Belə-belə işlər- Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

Ölkəmizi təqdim və təbliğ edənlər...

Bu günlərdə adətim üzrə parkda gəzişirdim və məndən xeyli cavan bir oğlanla tanış oldum. Cavan deyəndə ki, övladları orta məktəbin sonuncu sinfindədirlər.

Mənim məlum bölgədən olduğumu eşidəndə filankəsi (icazə almadığıma görə ad çəkmirəm, qoy, şərti adı Hüseyn olsun) tanıyıb-tanımadığımı soruşdu. Dedim ki, tanıyıram, bizim deputat olub, qısa bir zamanda rayonda İcra Hakimiyyətinin başçısı da işləyib, ziyalı bir adamdır. Rayon işğal olunanda mən də orda olmuşam və nə əziyyət çəkdiyini gözümlə görmüşəm.

Onda həmin cavan oğlan belə bir əhvalat danışdı:

-Yesintükiyə müalicəyə gedirdim, təsadüfən Hüseyn müəllimlə təyyarədə yan-yana düşdük. Məndən hara getdiyimi soruşdu. Yesintüki adını eşidəndə üzü işıqlandı və məlum oldu ki, o da həmin müalicəxanaya gedir. Bir az ordan-burdan söhbət edəndən sonra qayıtdı ki, səndən çox xoşum gəldi, etiraz eləməsən, ora düşəndən sonra xahiş edərəm ki, otaqlarımızı böyür-böyürə salsınlar, çünki orda bir neçə dəfə olmuşam, sözümü yerə salmazlar, amma gərək mənə dəstək olasan.

Təbii ki, etiraz eləmədim, amma onun "dəstək" sözünü anlamadım.

Hava limanında yükümüzü alanda bir şey diqqətimi çəkdi. Hüseyn müəllimin dördkünc, uzun və ensiz bir çemodanı da vardı. Nə futlyara oxşayırdı, nə də çemodana.

Yerbəyer olandan sonra Hüseyn müəllim məni otağına çağırdı:

-Bacoğlu, hansısa milli alətdə çala bilirsən? -deyə soruşdu.

Cavab verdim ki, tar sinfinə getmişəm, amma çoxdandır əlimə tar almamışam, qorxuram ki, "xoruz" buraxam.

-Eybi yox, mən sənə kömək edərəm.

Belə deyəndən sonra o, ensiz, uzun çemodanın qapağını qaldırdı. Onun içində bir tar vardı, ətrafında da Azərbaycanla bağlı cürbəcür suvenirlər, nişanlar və üçrəngli bayrağımız olan şkoladlar. Yəqin ki, onları xüsusi sifariş eləmişdi.

Nahardan sonra birlikdə aşağı düşdük və həmin suvenirləri qapıçıdan tutmuş pasientlərin sonuncusuna qədər payladıq.

Qəribəydi ki, bu adama orda dincələnlərin və medpersonalın xüsusi hörmət-izzəti vardı. Onu görən kimi üz-gözləri işıqlanırdı, hal-əhval tuturdular.

Bir neçə gün keçəndən sonra Hüseyn müəllim dedi ki, sanatoriyadakı Mədəniyyət Klubunun müdiri ilə danışıb və filan gün, filan saatda orda "Azərbaycan günləri" keçirəcək. Bunun üçün xüsusi bukletlər də hazırlatdırıb. Tədbirdən sonra xüsusi, yəni pəhrizli furşet də verəcək. Mən də tədbirə hazırlaşmalıyam və Qarabağ şikəstəsi də daxil olmaqla bir neçə mahnını məşq eləməliyəm.

Axşam yeməkxanadan çıxanda gördüm ki, qulluqçu qızlar həmin bukletləri qonaqlara paylayırlar...

... "Azərbaycan günləri"nə gələnlər gözlədiyimizdən də çox idi. O özü həm aparıcı həm də ifaçıydı. Azərbaycan və Qarabağ haqqında məlumat verəndən sonra royalın arxasına keçdi və "Bayatı-şirazı" ifa elədi. Təsəvvür edirsən, royal və "Bayatı-şiraz". Sonra Qarabağ şikəstəsini və bi xeyli mahnı ifa elədik. Mən hərdən çaşırdım, amma o, bunun üstünü çox ustalıqla örtə bilirdi...

Səhərisi günü naharda Hüseyn müəllim astadan mənə bunları dedi:

-Bu yeməkxananın müdiri ermənidir və bizdən sanatoriya rəhbərliyinə şikayət edib ki, burda Qarabağı təbliğ edirlər. Biz də gərək onların cavabını verək.

Səhərisi günü Hüseyn müəllim, Sanatoriyanın rəhbərliyinə bir şikayət ərizəsi yazdı, yazdı ki, yeməklər çox dadsızdır və burada müalicə olunanların bir neçəsi də onu imzaladı. Bundan sonra ermənilərin səsi kəsildi. Amma Hüseyn müəllim bununla da kifayətlənmədi. Məni də götürüb bazara getdi, 40-50 dənə kənd cücəsi, göy-göyərti, meyvə aldı, cücələri soyutma elədi və şam yeməyindən qabaq stollara düzdürdü, yeməkxananın müdriyyəti etiraz eləsə də, xeyri olmadı, çünki dietik yeməklərdən bezmiş pasientlər onu müdafiə elədilər...

O, Hüseyn müəllim haqqında bir-birindən maraqlı hekayətlər danışdı. Amma mən sizə yalnız bir əhvalatı söylədim. Çünki sevindim. Sevindim ki, bizim də Hüseyn müəllim kimi vətənini sevən, gözü açıq və mərd oğlanlarımız (kişilərimiz) var...

Aprel, 2019

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR