Paytaxtda daha bir Qadın Resurs Mərkəzi açılıb

Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycanda gender bərabərliyi sahəsində dövlət tərəfindən mühüm işlər görüldüyünü söyləyib. O, bu gün ölkəmizin sosial-iqtisadi həyatında qadın sahibkarların rolunun böyük olduğunu söyləyib. İcra başçısı qadınların biznes bacarıqlarının artırılması baxımından resurs mərkəzlərinin rolunu qeyd edib, bu mərkəzlərdən birinin də Xəzər rayonu ərazisində təsis olunduğunu bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək deyib ki, ölkəmizdə 2011-ci ildən Qadın Resurs mərkəzlərinin yaradılmasına start verilib. Altı mindən çox qadın mühasibat uçotu və maliyyə savadlılığı, informatika, maliyyələşmə üsulları, qadınların insan hüquqları və iqtisadi hüquqları, habelə tərcümeyi-halın yazılması, təqdimat bacarıqlarının gücləndirilməsi və şəbəkələşmə kimi sahələrdə pulsuz təlimlərdən yararlanıb. Təlimlər yüzlərlə qadına qrant dəstəyindən istifadə edərək öz bizneslərini qurmaqda kömək edib.

Tədbirdə iştirak edən BMT İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer bildirib ki, Qadın Resurs mərkəzləri xanımların öz şəxsi hədəflərinə çatmaq və iqtisadi imkanlardan yararlanmaq üçün bir ekosistem formalaşdırıb. Bu mərkəzlər təkcə qadın sahibkarların öz şəxsi bizneslərini qurmasına dəstək göstərmir, həm də onların özünəinam hissi qazanmasına, ailədə bərabərliyə nail olmasına, cəmiyyətdə nüfuzlarının artmasına və nəticədə başqaları üçün nümunə təşkil edən şəxslərə çevrilməsinə kömək edir. Xanım Miryana Eqqer belə vacib təşəbbüslərə verilən dəstəyə görə Azərbaycan hökumətinə və inkişaf sahəsində fəaliyyət göstərən tərəfdaş təşkilatlara BMT İnkişaf Proqramı adından minnətdarlığını ifadə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR