Azərbaycana qarşı qurulan daha bir oyun

Yaxud ölkədə yenidən etnik separatizmi yaymaq cəhdləri

Azərbaycanda müntəzəm olaraq xaos, anarxiya yaratmaq, ölkədə sabitliyi pozmaq məqsədilə mənfi tendensiyalar müşahidə edilir.  Artıq həmin qüvvələrin kimliyi, hansı məqsədlərə qulluq etdiyi və haradan maliyyələşdiyi də bütün Azərbaycan cəmiyyətinə, eləcə də hüquq-mühafizə orqanlarına bəllidir.  Onu da qeyd etmək lazımdır ki, bu kimi məkirli planlar və cəhdlər bir neçə istiqamətdə, situasiyaya uyğun olaraq dəyişik şəkildə özünü göstərir. Belə cəhdlərdən ən təhlükəlisi Azərbaycanda etnik zəmində qarşıdurma yaratmaqdır.  Hələ yaxın tarixə nəzər yetirsək aydın şəkildə görərik ki, elə müstəqilliyin ilk illərindən ölkəmizdə etnik separatizmə cəhdlər olub. 90-cı illərdə Lənkərəndan bir qrup qeyri-qanuni silahlı birləşmənin Əlikram Hümbətovun rəhbərliyi altında mərkəzi hakimiyyətə qarşı itaətsizlik göstərməsi, cənub zonasını Talış-Muğan Respublikası kimi elan etmələri bunun ilk işartıları idi. Məlum idi ki, hələ o dövrdə Azərbaycanda etnik separatizmin baş qaldırmasında xarici amillər xüsusi rol oynayırdı. Ümumiyyətlə,  daxili amillərdən söhbət gedə bilməzdi. Elə o zaman cənub zonasında yaşayan vətəndaşlarımızın birmənalı olaraq dövlətin, dövlətçilyin yanında yer alması fonunda bunu aydın görmək mümkün idi. Düzdür, 90-cı illərdə ölkədə etnik separatizmi yaymağa, bununla da Azərbaycanı xaosa, anarxiyaya sürükləmək istəyənlər qısa zamanda məsuliyyətə cəlb edilib törətdikləri dövləti cinayətə görə öz cəzalarını alsalar da, ancaq görünən o oldu ki, həmin şəxslər və dairələr hələ də islah olunmayıblar. Əksinə illər keçdikcə Azərbaycan dövlətinə qarşı daha barışmaz olublar. Vəziyyət o həddə çatıb ki, Azərbaycanda etnik separatizmi yaymaq istəyənlər, ölkədə qarşıdurma yaratmaq arzusunda olanlar ermənilərlə də işbirliyinə girirlər. Özünü qondarma Talış Muğan Respublikasının prezidenti elan etmiş Əlikram Hümbətovun azadlığa çıxdıqdan sonra mühacirət etdiyi Hollandiyadan həftədə bir neçə dəfə İrəvana getməsi ilə bağlı yayılan bilgilər eləcə də bir neçə il əvvəl İrəvanda etnik separatizmlə bağlı keçirilən konfransda bu bədxahın da iştirak etməsi deyilənlərin əyani sübutudur.  Əlikram Hümbətovun müntəzəm olaraq erməni saytlarında, kütləvi informasiya vasitələrində görünməsi, erməni mediasının bu xalq düşməninə gen-bol istinad etməsi də Azərbaycana qarşı etnik zəmində hazırlanan qarşıdurma ssenarisinin əslində düşmən ölkədə yazıldığını deməyə əsas verir.

Ancaq burada bir başqa məqam da diqqətdən qaçmamalıdır.  Belə ki. ölkədə etnik separatizmi yaymaq istəyənlər yalnız ermənilərdən ibarət deyil. Elə cənub qonşumuzda fəaliyyət göstərən bəzi dairələr də bu məsələdə ermənilərlə bərabər işləyir, Azərbaycana qarşı birgə iş aparırlar. Separatçı Əlikram Hümbətovun İranda etnik separatizmə bağlı keçirilən tədbirlərə də dəvət alması bunu açıq şəkildə sübut edir.

Dağlıq Qarabağ kartı hakimiyyət iddiasında olan, Azərbaycanı hədəf seçən bütün qrupların xarici və daxili qüvvələrin əlində bir vasitəyə çevrildiyi kimi, ölkəmizdə etnik separatizmi yaymaq arzusunda olanlar da özlərinə reytinq qazanmaq, sadə vətəndaşları öz elektoratına çəkmək üçün Qarabağ məsələsindən siyasi məqsədlər üçün istifadə edirlər. Necə ki, Azərbaycanın radikal siyasi düşərgəsi tez-tez Qarabağ kartından, Şəhidlərdən yararlanmağa çalışır, hətta siyasi məqsədlər üçün bu vasitələrdən istifadə edirlər, eləcə də Azərbaycanda etnik separatizmi yaymaq istəyənlər anoloji addımlara əl atırlar. Elə qondarma Talış Muğan Respublikasının tərkibində Qarabağ Uğrunda İctimai Müqavimət Hərəkatı adlı qurumun yaradılması da bunun əyani sübutudur. Burada diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, adını Qarabağ Uğrunda İctimai Müqavimət Hərəkatı qoyan bir qurum deyəsən Dağlıq Qarabağın azadlığından daha çox onun işğal altında saxlanılmasında maraqlı görünür. Əks təqdirdə qondarma hərəkat Azərbaycan ərazilərini işğal etmiş və bu gün də ərazilərimizdə qeyri-qanuni olaraq fəaliyyət göstərən separatçı Dağlıq Qarabağ "Respublikası" ilə əməkdaşlıq etməzdi. Nəzərə alsaq ki, Qarabağ Uğrunda İctimai Müqavimət Hərəkatı daha çox İran İslam Respublikasına meyilli görünür və İranın bəzi dairələrinin maraqlarına xidmət edir,  o zaman ölkəmizdə etnik sepratizmi yaymağa edilən cəhdlər sırasında bu faktorun da mövcud olduğunu deyə bilərik. Sözügedən Azərbaycanda şəritə dövləti yaratmaq istəyən və dövlətçilik əleyhinə çıxaraq məsuliyyətə cəlb olunan Taleh Bağırov və digər bu kimi antimilli ünsürləri müdafiə etməsi də bütün bu deyilənləri təsdiq edir.

Göründüyü kimi Azərbaycanda siyasi, dini, sosial zəmində qarşıdurma yaratmağa çalışan və heç bir cəhdləri də baş tutmayan xaricdəki antiAzərbaycan dairələr və onların daxildəki əlaltıları indi də etnik separatizm amilindən istifadə etməklə Azərbaycana zərbə vurmağa çalışırlar. Ancaq qətiyyətlə deyə bilərik ki, indiyə qədər edilən bütün cəhdlər kimi Azərbaycanda etnik separatizmə  cəhdlər də heç bir nəticə verməyəc ək və sabun köpüyü effekti olacaq. Çünki hər zaman olduğu kimi bu dəfə də Azərbaycan vətəndaşları dövlətin və dövlətçiliyin yanında yer alacaqlar.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR