Şərəf və ləyaqətimizi necə qoruyaq?

Bu məsələdə sosial şəbəkələrin məsuliyyəti nədən ibarətdir?

Son vaxtlar sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinə toxunan çoxsaylı mövqelərə rast gəlinir. Hazırda insanların şərəf və ləyaqəti, işgüzar nüfuzu qanunvericiliklə qorunur.  Mülki Məcəllənin 23-cü maddəsi şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi məsələlərini tənzimləyir. "Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir". Lakin buna baxmayaraq, belə halların baş verməsinin qarşısını almaq müşkül məsələyəy çevrilib. Vəkil Rövşən Qasımov qeyd edib ki, bəzi vətəndaşlar və kütləvi informasiya vasitələri onlara verilmiş bu hüquq və azadlıqlardan istifadə etdikdə başqalarının şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə yol verirlər: "Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər də məhkəmədə iddia qaldıra bilərlər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır". Onun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddtiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir: "Vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Kütləvi informasiya vasitəsində yayılmış məlumatda vətəndaşın şərəf və ləyaqətini ləkələyən əlamətlər olmadıqda, lakin məlumat onun mənafeyinə toxunduğu hallarda da vətəndaşın bu məlumata dair cavabla həmin kütləvi informasiya vasitəsində çıxış etmək hüququ vardır. Kütləvi informasiya vasitəsinin redaksiyası vətəndaşın tələbini təmin etmədikdə bundan qanunla müəyyən olunmuş qaydada məhkəməyə şikayət etmək olar. Adsız və yaxud təxəllüslə dərc edilən yazılarda şərəf və ləyaqəti ləkələyən məlumatlar olduqda məlumatı dərc edən küləvi informasiya vasitəsi cavabdehlik daşıyır. Məlumat divar qəzetində və ya çoxtiraclı qəzetdə dərc edildikdə cavabdeh kimi məlumatın müəllifi və həmin qəzet orqanı olan hüquqi şəxs işə cəlb edilməlidir. Kütləvi informasiya vasitəsində yayılmış materallarda redaksiya və müəllifin mövqelərinin üst-üstə düşməməsi redakiyanın məsuliyyətini istisna etmir".

Vəkil qeyd edib ki, kütləvi informasiya vasitəsində istifadə edilən materialda vətəndaşın şərəf və ləyaqətinin ləkələnməsini təsdiq edən əlamətin olub-olmamasını müəyyənləşdirmək üçün xüsusi biliyə ehtiyac olarsa, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq bu barədə işə mütəxəssis cəlb edə bilər: "Vətəndaşlar şərəf, ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilərlər.Vətəndaşların işgüzar nüfuzlarının ləkələnməsi ilə əlaqədar onlara vurulmuş mənəvi ziyanın ödənilməsi qaydası hüquqi şəxslər barəsində bu cür məlumatların yayılması hallarında da tətbiq edilə bilər. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənlməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. Şərəf və ləyaqəti alçaldan məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İşində və fəaliyyətində yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Mülki Məcəllənin 23.6-cı maddəsində qeyd edilir ki, "bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq olunur". Bununla fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydalar avtomatik olaraq hüquqi şəxslərə aid edilə bilməz. Mülki Məcəllənin bu maddəsi məhkəmə təcrübəsinə öz mənfi təsirini göstərməkdədir. Hüquqi şəxslər də mənəvi zərərin ödənilməsi tələbini irəli sürürlər, bu da absurddur".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR