Böyük güclərin oyunu olmasa biz aprel zəfərini hər gün təkrarlayarıq

Arzuman Abdulkərimov: "İrəvana qədər gedib çıxarıq"

Əvvəli 7.03.2019-cu il tarixli sayımızda

Artıq bir neçə aydır ki, Azərbaycanda sosial sferada çox ciddi addımlar atılır, islahatlar həyata keçirilir. Bu müddət ərzində ölkədə maaş və pensiyaların məbləğinin, minimum əmək haqqının artırılması, problemli kreditlərlə bağlı verilən inqiılabi qərar cəmiyyət tərəfindən böyük məmnunluqla qarşılanıb. Proseslər onu deməyə əsas verir ki, bu islahatlar, sosial açılımlar davamlı xarakter daşıyacaq və vətəndaşlarımız yaxın vaxtlarda növbəti yeniliklərlə üzləşəcəklər. Elə "Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə İctimai Birlik sədri sosial sahədə atılan addımlar, verilən qərarların vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına müsbət təsirlərindən danışıb. Həmçinin Arzuman Abdulkərimov dövlətin, dövlət başçısının sosial sahədə həyata keçirdiyi islahatlara, verdiyi qərarlara qara yaxmağa çalışan qüvvələrin başlıca niyyəti, onların maliyyələşdiyi xarici dairələr barədə də danışıb.

-Arzuman bəy, bütün bu təxribatlar, antiAzərbaycan kampaniyası eyni zamanda Qarabağ cəbhəsində atdığımız və bundan sonra atacağımız uğurlu addımlara kölgə salmaq, bu məsələdə bizə mane olmaq məqsədi daşımırmı?

-Tamamilə doğru deyirsiniz. Cərəyan edən proseslərə diqqət etdikdə bir daha belə qənaətə gəlmək olar. Azərbaycana qarşı təzyiqlərin ən pik həddi hansısa bloggerlə bağlı oldu. Bu həmin dövrə təsadüf etdi ki, o ərəfədə Dağlıq Qarabağ probleminin həlli məsələsində diplomatik üstünlüyümüz özünü daha qabarıq şəkildə göstərirdi. Bunu önləmək, Azərbaycanın mövqeyini zəiflətmək üçün ölkəmizə qarşı qətnamə də qəbul edildi. Məlumat üçün qeyd edim ki, həmin bloggerlə bağlı qəbul edilən qətnamədə cınsı azlıqlarla da bağlı bir bənd vardı. O zaman belə qənaətə gəlmək olar ki, bloggerlə bağlı qətnaməyə dəstək verənlər, onu alqışlayanlar, qeyd etdiyim digər məsələni də qəbul edirlər. Məsələnin digər tərəfinə gəldikdə bu onların şəxsi həyatıdır və həmin həyatı yaşaya bilərlər. Onu da qeyd edim ki, həmin bloggerlə bağlı xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Əli Kərimli canfəşanlıq edirdi. Ancaq burada maraqlı bir nüans var. Belə ki. Əli Kərimlinin bir neçə müavini törətdiyi konkret cinayət əməlinə görə həbsdədir və onların heç birinin həbsində siyasi motiv yoxdur. Ən azı Gözəl Bayramlı ilə bağlı məsələ hər kəsə məlumdur və bu şəxs konkret olaraq Gürcüstandan pul transferi ilə məşğul idi. Mənim fikirlərimdən belə anlaşılmasın ki, kimlərinsə həbsdə qalmasını arzu edirəm. Qətiyyən. Ancaq onu da nəzərə almaq lazımdır ki, dövlət və onun qanunları var. Allah qapısını açsın. Cəzasını çəkib islah olunubsa buraxmaq lazımdır. Azərbaycanda siyasi mövqeyi, baxışlarına görə indiyə qədər kiminsə incidildiyi, təqib olunduğunu eşitməmişəm. Bununla bağlı heç bir məhkəmə qərarı yoxdur. İndi gələk məsələnin digər tərəfinə. Qeyd etdiyim kimi Əli Kərimli bloggerlə bağlı məsələdə xüsusi canfəşanlıq edirdi. Burada maraqlı bir sual ortaya çıxır. Bəs, Əli Kərimli bloggerlə bağlı məsələ gündəmə gəldikdən 1-2 ay əvvəl nə üçün törətdikləri cinayət əməlinə görə, həbsdə olan müavinlərinin mübarizəsinə qalxmırdı?. Nə üçün həmin şəxslər üçün mitinq keçirib, meydanlara çağırış etmirdi. Bunun da müəyyən səbəbləri ola bilər. Ya Əli Kərimli artıq onlardan imtina edib, üz döndərib, ya da burada tamam başqa səbəb var. Artıq blogger də həbsdən çıxdı. Əli Kərimli bu dəfə də ondan bir vasitə kimi istifadə etməyə çalışsa da, lakin onun bu planı da baş tutmadı. Kərimli Mehman Hüseynovun evinə qədər getsə də, lakin o Əli Kərimliyə üz göstərmədi. Həmçinin Mehman Hüseynov həbsdən çıxdıqdan sonra keçirdiyi mətbuat konfransında bir dəfə də olsun Əli Kərimliyə təşəkkür etmədi. Mən hələ dekabr ayında yazmışdım ki, Əli Kərimli bloggerin azadlığa çıxmasını istəyir və qeyd etmişdim ki, biz də öz növbəmizdə onun azad olunmasını istəyirik. Ancaq həmin blogger həbsdən çıxandan sonra sizlərin onun üzərində hansı oyunlar oynadığınızı biləcək və sizə qarşı çevriləcək. Artıq həmin proses başlayıb.

-Belə getsə bir müddət sonra Fəxrəddin Abbaszadəni də siyasi məhbus elan edəcəklər

-Artıq bu prosesə başlayıblar. Səhv etmirəmsə xaosçulara yaxın media qurumlarında Fəxrəddin Abbaszadə və hətta Əlikram Hümbətov siyasi mühacir kimi qələmə verilib. Onu dəqiq bilirəm ki, Ermənistanın xüsusi xidmət orqanlarına bağlı olan voskanapat və Rusiyadakı erməni diasporuna bağlı olan yerkramas saytları Fəxrəddin Abbaszadənin siyasi baxışlarına görə həbs edildiyini yazırlar. Əmin ola bilərsiniz ki, yaxın vaxtlarda Leyla Yunus, buradan isə Xədicə İsmayıl prosesə qoşulacaq və insan haqları məsələsi yenidən gündəmə gələcək. Mənim dövlətimi parçalamaq istəyən, dövlətimə həqarət edən Fəxrəddin Abbaszadə bir ay bundan əvvəl deyirdi ki, Azərbaycanın bayrağı burada yaşayan xalqların təmsilçiliyini özündə birləşdirmir, ehtiva etmir. Bu bayraq dəyişilsin. Və açıq-aşkar ermənilərə irad bildirir ki, nə üçün ermənilərə Qarabağ məsələsində "Talış Muhacir Dövləti" olaraq dəstək verir, Qarabağı tanıyırıq, ancaq ermənilər "Talış Muhacir Dövlətini" tanımırlar və onlar da bunu tanımalıdırlar. Fəxrəddin Abbaszadədən insaflı olan ermənilərdən biri isə ona irad tutub ki, bizim zəhmətimizi itirmə və sizə çox dəstək veririk.

-Son olaraq Qarabağ probleminin həlli ilə bağlı fikirlərinizi bilmək istərdim. Sizcə, Ermənistan hakimiyyəti, Paşinyan hökuməti problemin danışıqlar yolu ilə həllinə maraq göstərəcək, yoxsa ikinci bir aprel savaşı gözləniləndir?

-Məncə Paşinyan hökuməti danışıqlar prosesinə maraq göstərmir. Hesab edirəm ki, bu məsələdə böyük güclərin oyunu olmasa biz aprel zəfərini hər gün təkrarlayarıq və İrəvana qədər gedib çıxarıq. 2016-cı ilin aprelində ordumuz nəyə qadir olduğumuzu göstərdi. Ancaq burada bir məsələ var ki, ikili, üçlü, beşli standartların qarşısında qalmışıq. Burada böyük dövlətlərin maraqları toqquşur. Demokratiya, insan haqları, bunlar hamısı boş şeylərdir və yalnız kiçik dövlətləri idarə etmək üçün düşünülmüş siyasi bir oyundur. Bir vətəndaş olaraq təbii ki, mən də sülhü dəstəkləyir, sülh olmağını istəyirəm. Eyni zamanda hər bir Azərbaycan vətəndaşı arzu edir ki, sülh olsun, torpaqlarımız dinc yolla, müharibə olmadan azad olunsun. Ancaq bu o demək deyil ki, biz torpaqlarımızın işğalı ilə barışacağıq. Konkret olaraq isə müharibə, savaş tərəfdarıyam. Çünki Ermənistan işğal etdiyi torpaqlarımızı sülh yolu ilə azad etməkdə maraqlı görünmür. Eyni zamanda biz bu torpaqlar uğrunda can vermişik, neçə-neçə oğul və qızlarımız şəhid olub. Ona görə də biz şəhidlərimizin qanını yerdə qoya bilmərik. Cənab Prezidentin təbirincə desək biz ikinci bir Ermənistan dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik. Həmin böyük güclər çəkilsinlər bir kənara və biz bir həftəyə məsələmizi həll edək və torpaqlarımızı işğalçılardan təmizləyək. Ondan sonra sülh müqaviləsi bağlana və ermənilər də burada Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər.

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR