ABŞ-ın azərbaycanlı vətəndaşının ömür hekayəsi

O, Amerikaya turist kimi gəlib, vizasının müddəti bitəndən sonra geri dönməyib. Çox çətinliklərdən keçib, başına elə hadisələr gəlib ki, danışdıqca hislərimi cilovlaya bilmirdim. Özüylə gətirdiyi pul bitənə yaxın qaldığı oteli tərk etməli olub. Nyu Yorkun Bruklin hissəsindəki həyətlərdən birində skamyada gecələyərkən Lyuba adlı 70 yaşlı bir belarus qadın ona yaxınlaşıb, neçə gündür skamyada nə üçün gecələdiyini soruşub. O da başına gələnləri ona danışıb, pulunun tükəndiyini, iş axtardığını söyləyib. Lyuba xanım mərhəmət göstərərək onu öz evinə dəvət edib. Bir neçə gün orada yaşadıqdan sonra qadın ona iş də tapıb. O vaxt Nyu Yorkda fəaliyyət göstərən "Abşeron" restoranına gətirib. Restoranın müdiri, milliyətcə yəhudi olan, Bakının Maştağa kəndindən Yaşar kişi onu işə götürüb və həyatı yavaş-yavaş öz axarına düşüb...

Haqqında söhbət açdığım Həbib Məmmədov 1971-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında dünyaya gəlib. 1987-ci ildə Bakıdakı 255 nömrəli orta məktəbi bitirərək bir neçə il avtomobil hissələri və aksesuarlarının biznesi ilə məşğul olub. 1991-1995-ci illərdə Ukraynada Taras Bulba adına Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakultəsində ali təhsil alıb. 1995-ci ildə Bakıya dönərək dörd il müxtəlif işlərdə çalışıb. 1999-cu ildən ABŞ-ın Nyu York şəhərində yaşayır. Bir il restoranda aşpazlıq etdikdən sonra 2001-2010-cu illərdə Bruklin Zərgərlik Fabrikində zərgər işləyib. 2010-2013-cü illərdə Nyu York Tibb Universitetində təhsil alaraq tibb işçisi ixtisasına yiyələnib. Eyni zamanda iki uşaq bağçası yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2013-2016-cı illərdə təsis etdiyi tikinti-təmir şirkətinə rəhbərlik edib. 2016-cı ildə "Best Professional Home Care" şirkətini yaradıb. Onun həyat yoldaşı ilə birlikdə rəhbərlik etdiyi bu şirkət Nyu Yorkda yaşayan ahıl yaşlı azərbaycan, türk və rus dilli əhaliyə xidmət göstərir. İngilis, ispan, özbək dillərində sərbəst danışır. İdmanla məşğul olur...

...Ömür-gün yoldaşı Şahnaz xanım ixtisasca ingilis dili müəllimidir. Üç övladı var, iki oğlan, bir qız...

Deyir ki,- "İngilis dilində danışmağı bacaran, əlində ixtisası, peşəsi olan, xüsusən də həkimlər, mühəndislər buyurub ABŞ-a gələ bilərlər. Bir-iki il çətinlikləri olsa da, sonrakı həyatlarından məmnun qalacaqlar. Nyu Yorka pənah gətirənlərə isə kömək etməyə həmişə hazıram"...

Həbib sözün əsl mənasında çox bacarıqlı, necə deyərlər, ürəyi yanan, istiqanlı insandır. Qardaş və bacılarından başqa əlliyə yaxın dost-tanışın Amerikada məskunlaşmasına təmənnasız yardım edib, qayğılarını çəkib...

Bütün insanlar kimi onun da arzuları var. İstəyir ki, işğal olunmuş torpaqlarımız tezliklə geri alınsın. Lazım gələrsə əlinə silah götürüb döyüşməyə hazır olduğunu da, dilə gətirir. 
Bəli, milli kimliyini uca tutan, Amerikaya turist kimi daxil olan bu soydaşımız, indi Amerika Birləşmiş Ştatlarının azərbaycanlı vətəndaşıdır...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR