İnternet medianın inkişafı və maliyyələşdirilməsi zərurətə çevrilir

Müasir dövrümüzdə informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı bizləri də onunla ayaqlaşmaq, günün tələblərinə uyğun fəaliyyət göstərməyə sövq edir. Zəmanəmizin internet əsri, texnika, texnologiya dövrü olduğunu nəzərə alsaq və dünyanın bir nöqtəsində baş verən hadisədən digər nöqtəsində kompüter, telefonumuzun imkanlarından istifadə etməklə məlumatlana bildiyimizə diqqət yetirsək, o zaman ənənəvi çap mediasına da tədricən tələbatın azaldığını aydın şəkildə görə bilərik. Və ortada belə bir mənzərə formalaşır ki, tədricən ənənəvi çap mediası öz yerini elektron mediyaya verir.

Dünyanın hər bir yerində gedən bu proses heç şübhəsiz ki, Azərbaycandan da yan keçmir.  Açıq şəkildə etiraf etmək lazımdır ki, günümüzdə Azərbaycanda nəşr edilən dövrü mətbuat qədər dünyanın bir çox ölkələrində qəzet, kütləvi informasiya vasitəsi yoxdur.  Bu məsələnin başqa bir tərəfidir ki, hələlik cəmiyyətdə çap mediadan birdəfəlik uzaqlaşmaq fikir formalaşmayıb, bunun bir reallıq olduğu tam dərk edilmir. Ancaq mövcud şərait onu tələb edir ki, tədricən çap media yerini elektron mediyaya verməlidir. Bu mənada bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşdirilməsi ilə bağlı şərtləri bir qədər sərtləşdirməsinin məqsədlərindən biri də əslində elektron medianın inkişafına hesablanmış addım idi. Yəni, Fondun yeni şərtləri ilə fəaliyyətini davam etdirə bilməyən qəzetlər, kütləvi informasiya vasitələri bundan sonra öz fəaliyyətlərini elektron formada davam etdirə bilərlər. Onu da qeyd etmək lazımdır ki, sözügedən qərarın qəbulundan və qəzetlərin maliyyələşməsinin sərtləşdirilməsindən sonrakı vəziyyətin necə olacağı sual doğururdu. Ancaq dövlətin, şəxsən dövlət başçısının Azərbaycanda söz və mətbuat azadlığının, medianın inkişafına hər zaman xüsusi həssaslıqla, diqqət və qayğı ilə yanaşdığı, ümumilikdə bu sahənin Cənab Prezidentin himayəsi ilə əhatə olunduğunu nəzərə alsaq, o zaman yaranmış qeyri-müəyyən vəziyyətin tezliklə aradan qaldırılacağına ümid bəsləmək olar. Elə ötən gün Azərbaycan Mətbuat Şurasında keçirilən toplantı da elə bu məqsədə xidmət edirdi.

Ümumiyyətlə, indi ən çox gözlənilən addımlardan biri ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu internet medianı da maliyyələşdirəcək.  İlk növbədə isə internet qəzetlərinin maliyyələşdirilməsi günün tələbinə çevrilməkdədir. Düzdür, bununla bağlı ölkənin media cameəsinin iştirakı ilə geniş müzakirələrin aparılması, bütün tərəflərin mövqelərinin dinlənilməsi şərtdir.  Və ümid etmək olar ki, tezliklə bu məsələ müzakirə predmetinə çevriləcək. O tamam başqa məsələdir ki, fond tərəfindən internet mediyaya maliyyə vəsaitinin ayrılması mexanizmi yoxdur. Ancaq burada dövlət başçısının müstəsna hüququ  və siyasi iradəsini qeyd etmək lazımdır. Çünki Cənab Prezident hər zaman mətbuatın, mediyanın yanında olub, onun inkişafına maraq göstərib, bu istiqamətdə konkret addımlar atıb.  Bu dəfə də dövlət başçısı tərəfindən Azərbaycanda internet medianın inkişafına xidmət edəcək təqdirəlayiq addımın atılacağı şübhə doğurmur.

Yaxın tarixə nəzər yetirsək aydın şəkildə görə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hər zaman mətbuata diqqət və qayğı ilə yanaşıb. 10 il əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, onun fəaliyyəti və qəzetləri maliyyələşdirməsi üçün vəsait ayrılması, hər bir qəzetlərə birdəfəlik maliyyə yardımının verilməsi, ən əsası kütləvi informasiya vasitələrində çalışanların, jurnalistlərin dövlət hesabına pulsuz mənzillə təmin olunmaları Prezident İlham Əliyevin mediyaya göstərdiyi diqqət və qayğının batiz nümunəsidir. Və çox güman ki, yaxın günlərdə bütün bu sadaladığımız müsbət addımların sırasına internet mediasının maliyyələşdirilməsi istiqamətində verilən qərar da əlavə olunacaq.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR