Norvuz balığını necə seçməli?- TƏHLİL

Bazarlara mənşəyi bəlli olmayan balıqlar çıxarılır

Novruz bayramı yaxınlaşdıqca hər kəs öz bayram süfrəsinin gözəl və bol olmasına çalışır. Novruz bayramının süfrə təamlarından biri də  balığıdır ki, hazırda bu növ məhsulun qiymətində artım müşahidə olunur. Bilməyən yoxdur ki, Novruz bayramında süfrədə mütləq balıq olmalıdır. Novruz bizim yeni il olduğu üçün ilin ilk anlarını məhz balıqla qarşılayırlar. Deyilənlərə görə, balıq ailəyə ruzi, bərəkət gətirir. Adətən İlaxır çərşənbə axşamında plov bişirilib balıqla yeyilir. Adətə görə, cənub bölgəsində, xüsusilə Lənkəranda həmin axşam çəki, külmə balığı yeməz, kütüm balığına üstünlük verərlər. Bayram axşamında nişanlı qızların evinə ağzında qızıl üzük olan balıq, müxtəlif hədiyyələr də göndərilir. Elə bayramda balığın belə önəm daşıması, sözsüz ki, onun bazardakı qiymətinə təsir göstərir. Məsələ orasındadır ki, hazırda insanları balığın qiymətindən çox onun keyfiyyəti narahat edir. Məlumata görə, bazarlarıda satışa çıxarılan balıq məhsullarının keyfiyyəti şübhə doğurur. Elə millət vəkili Cavanşir Paşazadə də deyib ki,  bazarlarda satılan balıqların mənşəyi bilinmir: "Yol kənarlarında, bazarlarda satılan balıqların mənşəyinin haradan olduğu bilinmir. Balıqların necə və harada saxlandığı, onların qidalanmasında hansı gübrələrdən istifadə olunması bilinmir".

Məlumat üçün qeyd edək ki, bir sıra insanlar balıq ovunu əyləncə kimi qəbul etsələr də böyük bir qismi bundan dolanışıq mənbəyi kimi istifadə edilir. Yəni, gün ərzində yüzlərlə insan ovladığı balığı satışa çıxarır. Məsələ orasındadır ki, hazırda satışa çıxarılan balıqların əksəriyyətinin dəniz və çaylarda deyil, adicə su kanallarında ovlandığı bildirilir. Sirr deyil ki, belə balıqlar insan orqanizmi üçün təhlükəli hesab olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirməsinə baxmayaraq bütövlükdə kanallardan balıq ovunun qarşısını almaq mümkün olmayıb. Belə ki,  Mil-Muğan və Şirvan kanallarında, eləcə də Baş Şirvan və Baş Mil-Muğan kollektorlarında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələrin yerləşdirildiyi bildirilir. Daha dəhşətlisi odur ki, balıq ovu Bakıətrafı  kanalizasiyalarda aparılır. Belə ki, brakonyerlər balıq tutmaq üçün çaya elektrik cərəyanı buraxırlar. Mütəxəssislərin fikrincə, balığın haradan və necə tutulması da əsas şərtdir. Məsələn, vaxtilə Kürün Zərdab rayonundan keçən hissəsində brakonyerlərin balıq tutmaq üçün istifadə etdiyi vasitə əhali arasında zəhərlənməyə səbəb olmuşdu. Mütəxəssislərin fikrincə, kanalizasiya sularında yaşayan balıqların satışı qadağandır. Çünki bu cür balıqlar toksiki maddələrlə zəhərlənir. Buna görə də bu cür balıqları yemək olmaz. Toksinlər bağırsaq yollarına gedir və orqanizmdə müxtəlif xəstəliklər yaradır. Məhz bu kimi halların nəticəsidir ki, hər il xeyli sayda balıqdan zəhərlənmə halları qeydə alınır. Ölkədə qanunsuz ov hallarının qarşısının alınması istiqamətində mütəmadi reydlərin davam etdirilməsinə baxmayaraq bazarlarda, özü də antisanitar şəraitdə satışa çıxarılan balıqların sayı kifayət qədərdir.  Bəs, keyfiyyətli balığı necə müəyyənləşdirmək olar?

Əvvəla onu qeyd edək ki, tərкibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların sağlam qidalanmasında xüsusi əhəmiyyəti var. Fizioloji normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlaк etməlidir. Ticarət şəbəkələrində əsasən diri, hisə verilmiş və qaхac edilmiş, duzlu balıq, balıq кonservləri və digər dəniz məhsulları satılır. Qeyd edək ki, istehlakçılar hazırki şəraitdə balıq alarkən bir sıra vacib məsələlərə diqqət yetirməlidirlər. İlk növbədə nəzərə alınmalıdır ki, təzə balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış olur. Keyfiyyətli təzə balığın gözləri şəffaf, parlaq olur. Qəlsəmələrin arasını iylədikdə spesifik təzə balıq iyi hiss olunur. Təzə balığın qəlsəməsi tünd qırmızı, köhnə balıqlarda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi itir, çəhrayı, qırmızı, qonur rənglər yaranır. 

Balıq məhsulları alarkən istehlakçıların üzləşdiyi başlıca problem balığın saxlama müddətinin keçməsidir. Təzə balıqdan spesifik çürümə iyi gəlməməlidir. Balıq köhnəldikcə selik şəffaflığını itirir, ağ, sarı, boz və s. rənglərə çalır. Xarab olma dərəcəsindən asılı olaraq qəlsəmələrin rəngi qırmızı-qəhvəyi, çəhrayı və s. dəyişə bilər. Qəlsəmələrin üzərindəki selik qatı təzə balıqlarda şəffaf və rəngsiz olur. Saxlama müddətinin ötməsi nəticəsində balığın gözünün rəngi bulanıqlaşır. Dövlət xidmətinin məlumatında bildirilir ki, balıq məhsullarının növündən asılı olaraq onların saxlanma müddəti, şəraiti və temperaturu da müxtəlifdir. İlin isti vaхtlarında müvafiq şəraitdə təzə balığı mağazada 24 saat, soyuq vaхtlarda 48 saat saхlamaq olar. Duzlu balıq çəlləklərdə duzlanma səviyyəsindən asılı olaraq 4-9 ay, yeşiklərdə 4 aya qədər, xüsusi paketlərdə vakuum şəraitdə 20-35 sutka, vakuumsuz şəraitdə 10-15 sutka, hisə verilmiş və qaxac edilmiş balıqlar 2 aya qədər müddətdə saxlanıla bilər. Qurudulmuş balıq mənfi 8-10 dərəcədə 8-10 ay saxlanıla bilər. Qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlama müddəti isə məhsulun növündən, qablaşdırılmasından və saxlama şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir.Bazarlarda, yarmarkalarda və digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağan edilir. Nəzərə almaq lazımdır ki,   keyfiyyətsiz balıq və balıq məhsullarının istehlakı insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir. 

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR