Əmlak məsələləri ilə bağlı müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. "Olaylar" xəbər verir ki, müşavirədə Komitə sədri Kərəm Həsənov qeyd edib ki, həyata keçirilən uğurlu islahatlar nəticəsində idarəetmə müasir dövrün tələblərinə uyğunlaşdırılır, xidmətlərin elektron müstəvidə vətəndaşlara çatdırılması prosesi sürətləndirilir, o cümlədən elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi genişləndirilir, qanunvericilik bazası təkmilləşdirilir. Ölkə rəhbərinin müəyyən etdiyi iqtisadi strategiya və tapşırıqlara uyğun olaraq 2019-ci ilin ilk 3 ayında Əmlak Məsələləri Dövlət Komitəsi də əmlak idarəçiliyi sahəsində görülən işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verib:"Bu sahədə ən mühüm hadisələrdən biri 2019-cu ilin ilk günlərində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Əmlak Xidmətləri Məkanının açılışının olmasıdır. Elektron idarəetmə sisteminin tətbiq edildiyi Məkanda xidmətlər daha dəqiq, proseduralar daha sürətlə yerinə yetirilir. Vətəndaşların müraciət imkanları daha da yaxşılaşıb,  şəffaflıq, eləcə də vaxta qənaət prinsipi təmin edilib. Qısa müddət keçməsinə baxmayaraq  Məkana 50 minə yaxın vətəndaş müraciəti daxil olub.

Növbəti yenilik kağız çıxarış dövrünün geridə qalması oldu. Belə ki,  cənab prezidentin 29 mart 2019-cu ildə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikliyə əsasən əmlaklara dair çıxarışların tam olaraq elektron müstəviyə keçəcək. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, "Elektron hökumət" portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala biləcək. Elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əmlakların qeydiyyatını daha da sadələşdirir. Eyni zamanda, dövlət rəhbərinin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanı da vətəndaş məmnunluğuna, sadə formada mülkiyyətin qeydiyyata alınması, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik oldu. Hazırda fərmanın icrası ilə bağlı işlər aparılır.

Bu dövrdə əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biri də ölkə başçısının 2019-cu il martın 5-də imzaladığı "Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında" qanundur. Qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır. Bu qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə 12 milyon manatdan artıq vəsait edir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR