“Ölüm təyyarələri”ni özəl edən xüsusiyyətlər

"Boeing" 5 milyard dollarlıq zərərlə üz-üzə

Efiopiyada baş verən dəhşətli qəzadan sonra ABŞ aviasiya  nəhəngi "Boeing" şirkəti böyük problemlərlə üzləşib. Belə ki, Avropa Birliyi, Çin, Rusiya, Türkiyə və digər onlarla ölkənin qəzaya uğrayan "Boeing MAX 8" tiplu təyyarələrin öz ərazilərində uçuşlarını dayandırdıqdan sonra analoji addımı şirkətin vətəni olan ABŞ da atıb. ABŞ prezidenti Donald Tramp Efiopiyada və İndoneziyada təyyarə qəzalarından sonra "Boeing 737 Max 8" və "Max 9"un uçuşlarını dayandırmaqla bağlı göstəriş verib.

Aviaşirkət prezidentin qərarını dəstəkləyib və Mülki Aviasiya Federal İdarəsinə bütün təyyarələrin uçuşlarını dayandırmağı məsləhət görüb.

"Boeing" özü isə yaydığı açıqlamada bildirib ki, şirkət əvvəlki kimi "737 Max"ın təhlükəsizliyinə tamamilə əmindir. Lakin şirkət "737 MAX" tipli təyyarələrin tədarükünü dayandırmaq barədə qərar qəbul etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, dünyada artıq istifadədə olan 400-dək "Boeing MAX 8" təyyarələrinin istifadəsi tamamilə dayandırılıb. Halbuki şirkət bu təyyarələrin satışında rekorda imza atmışdı - qısa müddətdə 5 minədək sifariş alınmışdı. Həmin sifarişlərin yalnız min ədədinin geri götürülməsi mümkün deyil - qalan 4 min ədədin sifarişçiləri istədikləri vaxt geri çəkilə bilərlər. Bu isə şirkətin 5 milyard dollara yaxın zərərə düşməsi deməkdir. Digər tərəfdən, Efiopiyadakı qəzanın da təyyarənin proqram təminatındakı qüsurlardan irəli gəldiyi aydınlaşarsa,  qəzalarda həlak olan şəxslərin ailələri şirkətdən külli miqdarda təzminat tələb etmək haqqına sahib olacaqlar. Yeri gəlmişkən,  22  ədəd "Boeing MAX 8" almış Malaziya aviaşirkəti artıq "Boeng"i məhkəməyə verəcəyini açıqlayıb.

Ötən ili 101 milyard dollarlıq gəlir, 10 milyard dollardan yuxarı mənfəətlə başa vuran şirkət üçün maddi itkilər qısamüddətli dövrdə bəlkə də elə böyük problem yaratmayacaq. Lakin bu hadisənin uzunmüddətli dövrdə "Boeing" üçün böyük başağrısına çevriləcəyi şəksizdir. Belə ki, ABŞ konserni "Boeing MAX 8"i məhz Avropa və dünyadakı əsas rəqibi "Airbus"un yeni modelinə qarşı duruş gətirmək üçün yaratmışdı. Bu modelin sayəsində dünya aviasiya bazarında mövqeyini saxlamaq  kimi planları vardı. Qəzalar isə bütün bu planları alt-üst etməkdədir.

Ortaməsafəli uçuşlar üçün yaradılmış "Boeing MAX 8"in əsas üstünlüyü yanacağa qənaət etməyindədir. Bu təyyarələrə CFM International şirkətinin LEAP-1B adlı yeni mühərrikləri quraşdırılıb. Eyni zamanda təyyarənin qanadlarının və fyuzelyajının quraşdırılmasında yeniliklər edilib.

Modlein yaradıcıları yanacağa qənaətdən əlavə, ekoloji tələblərə uyğunluq(atmosferə daha az yanacaq qalıqlarının atılması), həmçinin mühərrikin səs səviyyəsinin minimuma endirilməsi kimi mühüm məsələlərdə də yaxşı nəticələr əldə edə biliblər.

"Boeing 737 MAX 8" "Boeing 737 GN"-ə nisbətən yanacağa 14 faiz qənaət etməyə imkan verir. Bu zaman havaya atılan yanacaq qalıqlarının miqdarı 2 dəfə, səs səviyyəsi isə 40 faiz azalır.

Təyyarədə ilk uçuş 2016-cı ilin əvvəlində baş tutub. 2017-ci ilin yazında isə ABŞ Federal Aviasiya Administrasiyası modeli sertifikatlaşdıraraq, satışına icazə verib. Şirkət  artıq MAX9-ların test uçuşlarına başlamışdı. Bu model uzaqməsafəli uçuşlar üçün planlaşdırılıb. "Boeing" 2035-ci ilədək  28 min  ədəd belə təyyarə satmağı planlaşdırır. Ümumilikdə 737 MAX-ların satışının ümumi dəyərinin 3 trilyon dollara bərabər olacağı nəzərdə tutulur.

"Boeing" həmçinin  "Boeing 737 MAX 8"in ardınca onun biznes variantını da yaratmağı planlaşdırırdı.

Mühəndislər "Boeing 737 MAX 8"-in  qanadları altına daha güclü və böyük mühərrik yerləşdiriblər. Bu mühərrikin bir qədər qanaddan irəli çıxması təyyarənin aerodinamikasını və hava axınının sınması şərtlərini dəyişib. Nəticədə, müəyyən yüksəkliyə qalxdıqdan sonra təyyarənin burnunun yuxarı qalxması baş verir. Bu qalxmanın qarşısını almaq üçünsə mühəndislər təyyarədə yeni avtomatik manevr idarəetmə proqramı yerləşdiriblər. MCAS adlandırılan bu proqram barədə təyyarənin istifadə təlimatında heç bir məlumat yerləşdirilməyib.

Şirkətdə hesab ediblər ki, təyyarənin maksimal yüksəliş həddinin(12 min metr) keçilməsi riski olmadığı üçün bu proqramın işə düşməsi qeyri-mümkündür, bu baxımdan, pilotların həmin proqramla davranmalarına ehtiyac qalmayacaq. Lakin ötən ilin oktyabrında İndoneziyada baş vermiş qəzanın araşdırılması zamanı məlum olub ki, təyyarə yerdən bir neçə min metr qalxan kimi MCAS proqramı hansısa səbəbdən işə düşərək, təyyarənin burnunu aşağı salıb. Proqram barədə məlumatsız olan pilotlar qəzanın qarşısını ala bilməyiblər.

Maraqlıdır ki, İndoneziyadakı qəzadan  sonra "Boeing" təyyarədən istifadə təlimatına MCAS barədə əlavə edərək bütün istifadəçilərə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR