Suraxanıda yeni yol infrastrukturu layihəsinin icrasına start verilib

Suraxanı rayonunda yeni yol infrastrukturu layihəsinin icrasına start verilib. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, söhbət Hövsan qəsəbəsindən "Zeytun sovxozu" adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala avtomobil yoluna birləşən yeni avtomobil yolunun tikintisindən gedir.

Dövlət başçısının tapşırıq və sərəncamları ilə Bakı şəhəri və onun qəsəbələrində vətəndaşların rahat gediş-gəlişində çətinlik yaranan ərazilərdə yol infrastrukturunun yaradılması istiqamətində icra olunan layihələr çərçivəsində hazırda "Zeytun sovxozu" adlanan yaşayış sahəsində 6.6 km uzunluğunda yeni yollar inşa olunur.

Layihəyə uyğun olaraq Hövsan qəsəbəsinin mərkəzi yolu ilə "Zeytun sovxozu" adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala avtomobil yolunu birləşdirəcək yeni avtomobil yolunun uzunluğu 2.2 km-dir. Buna paralel olaraq bu yoldan ayrılan və yaşayış sahəsinin mərkəzinə, həmçinin orta məktəbə kimi gedən 3 küçədə də tikinti işləri görülür. Bu küçələrin uzunluğu isə 4.4 km-dir.

Sadalanan işlər xüsusən payız-qış mövsümündə keçilməz olan torpaq əsaslı yollarda aparılır və yaşayış sahəsinin ümumi istifadədə olan yollarını əhatə etməklə vətəndaşların neçə illərdir ki, yol ilə bağlı qarşılaşdığı problemlərin həllinə hesablanıb.

Yeni yol və küçələrin 2 hərəkət zolaqlı olmaqla enləri 8 metr təşkil edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR