Tibb fakültəsinin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib

Aprelin 18-də Azərbaycan Tibb Universitetində (ATU) Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan "Təbabətin aktual problemləri - 2019" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, konfransda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzaladığını və onun müddəalarının birbaşa Tibb Universitetinin kollektivinə aid olduğunu qeyd edib: "1919-cu il sentyabrın 1-də yaradılan Bakı Dövlət Universitetinin nəzdində ilkin mərhələdə cəmi iki fakültə fəaliyyət göstərib. Onlardan biri tibb, digəri tarix-filologiya fakültəsi olub. Məhz tibb fakültəsinin nəzdində 1930-cu il mayın 9-da Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb. Ona görə də bu yubiley, həmçinin Tibb Universitetinin kollektivinin də bayramıdır".

Rektor tibb fakültəsinin tarixi, burada dərs deyən ziyalı və alimlər, onların ölkədə tibb təhsilinin inkişafı naminə gördüyü işlərdən danışıb. G.Gəraybəyli yubiley münasibətilə hər kəsi təbrik edib və konfransın işinə uğurlar arzulayıb. Sonra tibb fakültəsinin 100 illik yubileyinə həsr olunmuş sənədli videoçarx nümayiş etdirilib.Konfransda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu tarixi hadisə münasibətilə ATU kollektivini təbrik edib. Hər iki universitetin bir-biri ilə bağlı olduğunu deyən rektor tibb fakültəsinin Azərbaycan səhiyyəsinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini deyib. Türkiyənin Cərrahpaşa Universitetinin rektoru, professor Nuri Aydın Azərbaycan və Türkiyə arasında tibb təhsili sahəsindəki əlaqələrdən danışıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR