Kasıb-kartof-kasıb dairəsi ARZU SOLTAN yazır

Təsadüfən şəhərin mərkəzində yolun kənarında dayanıb söhbət edən iki kişinin söhbətini eşitdim. Biri o birisinə deyirdi ki, kasıbınkı yaydır. Bir kisə kartofu alır atır evə, dolanır yavaş-yavaş...

Bu məntiqlə yanaşsaq, Bakıda bütün idarə və müəssisələrdə işləyənlər kasıbdır. Çünki günorta saat 12.00 ətrafında hansı xəstəxananın, bankın, məktəbin, muzeyin, mədəniyyət evinin, kitabxananın... qapısını açırsan, görürsən ki, kartof qızartması iyi aləmi götürüb başına (təbii ki, dönər, lahmacun sifariş edənlər və başqa istisnalar da var). Müşahidələrimə görə, belə iş yerlərində qadınlar günün birinci yarısını o mühüm məqama - nahar fasiləsinə hazırlıqla keçirirlər. Gətirdikləri kartofu soyur, göyərtini təmizləyib yuyur, çörək almağa adam göndərirlər. Sonra gözlənilən an çatır. Tələsmədən, qapıda, kassada kimin gözləməsinə, hansı işin yarımçıq qalmasına əhəmiyyət vermədən naharlarını edirlər. Günün ikinci yarısı da gedir süfrəni yığışdırmağa, qabları yumağa. Kimin qabları təmiz, kimin başdansovdu yumağını, kimin qabyuyan vasitəyə qənaət etmədiyi müzakirə etməyə və s. Beləcə iş günü tamamlanır...

Amma məsələ ondadır ki, onlar elə buna görə kasıbdırlar. Vaxt tapıb bir qəzet-jurnal, kitab üzü açmırlar, kompüteri ancaq kart oynamaq aləti hesab edirlər, dünyada gedən proseslərdən xəbər tutmurlar. Elə gənc yaşlarında orta məktəbdə və ya oxuyublarsa universitetdə nə öyrəniblərsə, hələ də oradadırlar. Özlərini inkişaf etdirmək, yenilikləri öyrənməklə həyatdan zövq almaq, yeni layihələrə qoşulmaq, yeni təşəbbüslər və planlar irəli sürmək ağıllarına gəlmir. Maddi zənginliyi gətirən mənəvi zənginliyə can atmırlar yəni. Heç olmasa yemək zövqlərini inkişaf etdirmək, kartofdan qızartmadan başqa nə bişirmək mümkün olduğunu öyrənmək xətrinə nəsə oxumaq da ağıllarına gəlmir.

Odur ki, kasıb-kartof-kasıb qapalı dairəsi açılmır ki, açılmır.

Məşhur holland rəssamı Vinsent Van Qoq 1885-ci ildə "Kartof yeyənlər" adlı rəsm əsəri çəkib. Əsər haqqında yazırlar ki, "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir edib. Ailə ata, ana, oğul və iki qızdan ibarət idi və onlar kasıb olduqlarından əsas yeməkləri kartof idi.

Rəssamı araşdıran müəlliflərdən biri tabloda təsvir olunan personajlar haqqında yazır: "Onlardan hər biri tənha və təcrid olunmuş görünür, onlar arasında canlı ünsiyyət yoxdur. Onlar bir-birlərinə baxmırlar. Təcrid olunmanın bu tutqun atmosferində bir birləşdirici detal var: lampa...Van Qoqun məhəbbət simvolu olan işıq saçan lampa onların tənhalığında onlara təskinlik verir"...

O lampadan bizdə niyə olmasın?

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR