“Mən sənə xalqımızın başına gələn kədərli hadisələrdən söz açmaq istəyirəm..” -Ədəbiyyat vurğunu 10 yaşlı Zeynəb yazır…

ZEYNƏBİN  UĞURA GEDƏN YOLU

Hər bir uğurun arxasında gərgin zəhmət və çalışqanlıq durur. Bu danılmazdır. Amma bunun üstünə üstedad və məsuliyyət hissini də gələndə sonda çox mükəmməl bir iş ortaya çıxır. Bu cür uğura imza atmış on yaşlı məktəbli qızı tanıtmaq istəyirik. Xəzər Universiteti Dünya Məktəbinin İB MYP 5A sinif şagirdi Zeynəb Allahverdiyeva. O, dərs əlaçısıdı. Ədəbiyyatın vurğunudu. Hekayələr yazmağı sevir. Yaradıcı təxəyyülü var. Amma böyüyəndə beyin cərrahı olmaq istəyir. Azərbaycanın ilk qadın beyin cərrahlarından. İngilis dilində sərbəst yazıb oxumağı bacarır. Xocalı soyqırımından ingilis dilində qələmə aldığı inşa yazısı ilə respublikada birinci yerə çıxıb. Zeynəbin ürək ağrısı ilə yazdığı həmin inşa ilə siz də tanış olun.

"Salam əziz dostum, necəsən?

Ümid edirəm ki, dərslərin yaxşıdır.

Mən sənə özümdən, vətənim Azərbaycandan və xalqımızın başına gələn kədərli hadisələrdən söz açmaq istəyirəm. Məktubuma dahi Liderimiz Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm. "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam".

Qarabağı dünyaya tanıdaq! Qarabağ adlı bir yarası var mənim xalqımın. Onun adı Xocalıdır. Onun 27 yaşı var. Qarabağ mələklərin yerə endiyi, qarlı bir gecədə, çovğunda düşmən hücumuna məruz qalıb. Bəli mələklər xalqımın bu halına ağlamaq üçün yer üzünə enmişdilər. Bütün duaların geri qayıtdığı o dəhşət dolu gecə. Ağ qar, al qar olaraq, gecə də yerini gündüzə vermişdi. Bəli, sanki səhər idi, o gecə silahların işıqları Qarabağın gecəsi ilə gündüzünü dəyişdi. Bu xalqın göz yaşına, ev-eşiklərini qoyaraq əliyalın qaçmasına səbəb oldu. Anaların fəryadı, körpələrin qışqırtısı, insanların vahiməli səsi, silahların uğultusu bir-birinə qarışmışdı. Həmin gecə digər gecələr kimi sakit keçmədi, səhər necə açıldı, nələr baş verdi və yaşandı yaşayanlar bilir. Bu xalq illərdir bu hadisəyə ağlayır. Ən pisi də odur ki, bizlər görmədiyimiz, ancaq həyatımızın tam parçası olan hadisəni hər il yaşamış kimi yaşayırıq.

Qarabağ torpağında çoxlu şəhid vermişik. Biz hamımız Qarabağlıyıq. Çünki bizim ümidimiz oradadır. Bu xalq tarix boyu müxtəlif işğallara məruz qalıb. Tarixin ən güclü dövlətlərindən olan Azərbaycan demək olar hücumları dəf edib, ancaq bu xalqın gözyaşı hələ də davam edir. Nə qədər ki, Qarabağ azad edilməyib biz tam sevincli deyilik. Bu xalqın müqəddəs bayrağı neçə şəhid qanı, neçə ana duası, neçə insanın gücü, hökmü, əzmi sayəsində dalğalanmışdır. Biz ümid edirik və buna əminik ki, Ümumimilli Liderimizin davamçısı, Heydər Əliyev yadigarı cənab Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində Qarabağımızı azad edəcəyik. Qarabağ təkcə qarabağlıların yox, ümumilikdə Azərbaycan xalqının varlığıdır. O gözəl torpaqlar, xarı bülbülün vətəni olan Şuşamızı geri qaytaracaq və şəhid qoxulu üçrəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bütün dünyaya səslənirəm Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır! Biz şəhidlərimizin qanını almağa hər an hazırıq.

Bütün dünyaya Öndərimin bir çıxışı ilə mesaj göndərmək istəyirəm: "Heydər Əliyev senzurada deyir, mən çayda çimərkən paltarımı kənarda qoydum və gördüm ki, bir erməni gəlib paltarımı oğurlayıb. Bu an zaldakı bir erməni tez yerindən qalxaraq, xeyr, o zamanlar orada ermənilər yaşamırdı deyir. Heydər Əliyev: Mən də məhz bunu sübut etmək istəyirdim. Həmin illərdə ermənilər Qarabağda olmayıb. Sonralar oğurluqla məskunlaşıblar".

Zeynəb Allahverdiyeva.

Zeynəb balamıza dərslərində müvəffəqiyyətlər və arzularının qanadında daha uca zirvələrə yüksəlməsini arzulayırıq.

Əntiqə Qonaq

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR