Aktyorlar “Nəsimi ili-Nəsimi dili” dedilər- Nəsimi 650

2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsas hədəfi Nəsimi irsini müasir dünyaya çatdırmaq, onun fəlsəfi görüşlərini təqdim etmək, Nəsimişünaslığı inkişaf etdirməkdir. Bu minvalla keçirilən tədbirlərin siyasına "Nəsimi ili-Nəsimi dili" festivalı da əlavə olundu.  Bakı Uşaq Teatrının  "Bir teatr, bir festival" layihəsi çərçivəsində Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr etdiyi festival Aktyorlar evində başladı.

Bakı Uşaq Teatrı festivalının quruluşçu rejissoru, teatrın bədii rəhbəri-direktoru, Əməkdar artist İntiqam Soltan, musiqi tərtibatçısı Rauf Hüseynli, qəzəllərin seçimi və tədbirin ədəbi tərtibatçısı Arzu Soltan, rəqslərin quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı Sevda Məmmədova idi.

Festival gözləniləni doğrultdu və Nəsimi irsini, yaradıcı heyətin potensialı ilə tamaşaçıya nümayiş etdirdi.

Festivalın başlanğıcından sonuna qədər Nəsimi yaradıcılığına fərqli yanaşma hiss olunurdu. Aktyorlar Nəsimi poeziyasından nümunələrlə müstəqil qəzəl təqdimatlarını nümayiş etdirərək öz yaradıcılıq istedadını ortaya qoydular. Müxtəlif kompazisiyalar isə tamaşaçılar tərəfindən daha da maraqla qarşılandı. Səhnədə alternativ musiqi ilə əruzun sintezi başlıca bir yenilik idi.

Aktyorlar evində hər yaş qrupundan olan tamaşaçılar var idi. Tamaşaçıların reaksiyaları onu göstərirdi ki, festival izləyicilərin əksəriyyətinin maraq dairəsini təmin edə bilib.

Tamaşaçı bədii söz sənətinin qiymətli incilərini meydana gətirən İmadəddin Nəsimini onun obrazına bürünmüş aktyorlarda hiss edirdilər. Çıxışlarda şairin yaradıcılığında tərənnüm edən insanın əzəmətini, insani məhəbbət və şəxsiyyət azadlığı nümayiş etdirilirdi. Nəsimi öz üslubunu xalq ruhundan almışdısa, aktyorlar bu üslubu təbliğ etmək üçün tamaşaçı ruhundan istifadə edirdi.

Hər zaman mətndən oxumağa ehtiyac yoxdur. Nəsiminin anadilli şeirin zənginləşməsində xidmətləri onun poeziya nümunələrində çatdırılırdı.

Dinlədikcə əmin olunurdu ki, Nəsimi milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Nəsiminin yaddaqalan obrazı yaradıldığı eyniadlı gözəl film, Bakının mərkəzində şairin əzəmətli ucaldılan heykəli, Bakının ən böyük və  mərkəzi rayonlarından birinin uzun illərdir onun adını daşıması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Nəsiminin adına olması da deyilənləri təsdiq edir.

Festival boyu müxtəlif qəzəl təqdimatlarında Nəsiminin panteizmində hürufi rəmzlərindən istifadə edilməsi 28, yaxud 32 hərf, onun mühüm ifadə vasitələri özünü göstərirdi.

Qəzəllərdə çatdırılan İNSAN və YARADAN münasibətlərinə fərqli baxışlar, ilahi hisslər, insan sevgisinin, tamaşaçıların yaddaşından silinməyəcəyini düşünürəm.

Kompozisiyalarda özünü dərk edən ağıllı və güclü insan təbliğ olunurdu.

Öz ardıcılları tərəfindən "eşqin cəsarət simvolu", "məhəbbət fədaisi" adlandırılan Nəsimi səhnənin hər tərəfində hiss edilirdi.

Səsləndirilən bütün qəzəllərdə Allah aşiqi olan insanları ilahi hesab edən şairin bu müqəddəs sevgisi tərənnüm olunurdu.

Öz inancına və düşüncəsinə sadiq olan mütəfəkkir Nəsiminin obrazına bürünənlər bu sədaqəti tamaşaçıya hiss etdirirdi.

Aktyor işi bir daha sübut etdi ki, Nəsimi qəzəlləri insan qəlbini ovsunlamağı bacarır, dövrün saxta sevgilərinə bu gün də meydan oxuyur.

Festivalın başlanğıcında əsasən, dünyəvi məhəbbətin tərənnümünə həsr olunmuş, "Etməgil" qəzəlini Mehman Dilqəmoğlu səsləndirdi.  Maddi həyat aşiqinin hiss və duyğularını ifadə edən məşhur qəzələ aktyor öz ifası ilə damğasını vurdu. Bakı Uşaq Teatrının aktrisası Flora Hüseynova da  Nəsiminin "İstəməz" qəzəlini özüməxsus formada  səsləndirdi.

Səhnədə izlənilən ilk kompozisiya  Sənan Fərzəliyev və Turəxanım Qasımovanın nümayiş etdirdiyi "Yaralı Könlüm" idi. Aktyorların  səhnə çıxışları tamaşaçıya bundan sonrakı kompozisiyaların mesajını ötürmüş oldu.

Bu mesajla Niyaz Novruzov, Günay Pirizadə və Rauf Hüseynov "Sübhdən dildarımı gördüm" kompozisiyası ilə tamaşaçıların diqqətinin səhnədən ayrılmasına icazə vermədilər.

Ardınca Rauf Hüseynli qolları bağlı şəkildə səsləndirdiyi qəzəllə səhnədə öz sözünü dedi. Tamaşaçıların alqışları da bu sözü deməyə əsas verir ki, ifa təklikdə bir tamaşa idi.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Əmrah Dadaşovun üzərinə daha böyük məsuliyyət düşürdü. Çünki aktyor özündən əvvəlki ifanın sehrini qorumalı idi. "Neylərəm" qəzəlini içdən və səmimi səsləndirən aktyor tamaşaçıların alqışının davam etməsinə səbəb oldu.

Festivalı yadda qalan və maraqlı edən yalnız aktyor seçimi deyil, həm də libaslardır. Bütün geyimlər qəzəl təqdimatları və müxtəlif kompozisiyalara uyğun seçilmişdi.

Ağ və qara geyimlərdə səhnəyə çıxan Arzu Soltan və Cəlal Baba "Kamalın arzuları" musiqili kompozisiyasını təqdim etdilər. Bu kompozisiyanı festivalın ən uğurlu və maraq doğuran çıxışlarından hesab etmək olardı. Aktyor ifası bu kompozisiyaya öz möhrünü vurdu.

Festival səhnədə artıq öz sözünü demiş aktyorlarla yanaşı tələbələrə də özünü göstərmək imkanı tanımışdı. Tələbələr də bu imkandan məharətlə istifadə etdilər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 6 tələbələsinin ifa etdikləri musiqili kompozisiya qürurverici idi.  Bunu aktyorların reaksiyalarından da hiss etmək mümkün idi.

Tələbələrin ardınca BUT-un aktyoru Emin Balayev "Apardı könlümü məndən", Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Mehriban Zalıyeva "Allahu əkbər, ey sənəm" qəzəlini səsləndirərək tamaşaçıya  öz peşəkarlıqlarını nümayiş etdirdi.

Bakı Uşaq Teatrının aktrisası Gülər Ləzgiyeva

"Allahü əkbər, еy sənəm, hüsnündə hеyran olmuşam

Qövsi-qüzеhdir qaşların, yayına qurban olmuşam."

dediyi an "Sənəm" adlı kompozisiya ilə Şərq mədəniyyətini tamaşaçı ilə bölüşdü.

Uğurla seçilmiş kompozisiyalar Aktyorlar evinin tamaşaçılarını növbəti kompozisyanı gözləmək üçün daha da həvəsləndirirdi.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elnarə Nağdəliyevanın "Hardasan", Bakı Uşaq Teatrının üzvləri Gülnarə Abbasova və Ədalət Ağaverdizadənin "Yanaram" kompozisiyaları da ardıcıl olaraq tamaşaçının zövqünü oxşadı.

Festivalda bir kompozisiya var idi ki, sanki bütün tamaşaçılar ilk dəqiqələrdən bu ifanı gözləyirdi. Hər yaş qrupundan olan tamaşaçı kütləsi bu çıxışı səssiz izlədi və böyük alqışlarla yola saldı. Niyaz Qasımov, Könül Şahbazova və Şahin Kazımov "Ya-hu" kompozisiyasını tamaşaçı ilə vəhdətdə ortaya çıxardılar.

Bakı Uşaq Teatrının aktyorları Elçin Cəfərovun "Mərhəba" qəzəli və Əliqulu Səmədovun "Ayrılıq" kompozisiyası da festivalın Nəsimi irsini qoruyaraq tamaşaçı zövqünü oxşadı.

Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının "Şair və sultan" kompozisiyası isə "Nəsimi" filmini xatırlatdı. Peşəkar aktyor ifası tamaşaçının bir anlıq "Nəsimi" filminə apardı. Bu minvalla səhnə festivala yenilik və fərqlilik qatmağı bacardı.

Bakı Uşaq Teatrının aktrisası Sovqat Səmədova "Üz döndərmərəm" qəzəli, Azərbaycan Dövlət Dərbənd Teatrının aktyoru Sərxan Səmədovun səsləndirdiyi "İstəməz" qəzəli, tamaşaçını yenidən böyük mütəfəkkirin şer yaradıcılığına apardı.

"Fly to stay alive"( "Yaşamaq üçün qanadlan")  kompoziyası festivalın son dəqiqələrində yeni bir canlanma yaratdı. Bakı Uşaq Teatrının üzvləri Qurban Əhmədov, Nərminə Məhərrəmovanın bu ifası sanki festival hələ bitməyib işarəsi verirdi.

Festivalın qürurverici daha bir tərəfi İncəsənət Gimnaziyası şagirdlərinin musiqili kompozisiyası ilə çıxış etməsi oldu.

Festival bu şagirdlər, eləcə də tamaşaçı qismində oturan digər şagirdlərlə sübut etdi ki, Azərbaycan milli irsinin, milli musiqisinin  keşiyində dayanan bu uşaqlar dahi şair və filosof İmadəddin Nəsimini ucuz və bayağı "Pəncü-şeş"lərlə xatırlamayacaq!

Nəsimi irsi bu xalqın tarixi sərvətidir. Bu irsi daim yaşatmaq xalqın tarixi qarşısında mənəvi borcudur...

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR