Dövlət hüquqlarımızın müdafiəsinin təminatçısıdır

Bəs dövlət qarşısında borcumuz nədən ibarətdir?

Vətəni sevmək, vətənə sədaqət hər birimizin borcudur. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətəni sevmək, onun qarşısında borcunu, vəzifəsini dərk etmək üçün əvvəlcə onun keçmişini, bu gününü dərindən bilmək ehtiyacı yaranır. Bunu dərk edən hər bir kəsə aydındır ki, ölkədə sabitliyin qorunub saxlanmasında vətəndaşların da xidməti olmalıdır. Çünki hadisələrə reaksiyamız konstitusion vəzifələrimizlə uzlaşdığından kənarda dayanıb qarşıdurmanı seyr etmək ən azı vicdanımıza xələl gətirə bilər. Həmçinin nəzərə almaq lazımdır ki, cəmiyyət insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur. Davranış qaydalarının bir qismi dövlət tərəfindən müəyyən olunur və qanunlarda öz əksini tapır. Onların pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Davranış qaydalarının bir qismi isə əxlaq normalarına əsaslanır. İnsanın davranış normaları cəmiyyətin və başqa insanların maraqlarına uyğun olmalıdır. Bəs, vətəndaşın dövlət qarşısında borcu nədən ibarədtdir?  Xatırladaq ki, Konstitusiyamızın 74-cü maddəsi də Vətənə sədaqət adlanır. Bildirilir ki, Vətənə sədaqət müqəddəsdir. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz. Konstitusiyanın 75-ci maddəsində göstərilir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 76-cı maddədə isə bildirilir ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Tarixi və mədəniyyət abidələrimizi qorumaq da vətəndaş kimi üzərimizə düşən vəzifələrdən biridir. Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Bundan başqa, ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Əxlaq normalarına aid olan davranış qaydaları isə illər boyu cəmiyyət inkişaf etdikcə yaşayış mühitindən və həmçinin dindən asılı olaraq formalaşıb. İnsan daim öz fikirlərinə nəzarət etməli, cəmiyyətə, ətraf mühit üçün faydalı olmalıdır. Bu faydalılığın nəticəsində normal cəmiyyət yaranır ki, bu da insanın ətrafındakılara qarşı olan vəzifələrinin əhəmiyyətini artırır. Həmçinin insan öz sağlamlığına daim fikir verməli, digər insanlara kömək etməlidir. Hüquqi dövlətin sosial əsasını özünütənzimləyən vətəndaş cəmiyyəti təşkil edir. Hüquqi dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir ki, bu tip dövlətin mərkəzində də insan və onun maraqları durur. Sosial təsisatlar vasitəsilə vətəndaşların yaradıcılıq imkanları üçün şərait yaranır, plüralizmi, şəxsi hüquq və azadlıqları təmin edilir. Stabillik hüquqi dövlətin sosial əsasını daha da möhkəmləndirir. Bərabərlik, azadlıq, ədalət və humanizm kimi ümumbəşəri dəyərlər hüquqi dövlətin mənəvi əsasını təşkil edir. Bu dəyərlər dövlət idarəçiliyinin demokratik metodlarında, ədalət və ədalət məhkəməsində, dövlət və şəxsiyyətin qarşılıqlı münasibətlərində prioritet azadlıq və hüquqlarda azlıqların hüquqlarının qorunmasında, müxtəlif dini dünyagörüşlərinə tolerant, dözümlü münasibətlərdə öz ifadəsini tapır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu əsas məqsəd kimi göstərilir. Vətəndaşların və dövlətin suverenliyində özünü büruzə verən hüquqi dövlət vətəndaşların bərabərliyini, ailənin, mülkiyyətin, şəxsi həyatın təhlükəsizliyini reallaşdırır, dövlətin daxili və xarici suverenliyini gerçəkləşdirir. Bütün ölkə üçün ümummilli qərar qəbul edilir, ictimai nəzarət tətbiq edilir, müstəqil xarici siyasət yürüdülür. Hüquqi dövlətdə hakimiyyət xalqa məxsusdur və onun mənafeyinə xidmət edir. O, elə bir suveren dövlətdir ki, özündə xalqın, millətin, ölkədəki digər xalqların və milli azlıqların da suverenliyini özündə əks etdirir. Hakimiyyətin aliliyini, ümumiliyini, tamlığını, müstəsnalığını həyata keçirən belə dövlət tipi bütün vətəndaşlar üçün ədaləti, haqqı, azad ictimai münasibətləri təmin edir. Hüquqi dövlətdə özbaşınalığa və qanunsuzluğa yer olmur. Dövlətin və xalqın suverenliyinə qəsd edildikdə, hüquqi qanun çərçivəsində güc tətbiq edilir. İnkişaf etmiş demokratik dövlət şəraitində hakimiyyəti həyata keçirən xalqın mandatı, qanunverici və nəzarət funksiyasını yerinə yetirən nümayəndəli orqanlar, yerli bələdiyyələr, özünüidarə orqanları, güclü və müstəqil məhkəmələr mövcud olur, azadlıq və rifah təmin olunur, heç bir dövlət orqanı, heç bir vəzifəli şəxs, ictimai təşkilat, heç bir insan qanunu poza bilmir. Hüquqi və demokratik dövlətdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini tənzimləyir. Hazırda dəbdə olan insan hüquqları anlayışı çox genişdir. Əsas insan hüquq və azadlıqları dedikdə, insana xas olan fundamental hüquq və azadlıqlar nəzərdə tutulur. Həmçinin insanın yaşaması və ömür sürdüyü müddətdə istifadə edəcəyi imtiyazlar mövcuddur. Bu baxımdan söyləmək olar ki, bir insanın hüquqlarını tələb etmsi digərinin hüquqlarının pozuntusu ilə nəticələnməməlidir. Bunun üçün dövlət orqanları var ki, pozulmuş hüquqların bərpasını təmin edir. Bu isə o anlama gəlməlidir ki, hər bir vətəndaş öz hüquqlarınıntəmin olunmasının etməklə yanaşı, öz vəzifələrini də yaxşı bilməli, onları yerinə yetirməlidir. Ümumiyyətlə, hər bir şəxsin bir amalı, bir məramı olmalıdır. Vətən sevgisi, Vətən qarşısında öz borcunu dərk etmək!

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR