Novruz Bayramı və Azərbaycan mədəniyyəti Günü - Meksika paytaxtında

Meksikanın paytaxtının mərkəzində yerləşən, şəhər sakinləri və Mexikoya gələn çoxsaylı turistlər arasında şəhərin ən populyar Linkoln parkında ölkəmizin Meksikada Səfirliyinin təşkilatçılığı və Mexiko şəhəri Hökuməti Migel Hidalqo Bələdiyyəsinin dəstəyi ilə "Novruz Bayramı və Azərbaycan mədəniyyəti Günü" təntənəli şəkildə keçirilib.

Olaylar.az bildirir ki, gün ərzində keçən bu tədbirdə üç mindən artıq paytaxt sakini, turistlər, diplomatik korpus nümayəndələri, o cümlədən bir sıra ölkənin Meksikada fövqəladə və səlahiyyətli səfirləri, yerli KİV nümayəndələri, Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.

Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov qonaqları salamlayaraq Novruz Bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın təntənəli və çox geniş şəkildə qeyd edildiyini bildirdi. O, Novruz bayramının qarşılıqlı hörmət, qonaqpərvərlik, səmimiyyət, dostluq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini bildirdi. Müxtəlif mədəniyyət nümayəndələrinin ölkəmizdə əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşaması ilə tanındığını vurğuladı. Bu gün ölkə rəhbərliyinin bu sahədə uğurla həyata keçirilmiş təşəbbüsləri nəticəsində Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrildiyini dedi.

Parka gələn çoxsaylı qonaqlar Novruz Bayramı ilə bağlı ölkəmizdəki adət və ənənələrlə tanış oldu, onlara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə məlumat verildi, Novruz Bayramının ölkəmizdə qeyd edilməsi, habelə ölkəmizin əsrarəngiz təbiəti və Azərbaycan memarlığı barədə şəkillər sərgisi nümayiş etdirildi, materiallar paylanıldı, Azərbaycan milli musiqisi səsləndirildi.

"İpək Yolu" yerli rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirildi, tədbirin qonaqları həmrəylik, dostluq və bərabərlik rəmzi olan milli "Yallı" rəqsimizi birlikdə oynadılar. Həmçinin, tədbir qonaqlarına Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.

Meksika paytaxt sakinləri tədbirə böyük maraq göstərdi. Uşaqlar tərəfindən sevilən Novruz Bayramının "Yumurta döyüşdürmə" ənənəsi Meksika uşaqları tərəfindən böyük sevinclə qarşılandı.

Tədbirin sonunda Mexiko şəhəri Hökumətinin Linkoln Parkı yerləşən Migel Hidalqo Bələdiyyəsi və parkın administrasiyası ölkəmizin mədəniyyəti ilə tanış olmaq üçün bu imkana görə Azərbaycan tərəfinə təşəkkür etdi bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinə ümidvar olduğunu bildirdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR