“VƏTƏNDƏ  VƏTƏNLƏŞMƏK… ”-Əntiqə Qonaq Dərbənd səfərindən yazır…

Dərbəndə ilk gedişim məktəb illərində olmuşdu. Sinif rəhbərimiz Arif müəllim - həm də dayım, bir avtobus şagirdi Dərbənd qalasına gəzməyə aparmışdı. O zamanlar bütün siniflər bu ekskursiyanı səbrsizliklə gözləyərdi. Həm də bu gəzinti hətta dərs proqramı kimi məcburi xarakter alırdı. Nə gözəlmiş amma... Təbii ki, 11-12 yaşlı məktəblinin tarixi bir qaladan, daş hasarlardan aldığı və bu günümüzədək yaddaşında daşıya biləcəyi təəssüratlar yox sayılır demək olar ki. Ən azından, Dərbəndin tarixinin yanlış aşılanmasına oxşar bir hal kimi. Böyük sovetlər birliyinin vətəndaşları olaraq sərhəd keşmədən getmək şansı da varmış. Və yaşa dolduqca uşaqlığımızın əsrarəngiz möcüzəsi olan Dərbənd haqqında tarixi mənbələrdən bir çox məlumatlar əxz etdik. Alban memarlığı üslubunda II Yəzdəgirdin sifarişi ilə əvvəlcə çiy kərpicdən - 438-455-ci illər, sonrasa daşdan- 531-579-cu illər tikilmiş Dərbənd şəhərini müdafiə edən qədim qala divarları - Dərbənd Qalası barədə, 14-dən çox Qala Qapıları barədə, onun əksəriyyəti - 11-dən 9-nda azərbaycanlıların yaşadıqları məhəllələri, həmçinin azərbaycanlıların çoxluq təşkil etdiyi etnik tərkibi və s. haqda az-çox məlumatlandıq. Vikipediyaya nəzər saldıqda: "Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəridir. Dəmirqapı Dərbənd - el içində bu adla tanınmağının bir səbəbi onun hərbi-strateji baxımdan çox məsuliyyətli bir yerdə - keçidi qapayan iki paralel divar arasında yaranmış möhkəm qapı şəhər olması idi. El yaddaşında, eləcə də səyyahların yol yazılarında Dərbənd Dədə Qorqudun basdırıldığı müqəddəs yer kimi də anılır".

Bu çıxarışda cümlələrin quruluşunun düzgün olub - olmadığının, məlumatların dəqiqliyinin fərqinə varmadan demək istərdim ki, bura bizim Vətənimizin bir parçasıdır. Bura bizim dədə-baba yurdumuzdu... Adı çəkiləndə damarımızda qanımızın coşduğu, daim ürək döyüntüsüylə vüsalına can atdığımız yurd yerimizdir...

Dərbəndə ilk səfərimin üstündən neçə il keçdiyini dəqiq xatırlaya bilməsəm də, bu dəfəki gedişimizin ən xırda detalları belə ömrümün sonunadək beynimin bir küncündə, ürəyimin bəlkə də hər yerində özünə əbədilik kök atacaqdır. Buna çox əminəm.

Beləliklə, Vətəndən Vətənə bir yolçuluq başladıq xalqımızın ən müqəddəs bayramlarından olan Novruz çərşənbəsində. Bir qrup söz və sənət adamıyla. Yol yoldaşlarım - zaman-zaman Azərbaycanımızdan qoparılaraq qonşulara pay verilmiş torpaqlarımızı hər dəfə xatırlayanda gözləri dolub-boşalan, qəhərinə heç cür hakim kəsilə bilməyən incə qəlbli, zərif ruhlu şairəmiz Nəcibə İlkin, hələ təkcə "Bayraq" şeiriylə qəlblərə Vətən boyda bayraq sancmaq qüdrətində olan ustad şair Ramiz Qusarçaylı, səmimi insan, həkim-şair Oqtay Şəfioğlu, ilk dəfə gəldiyi baxımsız və kasıbyana kənd yollarından keçdikcə özünə təskinlik verirmiş kimi: "mən glamur həyatı heç sevmirəm. Varam belə təbiiliyə və sadə gözəlliyə", - deyərək üzümüzə səmimiyyətlə gülümsəyən istedadlı yazar və şairə Rəbiqə Nazimqızı, gözəl gözləriylə ətrafın gözəlliyini seyr etməkdən doymayan şirin-şəkərimiz, qəlb şairi Aysel Səfərli, 25 il bundan öncə Füzulinin Qarğabazarında, Məngələnatasında gördüyümdə mənə intervyü verməyən Milli Qvardiyanın igid əsgəri, həm də gözəl və mənalı şeirlər müəllifi cəbhə yoldaşım Süleyman Abdulla... Səmimi və qayğıkeş dostlarımız - gözəl nəğmələr müəllifi bəstəkar Elmir Mədətoğlu və gözəl səsli müğənni Xəyyam Qasımov səbrsizlənərək bizdən bir gün öncə yola çıxmışdılar... Nə gözəl ortam deyilmi?.. Hələ davamı var desək...

Davamı şam süfrəsində, özü də möhtəşəm şəkildə oldu desəm,- təəccüblənənlər olar bəlkə. Amma bütün səmimiyyətimlə deyirəm ki, süfrə başında bu cür söz, sənət, şeir, məzəli əhvalatlarla dolu bir ortamda olmamışdım indiyədək. Burda qarın doyurmaqdan da çox, ən ümdəsi ruhun qidalanması gerçəkləşirdi. Ruhun doyurulması nə gözəl olurmuş. Və mən bəlkə də həyatımda ilk dəfə şeir yaza bilməməyimin azacıq da olsa qısqanclığını yaşadım, xiffətə bənzər bir hiss duydum. Bir-biriylə bülbültək ötüşən bu istedad sahiblərinin hər kəlməsi, hər misrası heyranlığımızı daha da artırır, bizi-bizdən alıb mənəvi dünyamıza aparırdı. Dağıstanın tanınmış yazarlarından olan, tədbirin təşkilatçısı, tərçüməçi, jurnalist kimi sevilən istedadlı şair Fəxrəddin Oruc və qəlbi kövrək insan, hansısa daş ürəkli və soyuqqanlı məmurun təqsiri ucbatından illərdir Azərbaycana gələ bilməyən istedadlı şair Təhmiraz İmamovun, Dərbənd və Bakı arasında özü və sözü ilə dostluq körpüsü salan, incə ruhlu şairə və gözəl səsli nəğməkar Zeynəb Dərbəndlinin də bizimlə bir süfrə başında olması məclisimizə bir özgə gözəllik qatdı. Uzun illər boyu müxtəlif xalqların ortaq yaşadıqları Dərbənd kimi beynəlmiləl bir şəhərdə soydaşlarını salamlamaq, onlarla doğma ana dillərində şeir dəyişməsi etmək, keçənlərdən, gedənlərdən danışmaq, problemləri çözməyə çalışmaq, çıxış yollarını aramaq, gələcəyi planlamaq...hər iki tərəfin tamarzı qaldığı söhbətlər idi. Dağ cüssəli Fəxrəddin müəllimin tez-tez kövrəlməsi, Təhmiraz müəllimin bulud kimi dolub-boşalan gözləri mənə bir kitablıq yazıların mesajını verirdi...diqqətim onlarda olsa da, beyinaltı fikirlərimdən də yaxa qurtara bilmirdim və rahatlıqla köks ötürərək: Nə yaxşı ki, gəldik..nə yaxşı ki, onlara tək olmadıqlarını hiss etdirə bildik, nə yaxşı ki, biz hər zaman sizlərləyik mesajını verə bildik, nə yaxşı ki, biz doğma yurd yerlərimizə hər zaman sahiblənə bilərik-gəlişimizlə, var olduğumuzu göstərməyimizlə, adət-ənənələrimizi burda yaşada bilməyimizlə, tariximizi unudulmağa qoymamağımızla - olumunu sübut etməyimizlə...

Dəvət aldığımız "Poeziya və bahar bayramı" tədbiri Azərbaycan İqtisad Universitetinin Dərbənd filialının binasında baş tutacaqdı. İnstitutun direktor müavini, olduqca səmimi və qonaqpərvər Təranə xanım Abbasovanın kabinetindəki tanışlıq söhbəti çox maraqlı idi. Əyani təhsil üzrə bircə azərbaycanlı tələbə olsa da, qiyabi təhsil alanların əksəriyyətini Azərbaycandan gələnlərin təşkil etdiyini və onlara dərslərin doğma dillərində tədris olunduğunu, burda bir Azərbaycan ocağının alovlandığını, gənclərin güvənc yerinə çevrildiyini hər kəlməsində bizə çatdırmağa çalışan Təranə xanım Dərbəndin azərbaycanlı ziyalıları barədə ilkin fikir formalaşdırmağımıza zəmin yarada bildi təbii ki...

Universitetin akt zalında keçiriləcək bayram tədbirinə müəllimlər və tələbələrlə yanaşı qonaqlar da toplaşmışdı. Hər tərəf bayram qoxuyurdu burda. Söz alanlar, çıxış edənlər Dağıstan Azərbaycan dostluğundan danışsalar da, hamı bu dostluğun alt qatında məhrəm bir doğmalığın, birliyin, vəhdətin, eyniliyin olduğunun fərqindəydi.

Dərbənd şəhər mərkəzi kitabxanasının direktoru Diana Əliyeva tədbir iştirakçılarını salamlayaraq onları qonaqlarla tanış etdi. Xalqımızın bu müqəddəs bayramını Azərbaycandan gəlmiş nəğməli-sözlü qonaqlarla birlikdə keçirməyin onlar üçün nə qədər böyük önəm daşıdığını tədbir boyunca dönə-dönə vurğuladı. Dərbənddə fəaliyyət göstərən Gülüstan ədəbi birliyinin prezidenti Tahir Saleh, Azərbaycan və Tabasaran şairlərini öz gözəl və keyfiyyətli tərcümələri ilə birləşdirən Elmira Aşurbəyova, gənc istedadlı şairələrdən Safiyat Calqanskaya, Şüşəxanım Kərimova,  Telman Tahirli, Dədə Qorqud fondunun sədri Rafim Mövsümov və digər çıxışçıların - Dərbənd Azərbaycan dram teatrının aktyorları, ana dili müəllimləri, fəal tələbələr, şəhərin ziyalılarının hamısının çıxışının mayasında doğma yurd məhəbbəti, xalqımızın ulu tarixinə sevgi, dostluq tellərinin daha da möhkəmlənməsi, iki ölkə arasında qardaşlıq bağlarının uzunömürlü olması arzuları öz əksini tapmışdı.

"Azad qələm" qəzetinin baş redaktoru, şairə Nəcibə İlkinin Dərbənd ziyalılarının bir qismini qəzetin "Fəxri Fərmanı" ilə təltif etməsi bu dostluğa uzanan daha bir məhrəm əldən, bu dostluğu yaşadan vətən sevgili qəlbdən müjdə iidi.

Baharın atributlarından tutmuş xatirə şəkillərinin çəkiliş dönəminə qədər hər bir şey burda dostluğa və qardaşlığa köklənmişdi. Və bir də Vətəndə Vətənləşənlərin dünyaya sığmayan həsrət qarışıq sevinci, həyəcandan az qala eşidiləcək ürək döyüntüləri, sevgi dolu baxışları və yaşaran gözlərin məsumiyyəti...

Geri dönərkən başımda-beynimdə təkrarlanan bu misraların təsir dairəsindən hələ də çıxmamışam: "Getməsək də, gəlməsək də, o kənd bizim kəndimizdi...o kənd bizim kəndimizdi"...

...Gedəcəyik... Sevəcəyik...

Əntiqə QONAQ,

                                                                               əməkdar jurnalist

Fotolar:

 
 
 
 
 
 
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR