səriştəsizliyi, qəsdi və digər bu kimi amillərlə bağlı baş verən hallarla əlaqədar müraciət olunduqda, onlar belə məsələlərlə bağlı məhkəmələrə müraciət etməyin faydasız olduğunu deyirlər. Niyəsi isə ondan ibarətdir ki, haqlı olsan da, səni haqsız çıxaracaqlar. Vəssalam. Fikrimcə, şəfa vermək əvəzinə xəstələri daha ağır bəlalara düçar edən, onları şikəst edən, öldürən adını "həkim" qoyanların (vicdanlı, peşəkar, işini sevən, xəstəyə pul kimi baxmayan və digər bu kimi yüksək keyfiyyətlərə malik əsl həkimlər nəzərdə tutulmur və onlara böyük hörmət bəsləyirəm) cəzasız qalması ilk baxışda bəziləri üçün sadə görünsə də, çox ciddi məsələdir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR