Prezidentin binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanı ilə bağlı işçi qrup yaradılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan müşavirə" keçirilib. 

"OLAYLAR"ın verdiyi məlumata görə, müşavirədə fövqəladə hallar naziriKəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azərenerji" ASC-nin prezidenti Balababa Rzayev, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev iştirak ediblər.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Prezidentin imzaladığı fərman vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısının atdığı növbəti mütərəqqi addım olaraq, bəzi çoxmənzilli binaların istismara verilməsinin sürətləndirilməsinə imkan yaradacaq. Nazir artıq bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətini tənzimləyən işçi qrupun yaradıldığını və Fərmandan irəli gələn məsələlərin operativ icrasına başlanıldığını qeyd edib. O bildirib ki, Prezidentin bu mühüm Fərmanının icrası nəticəsində illərlə qaz, işıq, su, poçt xidməti kimi problemlərlə üzləşmiş vətəndaşlar bu çətinliklərdən xilas olacaqlar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev mühüm əhəmiyyət kəsb edən bu Fərmanın icrası zamanı on minlərlə sakinin probleminin öz həllini tapacağını deyib. O bildirib ki, işçi qrup artıq yoxlanılmış binaların istismara verilməsini daha da sürətləndirmək istiqamətində işlər aparır.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev Fərmandan irəli gələn məsələlərin əhəmiyyətindən danışaraq bu istiqamətdə aidiyyəti dövlət qurumlarının əlaqəli işinin vacibliyini vurğulayıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Fərmanın əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynadığını diqqətə çatdıraraq bildirib ki, rəhbərlik etdiyi qurum işçi qrup çərçivəsində çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsi üçün lazımi işlərin görülməsində yaxından iştirak edir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində mühüm işlər görüldüyünü və Fərmanın icrası istiqamətində Bakı Şəhər İcra Hakimiyyətinin də aidiyyəti dövlət orqanları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

"Azərenerji" ASC-nin prezidenti Balababa Rzayev, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev adıçəkilən Fərmana uyğun olaraq, bəzi çoxmənzilli binaların elektrik enerjisi, su və qaz ilə lazımi səviyyədə təminatı üçün müvafiq tədbirlərin həyata keçrildiyini bildiriblər.

Sonra mövzu ilə bağlı həlli vacib olan məsələlərin geniş müzakirəsi aparılıb, Fərmanın icrasının vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR